Səxavət Əlisoy
Azərbaycanda demokratiyanın bərqərar olması üçün çoxsaylı beynəlxalq təşkilatlar və qürumlar fəaliyyət göstərirlər. Fəqət, elə problemlərimiz var ki, bunların aradan qalxması üçün nə Avropa Şurası, nə ATƏT, nə ABŞ Dövlət Departamenti, nə də, beynəlxalq siyasi institutlar bir nəticə əldə etməkdə acizdir. Mentalitetimizdə dərin kök salmış bu problemləri bəziləri xırda detallar saysalar da, sonucda millət olaraq zərbələr alırıq. Əhəmiyyət vermədiyimiz, kiçik hesab etdiyimiz milli mentalitet ünsürləri Azərbaycan türkünün dünya sivilizasiyasına inteqrasiya yolunda böyük əngələ çevrilir. Elmi tərəqqinin zirvəyə çatdığı bir zamanda millət olaraq natamamlıq elementlərindən və mental patologiyadan qurtulmaq üçün hamılıqla əlimizdən gələni etmək zorundayıq. Təbii ki, ən ağır yük vətən və millətin taleyinə biganə qalmayan zəkalı insanların çiyninə düşür.
Mən ziyalılarımızı bilərəkdən önə çəkmirəm. Çünki, kommunist dönəminin ali təhsil diplomu heç də ziyalı tituluna layiq görülmək üçün yetərli vasitə deyildir. Ən başlıcası isə, son 20-30 ildə ölkəmizdə cərəyan edən proseslər onu isbat etdi ki, önəmli məsələlərdə bəzi ziyalılarımız şəxsi həyatlarının mühafizəsi naminə müqəddəs keiteriyaları belə tapdamaq iqtidarındadır. Güc, təkrar yazıram ki, millətin öz çiynindədir. Və bu anormallıqlardan xilas olmamız üçün özümüzü, uşaqlarımızı, gələcəyimizi, bir sözlə millətimizi düşünməyə borcluyuq. Problemlərimiz qeyri millətlərin problemi deyil. Özümüzündür. Yaranmasında qeyri millətlərin böyük əməyi olub. Bunu hamımız bilirik. Bildiyimizə görə də, xilas yollarını axtarmalıyıq. İstəsək, bu anormallıqların böyük bir qismini tezliklə aradan götürə bilərik. Bəzi dərdlərimiz var ki, onların çarəsi üçün uzun zamana ehtiyac olacaq. Bu bizi ruhdan salmamalıdır. Bütün millətlər millət olaraq formalaşma yolunda böyük çətinliklərlə üzləşib. Hansı millət komplekslərindən xilas olmağı bacarıbsa, bu gün dünyanın idarə edilməsində söz sahibidir. Bunu bacarmayanlar, xilas üçün cəhd etməyənlər bugünkü dünyada ikinci, üçüncü sort millətlər kateqoriyasına aid edilir. Mükəmməl millətlər cərgəsində öndə dayanan ingilislər, fransızlar, almanlar, yaponlar, ispanlar və digərləri bu mövqeyə yetişmək üçün nə qədər məşəqqətli yollar keçiblər. Ata-babalarının aşa bildiyi baryerlərə rəğmən bəxtəvərliyə qovuşmuş bu millətlərə həsəd aparmamaq olmur. Millət olaraq biz də qarşımızda dayanan bütün maneələri dəf etmək gücündəyik. Və əminəm ki, mentalitetimizdə oturmuş ünsürlərdən xilas olduqdan sonra sivil millətlər sırasında qürurla addımlaya bilərik. Qanımıza hopmuş naqisliklər bir deyil, beş deyil, on deyil. Çoxdur. Lap çoxdur. Bunların ən əsaslarını sıralamaq fikrindəyəm. Buyurun, tanış olun:
1. Şahsevənlik- Öncə əsrlərlə beynimizə yoluxdurduğumuz bu təhlükəli virusdan xilas olmalıyıq. Şahsevənlik gerçəkdən millət olaraq formalaşma yolumuzda ciddi bir əngəldir. Dövlətin, millətin taleyini bir fərdə bağlamaq böyük bir xətadır. İndi XXI əsrdir və bir sivil dövlətdə belə şahlıq üsul-idarəsi mövcud deyil. İnsanlar öz talelərini də kimsəyə ümid etməyi özlərinə rəva bilmirlər. Araşdırın, dünyanın harasında şahlıq, krallıq, monarxlıq varsa (simvolik olaraq kral üsul-idarəsini saxlayan sivil Avropa dövlətləri istisnadır), orada tərəqqi olmur. Ən başlıcası, şahsevən məmləkətlərdə İNSAN kimi yaşamaq mümkün deyildir. İnsan kimi yaşamaqsa, ulu Tanrıdan verilmiş haqqdır. Özünüz fikirləşin, Allahın verdiyi haqdan bir nəfərə görə imtina etmək insanlıqdırmı? Bizlər başa düşməliyik ki, şahsevənliyimiz Allaha ortaqlar yaratmağımıza xidmət edir. Bundan da böyük xəta ola bilərmi?
