2009-cu ilin başa çatmasına sayılı günlər qalıb. İl kimi üçün kədərli, kimi üçünsə sevincli günlərlı yadda qalıb. Bu ilin tələbələrin həyatında hansı təəssüratla yadda qaldığını öyrənmək üçün Modern.az onlar arasında sorğu keçirib.
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Elnur Hadıyev 2009-cu ilin onun üçün həm pozitiv, həm də neqativ hadisələrlə yadda qaldığını deyir: “Bu il Neft Akademiyasında baş verən qanlı terror hadisəsi hər birimizi çox kədərləndirdi. Müsbət hadisə kimi qrup yoldaşlarım və dostlarımla keçirdiyim mənalı günlər oldu”.
BDU-nun Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Ceyhunə Abbasəliyeva bu ili yüksək əhval ruhiyyə ilə başa vurur: “Qrup yoldaşlarımla birgə müxtəlif yerlərə ekskursiyalarımız oldu. Bir neçə rayonda istirahət edib, dərslərin yorğunluğunu çıxardıq. Bunlarla yanaşı, hələ də bir sıra çətinliklərimiz həllini tapmayıb. İnanıram ki, gələn il tələbələrin problemlərinin həlli istiqamətində müsbət addımlar atılacaq”.
BDU-nun Tarix fakültəsinin 2-ci kurs tələbəsi Seymur Məmmədov isə bu ilin “qanlı dərs günü” ilə yadda qaldığını xatırlayır: “Bu il təkcə mənim yox, bütün tələbələrin yaddaşından silinməyəcək hadisə ilə-Neft Akademiyasında baş verən olayla yadda qalır. Çox təəssüflə deyirəm ki, onların qatilləri hələ də aqzadlıqdadır. Bir tələbə olaraq bu hadisə məni çox sarsıtdı. Onlara matəm saxlanılmaması da məni ağrıdır”.
Dillər Universitetinin Roman-german fakültəsinin 4-cü kursunda təhsil alan türkiyəli tələbə Tunahan İnan üçün də bu il düşərli olub: “2009-cu il mənim üçün uğurlu keçdi. Həyatımın hər sahəsində çeşidli nailiyyətlər əldə etdim. Dərslərimdə də heç bir problem yaşamadım. Eyni zamanda bu il həm də vətəndaşı olduğum Türkiyə üçün də yaxşı il oldu. 2010-cu ilin də eyni gözəllik və uğurlar gətirməsi diləyi ilə hər kəsə şən il arzulayıram”.
Tibb Universitetinin Müalicə işi fakültəsinin 3-cü kurs tələbəsi Turan Əhmədova bu ilin onunçün yaxşı təəssüratla yadda qaldığını deyir: “2009-cu ildə tələbəlik həyatımda yaxsi anlarla yadda qalan maraqlı hadisələr çox oldu. Çoxlu yeni dostlar qazandım. Sadəcə dərslər həmişəki kimi ATU-da ağır olur. Ümumiyyətlə semestrə uğurla başladım. Müsbət nəticə ilə bitəcəyinə də çox inanıram”.
İqtisadiyyat Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsinin 3-cü kurs tələbəsi Elşən İskəndərov üçün də 2009 önəmli il kimi yadda qalıb: “Bu il qrup yoldaşlarımla bağlı universitetdə maraqlı anlar yaşadıq. Hazırda yeni il şənliyini qeyd etməyə hazırlaşırıq. Bu ili əla bayram əhval-ruhiyyəsi ilə yekunlaşdıracağıq. İnşallah gələn ilin ilk ayından qış imtahanlarını uğurla verəcəyimizə əminəm”.
2009-cu il Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin 3-cü kurs tələbəsi Elnur Muxtarlının yadında xoş xatirələrlə qalır: “Karyeramda yüksəliş oldu. Ən əsası Qafqaz Media Mərkəzində 1 aylıq kursda təhsil aldım. Orada yeni dostlar qazandım. Bundan başqa, universitet həyatımda da maraqlı hadisələr yaşandı. Yəqin ki, gələn il də hər birimiz üçün düşərli olar”.
Azərbaycan Beynəlxalq Universitetinin Tarix fakültəsinin 4-cü kurs tələbəsi Xəyal Avazov bu ilin onun üçün problemlərlə yadda qaldığını deyir: “Müəyyən müsbət məqamlar olsa da, ümumilikdə bu ili də pessimist əhval-ruhiyyə ilə başa vururam. Ən əsası ona görə ki, bu gedişlə tələbələrin problemlərinin həlli istiqamətində qarşıdan gələn ildə də hansısa işlərin görülməsi inandırıcı görsənmir”.
Müəllimlər İnstitutunun Riyaziyyat və İnformatika fakültəsinin 3-cü kurs tələbəsi Müjgan Əzimzadə ili şənliklə başa vurduğunu deyir: “Ötən illər kimi bu il də mənimçün yaxşı il kimi yadda qaldı. Qrup yoldaşlarımla birgə kinoteatra, muzeylərə və şəhərin maraqlı yerlərində olduq. Bəlkə də bu il tələbəlik həyatımın ən unudulmaz ili olacaq”.
Qərb Universitetinin Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Vahid Hacıyev bu ili belə xatırlayır: “İngilis dilini öyrənməyə başladım. İnşallah gələn ilə kimi tam öyrənməyi qarşıma məqsəd qoymuşam. Bundan başqa, özüm üçün iş tapdım. Ancaq bununla yanaşı, bir sıra problemlərlə də üzləşdim. Ümid edirəm ki, gələn ilə bütün bunlar aradan qalxacaq”.
Lənkaran Dövlət Universitetinin İqtisadiyyat ve texnalogiya fakültəsinin 2-ci kurs tələbəsi Rəhman Rəhmanov bu il maraqlı olaylarla qarşılaşıb: “2009-cu il mənim həyatımda dönüş yaratdı. Özümə gəlirli karyera qurdum. Tələbə yoldaşlarımla birgə müsabiqələrdə iştirak etdik. Gələn ilin də mənimçün uğurlu olacağına ümid edirəm”.
Türkiyənin Eskişehir Osmanqazi Universitetinin Ədəbiyyat fakültəsinin 1-ci kursunda təhsil alan azərbaycanlı tələbə Rövşən Nəzirli bu ilin onun üçün ən yadda qalan il olduğunu deyir: “2009-a çox gözəl başladım. Ən əsası isə Türkiyədə universitetə qəbul olundum. Bu məni həddən artıq çox sevindirdi. Tələbə yoldaşlarım hamısı çox gözəl insanlardı. Qrup yoldaşlarım arasında Yaponiya, Çin, Tayvan, İndoneziya vətəndaşları da var. Onlarla yaxşı vaxt keçiririk”.
Günay MUSAYEVA