Azərbaycanlıların öz tarixi etnik torpaqlarından-Qərbi Azərbaycandan deportasiya olunmaları, etnik təmizləmə və soyqırıma məruz qalmalarından 21 il keçir. 1988-ci il dekabrın sonlarında 300 minə yaxın soydaşımız indiki Ermənistan Respublikasının ərazisi hesab olunan dədə-baba yurdlarından didərgin salındılar. Dərələyəzdən, Göyçədən, Zəngəzurdan, Vedidən başlanan köçdən ötən 21 il ərzində dünyasını dəyişən hər bir soydaşımız içində özü boyda bir həsrət yükü aparıb... Modern.az-a bu yaxınlarda Dərələyəz mahalında çəkilmiş şəkillər təqdim olunub. Biz də onları oxuculara təqdim edirik.
Bu gün əli Vətənə sarı uzanan nə qədər yurddaşımız var. Bu gün içində, qəlbində bir elin, bir Vətənin, bir torpağın ağrısını, acısını yaşadan nə qədər insan tanıyıram. Vətənində vətənsiz olmağın nə olduğunu onu yaşayanlar bilir. Bu dərd, bu ağrı mənə çox yaxındı... Çünki məndən, içimdən, ruhumdan keçir... Qoynunda doğulduğum torpağın nəm qoxusunu duymaq, o torpağı bütün varlığınla bəzən lap yaxınında hiss etmək, amma sonunda bunların yalnız bir duyğu olduğunu anlamaqdan çətin heç nə ola bilməz bu dünyada... Bax, o zaman bir güzgüdən ayrılan qırıqlar qədər çilik-çilik, pərən-pərən olursan...
Dərələyəzdən, Göyçədən, Zəngəzurdan, Vedidən başlanan köçün 21 ili tamam olur. Bəlkə köç deməyək, sürgün deyək... Elindən elinə, Vətəndən Vətəninə sürgün... Bu iyirmi ildə dünyasını dəyişən hər bir yurddaşımız içində özü boyda bir həsrət yükü aparıb... Bir torpaq, bir vətən, bir yurd həsrətini, nisgilini... O yerlərin bir ovuc torpağına elə ehtiyac hiss eləyir ki, insan... Gəldiyin yerlərlə üzü geriyə bəzən qaçmaq istəyirsən. Amma oralara gedən yollar sanki yumulub... O yumulan yollarsa düyünlənib içindən, qəlbindən keçir...
Bu günlərdə Dərələyəz mahalının Əzizbəyov rayonunun Gomur kəndindən olan hal-hazırda Bakı şəhərində və Sabunçu rayonu Pirşağı qəsəbəsi Yeni –Yaşayış massivində məskunlaşan gomurlular bir yerə toplaşaraq, yaşlı və orta nəslin nümayəndələrinin şirin söhbətlərində o yerləri bir də xatırladılar. Söhbət zamanı xoş xatirələrlə adı çəkilən yurd yerlərimizin hər daşı, hər qayası belə sanki dərd, nisgil olub yenidən sancıldı ürəklərə, qəlblərə... Hər birimiz Gomur kəndində çəkilən şəkillərə baxdıqca, kimisi kövrəlir ,kimisi uşaqlıq xatirələrindən danışır, kimisi isə yanağında axan göz yaşlarını əlləri ilə silirdi. Yaşlı nəslin nümayəndələri olan 82-yaşlı Fərman Babayev, orta nəslin nümayəndələri olan Telman Məmmədov, Qaytaran Əlverdiyev, Şiraslan Həsənov, Kirman Həsənov, Allahverdi Taroyev, Səfər Səmədov, Qəzənfər Fərmailov, Hidayət Səmədov, 1970-ci ildən 1988-ci ilə qədər Gomur kəndinin tibb məntəqəsinin müdiri işləmiş Allahverdi Xudayev və diğər 100-ə yaxın gomurlular həmsöhbət olaraq xəyyallarda bir daha o, yerlərə