Modern.az

İnternet klublarda “oyun azarı”na tutulan azyaşlılar

İnternet klublarda “oyun azarı”na tutulan azyaşlılar

Ölkə

29 Dekabr 2009, 17:02

İnformasiya-kommunikasiya texnologiyaları əsri hesab olunan XXI əsrdə kompüterlər sürətlə həyatımıza daxil olmaqdadır. Yəqin ki, bir neçə il sonra kompütersiz, internetsiz günümüz olmayacaq. Bu gün kompüterlə təkcə gənclər və orta nəsil deyil, azyaşlı uşaqlar da ciddi maraqlanırlar. Uşaqların kompüterə marağı əsasən virtual oyunlardan yaranır.

13 yaşlı Faiq Nəsirov gün ərzində 3-4 saat kompüter oyunu oynadığını deyir: “Ən sevdiyim oyun “FİFA”-dır. Bu oyunu oynamamış dərs hazırlaya bilmərəm”. Səkkizinci sinifdə oxuyan Aqilin də kompüter oyunlarına böyük marağı var: “Ən xəstəsi olduğum oyun “Mercedes World Racing”dir. Evdə demək olar ki, kompüter oyunlarının əksər diskləri varımızdı. Bunu özüm üçün hobbi seçmişəm”. Cavid adlı şagirdin isə kompüter oyunlarına münasibəti neqativdir: “Bu oyunların yerinə dərs oxumaq məncə daha yaxşıdır. Çünki oynadıqca, insan tədricən bu oyunlardan asılı olur. Əvvəllər hərdən-bir kluba gedib oynayırdım. Ancaq indi tərgitmişəm”.

Virtual oyunlara maraq evdə kompüteri olmayan uşaqları internet klublarına çəkir. Bu zaman valideyinlərin icazə verməyəcəyini düşünən azyaşlılar cürbəcür yalanlara əl atmalı olurlar. Valideyn Yeganə Qurbanova deyir ki, uşaqlarının dəfələrlə yalan dediyinin şahidi olub: “Uşaqlar internet klublara getmək üçün yalan danışmağa məcbur olur. Çünki pulu oyun adı ilə istəyəndə verməmişəm. O, da pulu başqa adla alıb kluba üz tutub”. Digər valideyn Validə Məmmədova isə klublara nəzarət edilməsini vacib sayır: “Uşağı evdə saxlamaq mümkün olmur. Bəzən izləmişəm ki, dərs adı ilə evdən çıxıb kluba gedib. Vaxtlarını zərərli oyunları oynamaqla keçirirlər”.

Metronun “Gənclik” stansiyası yaxınlığında yerləşən internet klubunun rəhbəri Elşən deyir ki, burada heç bir oyuna vaxt məhdudiyyəti qoyulmur: “Gün ərzində kluba 50-100 arası uşaq gəlir. Burada müxtəlif cür oyunlar oynayırlar. Ancaq bəzən sakitliyə riayət etməyən uşaqları klubdan kənarlaşdırırıq”.  Klubda kompüter arxasında əyləşib diqqətini oyuna yönəldən 15 yaşlı Asim “oyun xəstəliyi”nə düçar olduğunu deyir: “Oyunda futbol oynayan 2 komandanın hansının udacağı ilə bağlı mərcə giririk. Bir dəfə udandan sonra da müxtəlif komandalara pul qoyuruq. Demək olar ki, gündəlik bu oyunu oynayıram”. Xəyal isə gecə hamını yuxuya verib kluba üz tutur: “Klubda gecə saatlarında qiymət ucuz olur. Ona görə də gecələr 2-3 saat burda oluram. Ancaq günorta vaxt tapan kimi gəlib, kompüter oyunları oynayıram”. İnternet klubda “oyun azarı”na tutulan qızlara da rast gəldik. 17 yaşlı Nigar daha çox savaş oyunları oynadığını deyir: “Ən xoşuma gələn oyun “Conter Strike”dir. Boş vaxtlarımda əsəblərimi sakitləşdirmək üçün virtual oyunlardan istifadə edirəm”. Digər internet klubun rəhbəri Namiq Hüseynov uşaqların ən çox oynadığı oyunların bunlar olduğunu deyir: “GTA”, “Combatru”, “Conter Strike”, “FİFA”, “Assasins Creed”, “Call of Duty”, “Mafia”...

