Səxavət Əlisoy
I yazı
İllərdir başımda dolaşan bir fikir məni narahat etməkdədir. Biz müsəlmanlar nədən gücsüzük? Suala dünyanı dərk edəndən cavab axtarıram. Özünün ən son peyğəmbərini Allah təala biz müsəlmanlara göndərdi, ən mükəmməl kitabını - Qurani Kərimi biz müsəlmanlara rəva bildi, yeraltı və yerüstü sərvətlərini bizdən əsirgəmədi qüdrətli, elmli olmaq əvəzinə, gücsüz olduq, savadsız qaldıq. Niyə?
SAYIMIZ
Bu gün dünya müsəlmanlarının sayı 1,5 milyarda çatıb. Son 40 il ərzində sayımız iki dəfə artıb. Əgər 1970-ci ildə yer üzündə 750 milyon müsəlman yaşayırdısa, 2009-cu ildə bu rəqəm milyard yarımdır. Roma katolik (Vatikan) kilsəsinin hesablamalarına əsasən 2006-cı ildə dünya müsəlmanları sayına görə katoliklərdən önə keçib. Müsəlmanların sürətlə artımı indi bütün xristian dünyasını düşünməyə vadar edir. Müsəlmanların xüsusən Avropada sürətlə yayılması isə onların daha ciddi narahatlığına səbəb olur. Belə olmasaydı, Roma katolik kilsəsinin illik hesabatında 300 milyon müsəlmanın İslamım əsas din sayılmadığı ölkələrdə məskunlaşması həyəcan siqnalı kimi vurğulanmazdı. Aparılan araşdırmalardan sonra müəyyənləşib ki, bəzi xristian ölkələrində müsəlmanların sayı müsəlman ölkələrindəkindən daha çoxdur. Məsələn, Almaniya Federativ Respublikasında müsəlmanların sayı Livandan çoxdur. Çində Suriyadan daha çox müsəlman yaşayır. Rusiyada olan müsəlmanların sayı İordaniya və Liviyadakı müsəlmanların birlikdə sayından artıqdır. Efiopiyada Əfqanıstanda olan qədər müsəlman var.
Bu gün Avropa 38 milyon müsəlmanın vətənidir. Statistik rəqəmlərə görə il ərzində Almaniya Federativ Respublikasında 100 min, Fransada 50 min, İtaliyada 20-25 min xristian müsəlmanlığı qəbul edir.
Fransada nəşr olunan “Marian” jurnalının 100-cü nömrəsi İslam dininin xristian ölkələrində dirçəlişindən əndişələnərək, belə yazır: ”Bir gün xristanlığın alınmaz qalası Fil Dişi Respublikasının prezidenti yuxudan oyananda xəcalət hissi ilə eşidəcək ki, İslam onun ölkəsində əsas dindir”.
Təəssüf ki, bu kəmiyyət göstəricisi ilə qürurlanmağa keyfiyyət göstəricilərimiz imkan vermir. Faktlara müraciət edək. Elmdən başlayaq.
ELMİMİZ
Elmə İslam dininin verdiyi böyük önəm danılmazdır. İslam dininin ilk əmri “Oxu ” kəlməsi olmuşdur. Bu kəlmə İslamın oxumağa və öyrənməyə nə qədər əhəmiyyət verdiyini ortaya qoyan ayələrdən sadəcə biri və ilkidir.
“Elm Çində də olsa, onun arxasınca gedin”, “beşikdən qəbirə qədər elm öyrənin”, “elm müsəlmanın itmiş xəzinəsidir. Harada tapsa, onu götürər” və sair hədislər Məhəmməd peyğəmbərin (s.ə.s.) elmə necə dəyər verdiyinin birbaşa təsdiqidir.
İslam dünyaya yayılmağa başlayandan sonra, xüsusən VIII-XIV əsrlərdə müsəlman dünyasında böyük alimlər yetişmiş və onlar dünya elminə çox böyük töhfələr vermişlər. Ərəbistanda və İslamı qəbul etmiş ölkələrdə elmin inkişafı xristian ölkələrindən qat-qat yüksəkdə dayanırdı. Ərəb xilafəti dövründə Hippokrat, Evklid, Qalen, Arximed, Pifaqor, Platon, Aristotel və başqa alimlərin əsərləri ərəb dilinə tərcümə edildi və Bizans, Sasani və yunan mədəniyyətlərinin elmi irsinə xüsusi diqqət verildi. Xilafətin paytaxtı olan Bağdad böyük bir elmi mərkəzə çevrilərək Avropanın, Çinin elmi mərkəzlərini kölgədə qoydu. Elm öyrənmək üçün dünya İslamın beşiklərindən olan Bağdada üz tutdu. Təxminən min ilə yaxın bir müddətdə elmdə liderlik müsəlmanlara məxsus oldu. O dövrlərdə müsəlman alimləri elmin bütün sahələrində dünyanın qibtə edəcəyi nailiyyətlərə imza atırdı. Bu nailiyyətlərin, elmi kəşflərin bəzilərini xatırlatmağa dəyər.
