Modern.az

Azərbaycanlı abituriyentlər arasında ən populyar ixtisaslar

Azərbaycanlı abituriyentlər arasında ən populyar ixtisaslar

Ölkə

25 Dekabr 2009, 14:29

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, 2009-cu uldə ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən 112875 abituriyentdən 48.80%-ni (55084 nəfər) oğlanlar, 51.20 %-ni (57791 nəfər) isə qızlar təşkil edib. 2009-cu ildə orta ümumtəhsil məktəblərinin 108271 məzunu olub. Onlardan 66619 nəfəri (60.90 %) ali məktəbə sənəd verib.

Ali məktəblərə qəbul imtahanlarında 107347 nəfər, magistratura imtahanlarında 14711 nəfər (I tur imtahanında) və 6294 nəfər ( II tur), əsas təhsil bazasından texnikumlara qəbul  imtahanında 26062 nəfər iştirak edib.

Bu il ali məktəblərə 29030 plan yeri ayrılıb. Bundan 19725 yer Azərbaycan bölməsi, 3042 yer rus bölməsi, qalan 6263 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulmuşdu. Qəbul planı 96.48 % dolub.

Cari ildə 3830 nəfər magistraturaya, 28009  nəfər bakalavriaturaya, 6406 nəfər orta təhsil bazasından,  8979  nəfər isə əsas təhsil bazasından texnikumlara daxil olub.

Abituriyent ərizələrində Azərbaycan bölməsi üzrə ən çox birinci yerdə göstərilən ixtisaslar aşağıdakılardır: I qrupda “Neft-qaz mühəndisliyi” (ADNA), II qrupda “İqtisadiyyat” (ADİU), III qrupda “Xarici dil müəllimliyi (ingilis dili)” (ADU), IV qrupda isə “Müalicə işi” (ATU).

Abituriyent ərizələrində rus bölməsi üzrə ən çox birinci yerdə göstərilən ixtisaslar isə aşağıdakılardır: I qrupda “Kompyuter elmləri” (BDU), II qrupda “İqtisadiyyat” (ADİU), III qrupda “Hüquqşünaslıq” (ABDU), IV qrupda isə “Müalicə işi” (ATU).

Abituriyentlərin bilik göstəriciləri: Məlum olduğu kimi qəbulda toplanılması mümkün olan maksimum bal 700-dür. 0-700 parçasını şərti olaraq 0-200, 200-400, 400-500, 500-700 intervallarına bölərək, ənənəvi «2», «3», «4», «5» qiymətləri ilə analogiyası yaradıldıqda görünür ki, 2009-cu ildə abituriyentlərin 62.8 faizi imtahandan "2", 16.5%-i "3", 16.6%-i "4", 4.1%-i isə "5" qiymət alıb. Ötən il bu göstəricilər uyğun olaraq 56.4%, 17.7%, 20.2%, 5.6% təşkil edib.

Bu il Naftalan şəhəri, Ağsu, Daşkəsən, Tərtər,  Sabirabad, Saatlı, İmişli, Xaçmaz, Yardımlı, Beyləqan, Zərdab, Ucar, Ağcabədi, Şamaxı, Gədəbəy, Qobustan, Astara, Zaqatala, Hacıqabul, Lerik  və Kürdəmir rayonları, eləcə də Naxçıvan MR-in Şərur, Kəngərli, Şahbuz və Sədərək rayonları üzrə cari ilin məzunlarının  40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?