Bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni saytının 2009-cu ilin sonunda açılacağı barədə məlumat yaymışdı.
Ancaq deyəsən bu xəbər özünü doğrultmayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli Modern.az-a bildirib ki, saytın işi ilə bağlı ləngimələr olduğu üçün yeni internet resursu gələn il fəaliyyətə başlayacaq: “Hazırda saytın yaradılması üzərində işlər davam etdirilir. Bu sayt Dünya Bankının layihəsi hesabına yaradılır. Bu ayın sonunda ekspertlər nazirliyə toplaşacaq. Ekspertlərin rəyi nəzərə alındıqdan sonra nazirliyin bütün strukturları şəbəkəyə qoşulacaq. Sayt avtomatlaşdırılmış qaydada, portal kimi gələn il fəaliyyətə başalayacaq”.
Mətbuat xidmətinin rəhbəri saytın köhnə adının (mlspp.gov.az) saxlanılacağını vurğulayıb.
Xatırladaq ki, 2005-ci ildə qəbul edilən “İnformasiya əldə etmək haqqında” Qanuna görə, bütün dövlət qurumlarının saytı fəaliyyət göstərməlidir.