2. Məddahlıq- Etiraf etmək lazımdır ki, natamamlıq kompleksinin ən qorxunc ünsürlərindən sayılan məddahlıq Azərbaycanda ildən ilə sürətlə yayılmaqda davam edir. Bir dəstə saray ziyalısı firavan yaşamaq naminə mədhiyyəçiliyi özünə peşə edib. Fəxri addan, fəxri təqaüddən, orden-medaldan ötrü gecə-gündüz mədhiyyə söyləyən ləyaqətsiz zümrə millətə çox dəhşətli zərbə vurur. Şahlıq məddahlığın anasıdır. Şahsevənlik varsa, məddahlıq mütləq olacaq. Kimə mədhiyyə söyləyirlər? Təbii ki, şahlara.
3. Yaltaqlıq- bizdə geniş yayılıb. Adamlar iş yerlərini, qazanclarını qorumaq üçün yaltaqlıq edirlər. Adətə çevrilib, televiziya ekranlarında milyonların gözləri önündə dövlət başçısına, onun ailə üzvlərinə, məclislərdə rəislərə, müdirlərə yaltaqlanırlar. Peşəkar yaltaqlar ordusu yetişib Azərbaycanda. Bu tiplərin televiziyada, məclislərdə ikrah doğuran çıxışlarından gənc nəsil hansı qazanc əldə edə bilər? Bir də görürsən ki, virtuoz bir incəsənət xadimi, məşhur elm adamı, peşəkar idmançı, əməkdar müəllim çıxışının ortasında başlayır dövlət rəhbərinə yaltaqlanmağa. Az qala hamı əldə etdiyi uğuru dövlət başçısının qayğısı sayəsində qazandığını vurğulayır. Paradoksa fikir verin, hamılıqla böyütdüyümüz uşaqlara tərbiyə, öyüd-nəsihət verərkən, yaltaqlıqdan uzaq durmalarını istəyirik. Özümüzsə yaltaqlıqla gün keçiririk. Ən acınacaqlısı odur ki, bizdə ictimai rəyi, ictimai məzəmməti saya salmırlar və, elə bu səbəbdəndir ki, yaltaqlıq virusu yayılmaq üçün münbit şərait əldə edir. Məsləkindən asılı olmayaraq bütün yaltaqlar mənəvi keyfiyyətlərdən məhrumdur.
4. Yalan- Bu naqisliyimizi də uşaqlarımıza rəva bilmirik. Onları yalan danışdıqlarına görə cəzalandırırıq. Fəqət özümüz yalansız yaşaya bilmirik. Yalana Azərbaycanda demək olar ki, hamı alışıb. Dövləti idarə edənlər də, hakimiyyətə iddialı müxalifət də, millət vəkili də, ziyalı da, fəhlə də, təqaüdçü də hər türlü yalan danışmağı özünə rəva bilir. Məmləkət yalanla yanır. Bu gün Azərbaycanda elə bir mühit formalaşıb ki, haqq-ədalət yalanın təzyiqi altında itib-batır. Ən dəhşətlisi odur ki, insanlar əsla utanıb-qızarmadan yalan danışırlar. Yalan artıq qanımızdadır desəm, məni düzgün başa düşün.
Nə verir bizə yalan? Yalan inamı itirir, imanı batil edir, cinayət törədir, evləri, ocaqları dağıdır. Nəticədə millətin əxlaqı ağır zərbə alır. Yalanın mentalitetimizdə yuva salmasının doğal səbəbləri var. Ən birincisi dövlətçilik ənənələrimizin olmamasıdır. Məhz bu səbəbdən də, yüz illərlə Azərbaycan türkü yalanla yol gedir. Yalanla nail olduğumuzsa ortalıqdadır. Şərhə lüzum varmı?
5. Yekəxanalıq- Dinimizdə xardal dənəsi boyda təkəbbürü olanı Allahın ən böyük düşməni hesab edirlər. Bizdə təkəbbür daha çox patoloji qürur formasında təzahür edir. Gerçək qürurun nə olduğunu tam anlamadığımızdan yekəxanalıq nümayiş etdiririk. Biri “dünyanın ən böyük millətiyik” deyir, ikincisi qəhrəmanlığımızı qabardır, üçüncüsü tikilən çoxmərtəbəli binaları, salınan körpüləri dünya memarlığının incisi sayır, dördüncüsü az qala bütün dünyanın muğamlarımıza heyranlığından danışır, beşincisi...