Müsəlman dünyasının ilk böyük alimlərindən biri məşhur “Əl -Cəbr vəl-müqabələ” kitabının müəllifi Məhəmməd Xarəzmidir (750-850). Riyaziyyatçı və astronom olan Məhəmməd Xarəzmi sadə dillə desək, Avropalılara hesabı öyrətmişdir. Bu gün xristianların istifadə etdikləri “alqebra” M.Xarəzminin məşhur kitabının adındakı “Əl-Cəbr” sözündən keçmədir.
Məhəmməd Xarəzmi riyaziyyata sıfır işarəsini gətirdi, digər müsəlman alimi Bəttani (852-929) triqonemetriya elminin əsasını qoydu, triqonemetriyaya tangens, kotangens, kosinus anlayışını məşhur müsəlman alimi Əbül-Vəfa (940-998) ərmağan etdi. Trqonemetriyaya dair ilk ciddi əsərin müəllifi isə Nəsrəddin Tusi (1201-1274) oldu.
Differensial hesab Sabit bin Qurra tərəfindən kəşf edildi, həndəsi cəbrdən ilk dəfə yararlanan da Sabit bin Qurra idi. Qiyasəddin Cəmşid onluq kəsr sistemini kəşf etdi və bu sahədə elmi kitab yazdı. Müsəlman riyaziyyatçılarının elmi töhfələrini dünya riyaziyyatçıları birmənalı qəbul edir. Avropanın elm adamlarının onların zəhmətinə verdiyi dəyəri məşhur fransız alimi, Paris İslam Universitetinin professoru Jak Risler çox gözəl ifadə edib: “İntibahımızın riyaziyyat müəllimləri müsəlman alimləri olub”.
Həkimlərin sultanı olan İbn Sinanın (980-1037) “Əl-Qanun” kitabı 600 il Avropanın universitetlərində əsas tibb vəsait kimi istifadə edildi və Avropalı alimlər tərəfində “Tibbin incili” adına layiq görüldü. Hələ İbn Sinadan əvvəl müsəlman alimi Razi (864-925) çiçək və qızdırma xəstəliyini kəşf etmiş və onlar haqqında kitab yazmışdı. Mikrobların mövcudluğunu ilk dəfə müsəlman alimi, Fatih Sultan Mehmetin müəllimi Ağşəmsəddin dünyaya yaydı, Kambur Vesim vərəm mikrobunu tapdı. Cərrah Əli ibn Abbas X əsrdə xərçəng əməliyyatı gerçəkləşdirdi, yazdığı “Litabül-Məliki” tibb ensiklopediyası bu gün də aktuallığını qoruyub saxlayır. Kiçik qan dövranını Avropallardan 300 il əvvəl müsəlman alimi İbnun- Nəfis (1210-1288) açıqladı. XI əsrdə yaşamış Əli bin İsanın “Təzkirə” kitabı yüzillərlə oftolmologiya elmində istifadə edildi.
VIII-XİV əsrlərdə müsəlmanların astronomiyaya olan marağı çox güclü idi. İslamın hakim olduğu bütün ölkələrdə rəsədxanalar qurulurdu. Yer kürəsinin yuvarlaq formada olub fırlanmasını Avropalılardan öncə müsəlmanlara bəlli idi. Məşhur müsəlman alimi Biruni XI əsrdə Yer kürəsinin həm öz oxu, həm də Günəş ətrafında fırlandığını sübut etdi, Biruni ilk dəfə Yer kürəsi səthinin sahəsini hesabladı və bu məqsədlə onun tətbiq etdiyi üsul bu gün də elmdə “Biruni qaydası” adlanır. Cabir bin Əflah, “əsrinin Ptolemeyi” adlandırılan Əli Quşçu, Bitruci, Musa qardaşları, Fərqani, Uluqbəy və digər müsəlman alimləri astronomiya elminin inkişafında əlahiddə xidmətlərə malikdir.