səyahhət etdilər. Hazırda bu insanları narahat edən əsas məsələ Azərbaycanın 20 – dən artıq müxtəlif rayon və kəndlərində məskunlaşan gomurluların xeyir və şər məclislərində iştirak edə bilməmələri və 20 il müddətində bir–birləri ilə görüşə bilməmələridi. Xatırladım ki, Gomurlular Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndində, Babək rayonunun Əliabad kəndində, Şahbuz rayonunun Gömür kəndində, Ordubad rayonunun Parağa, Nəsirbaz kəndlərində, İsmayıllı rayonunun Uştal kəndində, Yevlax rayonunda, Bakı şəhərində və şəhərin Sabunçu rayonunun ərazisində olan Yeni Yaşayış massivində daha çoxluq təşkil edir. Vətənimiz Azərbaycanın ərazisi olsa da miqyasca bir – birindən fərqli olan bu məkanlarda doğma dədə-baba torpağından qovulan qaçqın taleyi yaşayan gomurluların neçə-neçə oğul və qızlarının, ata və anaların ruhları uyuyur. Bu günsə o ruhlar narahat dolanır başımız üzərində. Zaman öz sözünü deyəcək . Haqq üzülsə də sınmır, o yerlər bir daha sahibinin olacaq mənim, sənin və başımız üzərində narahat dolaşan ruhların...
Bu gün bizlərin üzərinə düşən əsas məsuliyyət bu insanları bir ocaq istisinə toplamaq və hərarətində qızınmaqdır.Yaşlı və orta nəslin, ana və bacılarımızın istəyini nəzərə alıb adıyla həmişə fəxr duyduğumuz, bir əsrdə 4-dəfə deportasiya, 1dəfə represiya taleyi yaşayan, lakin düşmən qarşısında əyilməyən, sınmayan, layiqli müqavimət göstərən hər bir gomurlunun qürur duyduğu Gomur kəndinin adıyla bağlı olan Gomur cəmiyyətinin yaranmasına nail olduq. Bu cəmiyyət, bütün gomurluların evinin övladına,hər bir üzləşdiyi çətinliyin dayağına çevriləcək.
Söhbət zamanə tez- tez dilə gətirirdilər o, yerləri Meşə bulağı, Çuxur yurd, Orta göl,Aşağı göl,Güney,Top daş,Biçənək suyu, Qoralıq, Kəllə qaya, Kiçik Kirişdi, Böyük Kirişdi, Pəri bulağı, Novlu bulağı, Mələy nənə, Alo dərəsi, Novruz qayası, Qoro bulağı, Çay ocağı, Ağ daş, Talalar, Xam yer, Nəcəf daş qıran,Yarğanlar,Cin- Cin bulağı və digər yüzlərlə belə yurd yerlərinin adlarını sadalamaq olar. Həmişəlik unuda biləcəklərindən qorxurdular gomurlular bu yerləri. Artıq neçə illərdi o yerləri göz yaddaşlarına köçürüb onlar... Bəzən yuxularında, bəzənsə xəyallarında bəlkə yüz dəfə gedib, qayıdıb hər biri...Bəzən isə Dərələyəzlə bağlı qoşulan şerlər təsəlli olub bizlərə. Elə Şamil Teymuroğlunun və Nəsrəddin Ağaverdioğlunun yazdığı şerlər ki
Yadıma düşdü
Novruz gülü çıxdı altından qarın,
Qaranquş müjdəsi verdi baharın,
Dağların başında ağ buludların ,
Kəlağay çəkməsi yadıma düşdü.
Sıldırım cığırla dırmandım dağa,
Baxdım lalələrə, güllü yaylağa,
Gördüm ki, söykənib çoban çonbağa,
Həzin tütək səsi yadıma düşdü.
Önündə dayandım yaşıl meşənin,
Hüsnündən zövq aldım hər bir guşənin,
Alo dərəsində tər bənövşənin,
Xoş ətir saçması yadıma düşdü.