Hamısı dar düşüncə məhsullarıdır. Müqayisə üçün bilgi olmayanda istifadəyə verilmiş yeraltı keçidi belə sənət əsəri kimi vurğulamaq olar. Yekəxanalığımız nə qədər yersiz olduğunu dünyadan xəbəri olanlar yaxşı anlayırlar. Amerikada 5-10 nəfərin, lap belə 5-10 min adamın muğamla ilgilənməsini bütün Amerikanın muğama heyranlığı kimi qələmə verməklə qürur duymaq kimə gərəkdir?
Görün, intellektual səviyyəmiz nə yerdədir ki, telefon nömrələri, avtomobilin nömrə nişanı almaq üçün astronomik miqdarda pul xərcləyirik. Şəhərin fayton üçün hesablanmış küçələrində yekə-yekə “cip”lər sürürük. Yekəxanalığımızdan nədən qürur duyduğumuzun fərqində deyilik. Coğrafi şəraitə, iqlimə görə, bəlkə də dövlət anlayışının fəlsəfəsini başa düşmədiyimizdən hər birimizin içərisində bir yekəxanalıq yuva salıb. Elə bu yekəxanalığın ucbatından torpaqlarımızı, vətənimizi, dövlətimizi, millətimizi itirə-itirə yaşamaqdayıq da.
Qürurlanmaq olar, ancaq qəhrəmanlıqdan danışanda “qatır” ayamalı yolkəsən Məmmədlə, bir qazan plovu birnəfəsə həzmdən keçirən “Koroğlu” adlanan Rövşənlə yox, yadellilərə qarşı millətin şərəfi uğrunda kişi kimi vuruşan Cavad xanla, əzəli və əbədi düşmənlərimiz olan ermənilərə qan udduran Soltan bəylə qürurlanmağımız yerində olar. Bizim hələ böyük millət olmağımıza çox var. Yekı-yekə danışmaqla böyük millət olmurlar ki. 20 il torpaqlarının 20 faizi özündən qat-qat zəif düşmənin əsarətində olan bir millətin özünə böyük millət deməsinin anlamı varmı?
6. Saxtakarlıq- Bizim ən iyrənc naqisliklərimizdən biridir. Mentalitetimizin bu ağır mərəzindən heç cürə yaxa qurtara bilmirik ki, bilmirik. Sovetlər dönəmində xüsusi formalaşmış saxtakarlıq elementləri sanki genlərimizə hopub. Etiraf etməyə dəyər ki, həyatın bütün sahələrində saxtakarlığı inkişaf etdirməkdəyik. Hara baxırsan, saxtakarlıqla rastlaşırsan. Hər tərəf saxta ərzaq və sənaye məhsulları ilə doludur. Beynimiz saxtakarlığa rəng qatmaq üçün yorulmadan fəaliyyətdədir. Şəhərin mərkəzində, evin zirzəmisində, xüsusi sexlərdə xaricdə istehsal olunan qida məhsullarının, spirtli- spirtsiz içkilərin, par-paltarın, dava-dərmanın və, daha nə bilim nəyin “kopyasını” istehsal edirik. Zərrə qədər düşünmürük ki, bütün bu zay məhsullarımızı öz millətimizə sırıyırıq.
Gedin, qarşınıza çıxan ilk dükana, marketə baş çəkin, vitrində nə qədər istəsəniz “geydirmə” ərzaq görəcəksiniz. Biz nəinki xəstə, hətta murdar olmuş heyvanların ətini piştaxtaya çıxarıb üstünə “halal” etiketi vurmaqda ustayıq. Halal adı ilə at, eşşək ətindən belə kolbasa, sosiska, paştet və digər delikateslərin satışından para qazanırıq. Sexlərimizdə tikilən pencəyə, şalvara, köynəyə Türkiyə, İtaliya damğası vurmaqda, keyfiyyətsiz Çin malını avropalaşdırmaqda tayımız bərabərimiz yoxdur.
Bütün dünya saxta seçkilər keçirməyimizdən danışır. Avropa Şurası, ATƏT, ABŞ Dövlət Departamenti, beynəlxalq institutlar Azərbaycanda seçki saxtakarlığından dəhşətə gəlir. Kimdir bu saxtakarlığı edən? İngilismi, almanmı, fransızmı, yaxud başqa bir əcnəbimi? Xeyr, biz özümüz saxtakarıq.
