Azərbaycan xalqının böyük Qarabağ dərdi hazırda hamımız üçün ən aktual mövzudur. Müharibə apardığımızdan, hərbi vətənpərvərlik təbliğatının bir an da dayandırılmaması çox vacibdir. Böyüməkdə olan nəslə vətən sevgisi, düşmənə nifrət hissləri sözsüz ki, ilk növbədə ailədə aşılanmalıdır. Bununla yanaşı, təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, dərsliklərdə, cəmiyyət arasında hərbi tərbiyənin təbliği, ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır.
Təəssüf ki, Azərbaycan cəmiyyətində hərbi-vətənpərvərlik tərbiyəsi istənilən səviyyədə olmadığından, ciddi narahatlığa əsas var. Xüsusilə sabahımız olan uşaqlar, yeniyetmə və gənclərin əksəriyyəti Azərbaycanın hansı bölgələrinin erməni işğalı altında olduğunu belə bilmir, o ki qaldı onlardan işğal tarixlərini soruşasan. Çoxları neçə Milli Qəhrəmanımızın olduğunu, onlardan heç olmasa 3-4 nəfərin adını bilmir. Əgər məktəbdə, universitetlərdə, küçədə sorğu keçirilsə, yəqin ki əksəriyyət neçə Milli Qəhrəmanın şəhid, neçəsinin isə sağ olduğunu söyləməkdə çətinlik çəkəcək.
Amma tək bircə Milli Qəhrəmanın adını söyləyə bilməyən bəzi yeniyetmə və gənclər şou-biznes nümayəndələri Röya və Rəqsanənin pal-paltarının, ayaqqabılarının ölçüsünü əzbər deyə, Namiqlə Aygünün sevişməsindən az qala dastan danışa bilərlər. Hələ onların bayağı, şit mahnılarını nöqtə, vergülünə qədər söyləyə bilməklərini demirik.
Halbuki, körpədən tutmuş yeniyetməyə, gəncə, qocaya qədər hamımız Vətən, millət, torpaq uğrunda savaş meydanına atılanları, şəhidləri tanımağa borcluyuq. O cümlədən də Milli Qəhrəmanları... Modern.az “Bu milli qəhrəmanı tanıyırsanmı?” adlı təbliğata başlayıb. Bu təbliğat çərçivəsində oxucularımıza Azərbaycanın bütün Milli Qəhrəmanlarını qısaca tanıtmağa çalışacağıq. Düşünürük ki, buna böyük ehtiyac var, həm də çox... Xatırladaq ki, Azərbaycanın 210 Milli Qəhrəmanı var, onlardan 19 nəfəri sağdır. Beləliklə, bu Milli Qəhrəmanı tanıyırsanmı?
Namiq Vahid oğlu Abdullayev 10 may 1974-cü il tarixdə Ağcabədi rayonunun Avşar kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Namiq könüllü olaraq Milli Orduya yazılıb və 1992-ci ilin dekabırında onu cəbhəyə göndəriblər. O, qısa vaxtda cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə göstərdiyi şücaətilə ad-san qazandı. Cəsur döyüşçü bir neçə ağır döyüşdə ermənilərin canlı qüvvə və texnikasının məhvində iştirak edib. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçiblər, düşmənin güclü hərbi texnikası qarşısında Milli Ordunun kiçik dəstəsi çətin də olsa, tab gətirə bilib. Ölümün gözünə dik baxam hərbçilərimiz hücumu dəf etməyə çalışıblar. Bu döyüşdə onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankın altına atıb, zirehli texnikanın heyəti ilə birgə məhv edib. Cəsur döyüşçü özü həlak olub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Qəhrəman Ağcabədi rayonunun Avşar kəndində dəfn edilib. Avşar kənd orta məktəbi onun adını daşıyır.