Müsəlman alimlərinin astronomiya elminə verdiyi töhfələr ölçüyə gəlmir. Paris İslam Universitetinin professoru Jak Risler yazırdı: “Müsəlman astronomları riyaziyyatçı alimlər qədər intibahımıza təsir etmişlər”.
VIII-XIV əsrlərdə yaşamış müsəlman fiziklərin də eynən riyaziyyatçılar, astronomlar və təbiblər kimi dünya elminin zənginləşməsində danılmaz zəhməti var.
Kibernetikanın əsasını məşhur müsəlman alimi Əbül-Bizz İsmayıl Əl Cəzari XII əsrdə qoydu, İbn Heysəm fizikada optika bölümünün yaradıcısı idi. Onun “Görüntülər kitabı” 600 il fizika elminin şah əsəri oldu. Səsin fiziki izahını vermək böyük alim Fərabiyə nəsib oldu.
Kimyagər Cabir bin Həyyana (721-805) elm aləmində “kimyanın atası” deyilir. VIII əsrin ikinci yarasında onun kimya elmindəki nailiyyətləri dünyanı mat qoyurdu. Cabir bin Həyyan özündən min il sonra fəaliyyət göstərmiş kimyagərlərdən yüksəkdə dayanır. Təsadüfi deyil ki, italiyan alimi Ceralamo Kardano (1501-1576) özündən təxminən 700 il əvvəl yaşamış və laboratoriyasında saysız-hesabsız kəşflərə nail olmuş Cabir ibn Həyyamı “dünyanın 12 böyük kişisindən biri” adlandırmışdı.
Avropada Razes adı ilə tanınan, məşhur müsəlman kimyagəri Əbübəkr ər-Razi (865-926) ilk dəfə olaraq X əsrdə təcrübə yolu ilə kükürd turşusunu və fosforu kəşf etdi. Ümumiyyətlə VIII-VIV əsrlərdə elmin digər sahələrində olduğu kimi kimyagərlikdə də liderlik müsəlman alimlərində idi. Məhz buna görə də xristian alimi Viardo müsəlman həmkarlarına yüksək dəyər verərək yazırdı: “İslam alimlərinin kimya sahəsindəki nailiyyətləri heç də riyaziyyatdan geri qalmır”.
VIII-XIV əsrlərdə müsəlman alimləri təkcə riyaziyyatda, kimyada, fizikada, astronomiyada, tibbdə deyil, elmin digər sahələrində də xarüqələr yaradırdı. Coğrafiyanın dəqiq elmlər sırasında dayanmağında müsəlman alimlərinin əvəzsiz rolu olub. Məşhur səyyah Xristofer Kolub yazırdı ki, Amerikanın varlığını müsəlman alimlərdən öyrənib. X.Kolumb müsəlman alimi İbn Ruşdun kitablarından çox şey öyrəndiyini etiraf edirdi. Böyük səyyah Vasko De Qamanın 1497-1499 illərdə Hind okeanı sahillərinə istiqamət götürən ekspedisiyasının önündə gedən gəminin kapitanı müsəlman İbn Məcid idi.
Əl İdrisi 800 il əvvəl dünyanın xəritəsini tərtib etmişdi. Tarixçi-filosof İbn Haldun “Sosiologiya” elminin banisi idi. “Müqəddimə” kitabı ilə tanış olan Avropalılar İbn Haldunu “Ərəblərin Monteskyesi” adlandırdılar. Avropalılar bu gün arxitekturadan, memarlıqdan söhbət açanda Xoca Sinanın (1489-1588) adını hörmət və ehtiramla yad edirlər.
Bütün bu sadalananlar müsəlman alimlərinin dünya elminə bəxş etdiklərinin bir hissəsidir. Elmin ayrı ayrı sahələrinin, xüsusən fundamental elmlərin zirvəyə qalxmasında müsəlman ailmlərinin müstəsna zəhməti olub. Avropa savadsızlıqdan boğulanda müsəlman alimləri bir-birinin ardınca elmi kəşflər, icadlar ortaya qoyurdu. Məhz müsəlman alimlərinin elmi nailiyyətləri ilə tanış olduqdan sonra Avropa tərəqqi yoluna qədəm qoydu. Bir faktla dediklərimizi təsdiq etmək oar. Elmin inkişafı üçün kağızın əhəmiyyəti çox böyükdür. İlk kağız fabriki 794-cü ildə, xəlifə Harun Ər Rəşidin vəzirinin oğlu, böyük alim İbn Fazil tərəfindən yaradıldı. Altı il sonra belə bir fabrik Misirdə inşa edildi. Xristianlar İlk kağız fabrikini Andaluziyada (İspaniya) 950, Siciliyada (İtaliya) 1102, Almaniyada 1228, İngiltərədə 1309-cu ildə qurmağa nail oldular. Təkcə bu fakt elmin liderliyinin kimə məxsus olduğuna silinməz möhür vurur.