Cümlə naqisliklərimiz biri-biri ilə canlı əlaqədədir. Şahsevənliyimiz saxtakarlığa rəvac verir. Bütün saxtakarlıqlar millətin məhvinə istiqamətlənib. Biz şüurlu-şüursuz millətimizin məhvi üçün fədakarlıq edirik. Bundan betər faciə olarmı.
Dünyanın sivil dövlətlərində seçki saxtakarlığının nə olduğunu bilmirlər. Təmiz, namuslu seçki keçirdiklərindən insan kimi də yaşayırlar. Bu dövlətlərdə xüsusi ərzaq təhlükəsizliyi proqramı qəbul edirlər. Kimin ağzı nədir zirzəmisində, sexində dövlət standartına uyğun gəlməyən ərzaq məhsulları istehsal etsin. Ömürlük həbsə atarlar. Bizdə arxasında himayədarı olan dövləti tanımır. Tanısaydılar, ölkənin dükan-bazarlarını saxta mallarlıa doldurmazdılar.
Danışırlar ki, Bakıda neft sektorunda müqavilə əsasında işləyən və, ayda 30-40 min ABŞ dolları maaş alan əcnəbi mütəxəssislər zəruri ərzaq məhsullarını Avropadan gətizdirirlər. Hətta itlərinə belə bizim “halal” etiketli kolbasanı rəva bilmirlər. İngilis səhv edirmi? Düz edir. Özünü və itini saxta ərzaqlarla zəhərləməyəcək ki.
Bəs aylıq məvacibi, pensiyası 60-70 manat olanlar nə etsinlər? Bunu düşünməmiz lazım. Öncə bizim, sonra dövləti idarə edənlərin düşünməsi gərəkdir.
7. Oğurluq- Nə qədər ağır olsa belə etiraf etməliyik ki, oğurluq da naqisliklərimizdən biridir. Gedin, Daxili İşlər nazirliyinin cinayətlərə dair statistik göstəricilərinə (qeydə alınmayan oğurluq hadisələrini yaddan çıxarmayın) nəzər salın. Baş verən cinayət hadisələrinin içərisində oğurluğun xüsusi çəkisinin diqqətçəkici olması düşündürücüdür. Oğurluğa dünyanın hər bir ölkəsində rast gəlmək olar. Hansı ölkədə ki, dövləti oğurlayanlar, çapıb-talayanlar yoxdur, o ölkənin vətəndaşları arasında oğurluq hallarına çox az rast gəlinir. Bir sıra Avropa ölkələrində- Almaniyada, Böyük Britaniyada, Norveçdə, İsveçrədə və digər mədəni dövlətlərdə oğurluq hadisəsinə demək olar ki, təsadüf edilmir. Vətəndaşları normal məvacibli işlə təmin olunmuş, sosial müdafiəsinə zəmanət verilmiş ölkələrdə oğurluq nədən baş verməlidir ki? Bu gün Almaniya Bundestaqı oğurluq hallarına görə həbs olunmağın əleyhinə müzakirələr aparır. Deyirlər ki, oğurluq hadisəsi azadlıqdan məhrum etmə üçün yetərli deyil. Oğurluğun səbəblərini aradan qaldırmaq üçün baş sındırırlar. Dövlət belə olar. Yolu Avropa ölkələrinə düşənlər təsdiq edərlər, hər hansı bir əşyanızı vağzalda, restoranda, parkda və digər məkanda unutsanız, əsla təlaş keçirməyə dəyməz. Tapanlar onu mütləq sahibinə qaytarmaq üçün müvafiq büroya təqdim edəcəklər.
Bizdə günün günorta vaxtında cibə girirlər. Bu ölkədə yumurta oğrusundan tutmuş telefon oğrusunadək hər sort oğruya rast gəlmək olar. Görün, vəziyyət nə yerdədir ki, polis şəhərin marşrut avtobuslarına xəbərdarlıq elanı yazdırıb ki, pulunuzu və əşyalarınızı cibgirlərdən qoruyasınız. Həm gülməlidir, həm də, ağlamalı.
Elə buradaca, tələbə ikən eşitdiyim bir ilginc lətifəni yazmaya bilmirəm. “Bulvarda qadının pulunu çırpışdıran oğru qaçıb aradan çıxmaq istəyir. Qadının arxasınca gəldiyini görüb Domsovetə (Hökumət Evi) daxil olur. Domsovetə yetişən qadın qapıdan dayanmış polisdən soruşur ki, indi içəri keçən kişi onun pulunu oğurlayıb. Qadın onun hara getdiyini öyrənmək istəyir. Polis cavab verir ki, ay bacı nə bilim hara getdi, bu qapıdan girənlərin hamısı oğrudur da”. Aktuallığını itirməmiş lətifədir, deyilmi?
Davamı olacaq