Əsdi yavaş- yavaş Dərələyəz mehi,
Titrəşdi, göy otlar töküldü şehi,
Şamil Teymur oğlu göylər qövsi quzehi,
Belindən asması yadıma düşdü.
(Şamil Teymuroğlu)
Dərələyəzdə
Dərələyəz-vətənimdi, elimdi,
Ürəyimdən ayrılmayan telimdi,
Vətənsizəm, qürbət ellər yerimdi,
Cəkdiyim dərdini el Dərələyəzdə.
Noyu bulağında içəndə suyu
Həzin-həzin gələ qartalın qıyı,
Kəkotunun ətri, qoxusu, iyi,
Sala könüllərə iz, Dərələyəzdə.
Yaşardıq o yerdə əvvəl firavan,
O yerin səfasın indi düşün, an.
Güllü çəmənləri seyr elə, dolan,
Səfalı yerlərdi gəz, Dərələyəzdə
Buz bulağın suyu, beçənin balı,
Təbiəti açır ruhu, əhvalı.
Əgər dost axtarsan əhdə vəfalı,
Axtar Dərələyəzdə, gəz Dərələyəzdə!
(Nəsrəddin Ağaverdioğlu
Gerçəkdə həsrət qaldıqları kəndə qovuşmuşdular həmkəndlilərim, o, gün, köhnə çəkilmiş şəkillərin, şirin söhbətlərin və deyilən şerlərin köməyilə... Hər kəsin içindən yenidən bir ümid, bir inam cücərib, baş qaldırmışdı sanki... Yenidən qovuşmaq, yenidən o yerlərə dönmək ümidi... Amma ümid ən sonda ölür, deyirlər. Tanrı ümidlərimizi göyərtsin yenidən... Göyərtsin ki, Qarabağımızla bahəm o yerlərə, əzəli, əbədi torpaqlarımıza, yurd yerlərimizə də dönək... Xalqımız əmindir ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı siyasət nəticəsində o yerlər bir daha bizlərin olacaq və bu cəmiyyət adıyla bağlı olan Gomur kəndində fəaliyyət göstərəcək.
Ata yurdu müqəddəs əmanətdi, deyiblər... Və bizimçün müqəddəs olan bu əmanəti göz bəbəyi kimi qorumalıyıq hər birimiz. Ata ocağımızın işığını qaralmağa qoymamalıyıq. Buna ən azı övladlıq borcumuz imkan vermir...
Gomur kəndində çəkilmiş foto şəkilləri təqdim edirik
|
|
| Kəndin orta məhəlləsi |
|
|
| Kəndin "tap" deyilən məhəlləsində yerləşən evlər |
|
|
| Uzaqdan görüntü |
|
|
| Bu da bir məhəllədi |
|
|
| Qonşu Gabud dağları |
|
|
| Atlar da erməni əsirliyindədi |
|
|
| Başı qarlı dağlar |
|
|
| Kəndin mərkəzi hissəsi |
|
|
| Kənd Sovetinin yerləşdiyi bina |
|
|
| Kəndin orta məhəlləsi |
|
|
| Yol kənarı |
|
|
| Meyvə bağı |
|
|
| Kənd yolu |
|
|
| Yağmalanmış evlər |
|
|
| Futbol meydançası, yarğanlar, Şırlan suyu, qonşu Gabut kəndi |
|
|
| Gomur kəndinin Qonşu Paşalı kəndi tərəfindən görüntüsü. |
|
|
| Aşağı məhhəlləyə gedən yol və Kirişli dağı |
|
|
| Mağaza |
|
|
| Kəndin hamamı |
|
|
| Kəndin görünüşü və güney hissəsində yerləşən Kəllə qaya |
|
|
| Kəndin görünüşü və Noyu dağı |
|
|
| Ferma |
|
|
| Kəndin girişi |
|
|
| Kəndin güney tərəfinin görünüşü |