Müsəlman alimlərinin elmi kəşfləri və ixtiraları sırasında nələrə rast gəlmək olar? Barıt və mərmini artilleriyada ilk dəfə müsəlmanlar istifadə etdi, təmiz spirti müsəlman alimi Əbubəkr Razi aşkara çıxardı, minomyotun və topun icadının müəllifi VII Osmanlı sultanı Fatih oldu.
Yüzlərlə, minlərlə müsəlman alimi elmin ayrı-ayrı sahələrinin tərəqqisi üçün yaşayıb-yaratdı. Bəzi elm sahələrinin təməlini isə birbaşa müsəlman alimləri qoydu. Heç bir şişirtməyə yol vermədən demək oar ki, müsəlman alimləri Avropaya elm öyrətdi. Bu gün bəzi xristian alimləri bu həqiqəti qəbul etməsələr də ortada əlahəzrət faktlar dayandığına görə iddialarında sonadək davam gətirə bilmirlər.
Zaman-zaman xristian alimləri müsəlman həmkarlarının elmi nailiyyətlərinə sahib çıxmaq fikrinə düşüblər. Və etiraf etmək gərəkdir ki, müəyyən məqamlarda bu niyyətlərinə nail olmağı bacarıblar. Xristian alimlərinin plagiatlığa qurşandığını isbatlayan bir misal göstərmək yerinə düşər. XI əsrdə yaşamış xristian alimi Afrikalı Konstantin (Constantinus Africanus) İslam ölkələrinə gəlib müsəlman alimlərinin tibbə dair yazdıqları əsərləri oxuyub-öyrənir, tibbi terminləri ərəb dilindən latına çevirir. İtaliyaya dönüb Salorna şəhərindəki qədim tibb məktəbində tərcümə etdiklərinin müəllifi kimi özünü göstərir. Və 40 ilə yaxın Afrikalı Konstantinin plagiatlıq nəticəsində təqdim etdiyi kitab Avropada əldən-ələ gəzdi. Yalnız 40 ildən sonra digər bir Avropalı alim - Stefan onu ifşa edərək, bu kitabın müəllifinin böyük müsəlman alimi Əli Bin Abbas ( “Kitabül Maliki” əsəri) olduğunu bəyan etdi. Xristian Avropasının müsəlman alimlərinin əsərlərinə sahib çıxmağı barədə çox misal göstərmək mümkündür. Onlar insan orqanizmində qan dövranından danışarkən Harveyi, atomdan söhbət açarkən Eynşteyni, planetlərin hərəkətini ortaya qoyarkən Kepleri xatırlayırlar. Əsl həqiqətdə isə bütün bunlar əsrlərlə əvvəl müsəlman alimləri tərəfindən kəşf edilib.
XI əsrdən sonra müsəlman alimlərinin əsərləri xristian dünyasında kütləvi plagiatlığa məruz qalırdı. Bu proses o qədər geniş vüsət alır ki, elmi oğurluğun-plagiatlığın qarşısını almaq üçün XIII əsrdə İspaniyada xüsusi qanun qəbul edilir.
Nə qədər haqsızlığa məruz qalsa da müsəlman alimlərinin adı dünya elminin tarixinə qızıl hərflərlə yazılıb. Min təəssüflər ki, müsəlman dünyasında elm XIV əsrdən sonra inkişaf səviyyəsini saxlaya bilmədi. Və bu gerilikdən yararlanan xristian alimləri elmdə liderliyi ələ keçirməyə müvəffəq oldular. Elmdə olan geriliyimizin səbəbləri sırasında təbii ki, birinci yerdə savadsızlıq dayanır...
Davamı olacaq
P.S. Dəyərli oxuculardan rica edirəm ki, yazı ilə bağlı irad və təkliflərini [email protected] ünvanıma yollasınlar. Əvvəlcədən təşəkkür edirəm.