 

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Modern.az-a bildirib ki, virtual oyunlar ölkəyə qeyri-leqal formada gətirilir: “Böyük əksəriyyəti disk və internet vasitəsilə əldə olunur. Elə oyunlar var ki, lisensiyaz satılır. Bu bazar hələ araşdılmayıb. Həm pulsuz, həm də pullu oyunlardan istifadə olunur. Əsas məsələ odur ki, bu oyunlardan hansından istifadə olunur. Problem ondadır ki, uşaqların intellektinin gücləndirilməsinə xidmət edən, onların qabiliyyətinin yüksəldilməsinə, normal vərdişlərinin inkişaf etməsinə istiqamətlənən oyunlar yoxdur. Yəni bu problemi gündəmə gətirmək lazımdır. Əksəriyyəti qeyri-intellektual, zorakılığı təbliğ edən oyunlardır. Düşünürəm ki, bu oyunlardan uşaqlara xeyri olanı çox azdır. Ən yaxşı oyunlar uşaqların intellektinə kömək edən oyunlar olmalıdır. İndi uşaqların kompüterdə işləmək vərdişlərini və vətənpərvərlik hisslərini oyadan oyunların sayı çox azdır”.

Ekspert klublara nəzarət olunmasını vacib sayır:  “Klub rəhbərləri uşaqlara terrorizmi və zorakılığı təbliğ edən oyunların oynamağa şərait yaradırlarsa, buna görə onlar məsuliyyət daşıyırlar.Müvafiq qurumlar internet klublara nəzarət etməlidirlər. Uşaqlar bu cür oyunlara ona görə meyl edirlər ki, yaxşısı yoxdur. Hazırda bu sahədə mürəkkəb bir vəziyyət hökm sürür.”.

Psixoloq Asəf Kərimov kompüter oyunlarının həm sağlamlığa, həm də psixologiyaya mənfi təsir göstərdiyini deyir: “Bu oyunların mənfi və müsbət tərəfləri var.  Problem ondadır ki, pis tərəfləri yaxşı tərəflərdən daha çoxdur. Yaxşı tərəfi odur ki, uşaqlar diqqətli olurlar və onlarda müəyyən dərəcədə reaksiyaların formalaşmasına şərait yaranır. Bu çox sadə bir inkişafdır. Çünki bunu başqa vasitələrlə də inkişaf etdirmək olar. Kompüter oyunlarının zərəri isə həm tibbi, həm də psixolji cəhətdən xarakterizə olunur. İnsan sağlamlığına zərəri odur ki, gözdə A vitamininin çatışmamazlığına, uzun müddət bir yerdə oturmaq ləngliyə gətirib çıxarır və insan ətrafdakılarla demək olar ki, əlaqəni kəsir”.

A.Kərimov bu oyunların uşaqlarda psixolji pozğunluq yaratdığını da düşünür: “Uşaqlar daha çox aqressiv, terrorizm tipli oyunlara meyl edirlər. Bu da psixoloji məqamda uşağın tərbiyə prosesinin geri qalmasına, təlim vərdişlərinin yayınmasına və ünsiyyətdən kənarda qalmasına gətirib çıxarır. Yəni uşaqlar ancaq kompüter oyunları ilə ünsiyyətə girirlər. Onlarda nitq inkişaf etmir. Bu da onların qavrama və mənimsəmə kimi duyğu orqanlarında problem yaradır.

Azyaşlılarda psixika oyanıq olur. Virtual oyunlara aludəçilik nəticəsində uşaq ətrafda onun inkişafı üçün lazım olan proseslərdən təcrid olur və normal cəmiyyətdən ayrı düşür. Dar bir çərçivədə inkişaf edərək, oyunlardan asılı vəziyyətə düşürlər. Xüsusən zirzəmilərdə olan klublara böyüklər də gəlir və burada müəyyən davranış hərəkətləri pozulur. Uşaqlar siqaret çəkməyə başlayırlar, pul qazanmaq üçün mərcə girirlər və oğurluq edirlər. Sonda onlar həyatı oyunlar səviyyəsində görməyə başlayırlar”.

Psixoloq deyir ki, “oyun azarı”na tutulan uşaq və yeniyetmələrin savadı və parlaq gələcəyi olmur: “Bu problemlər tezliklə öz həllini tapmasa gəncliyimiz uçuruma yuvarlana bilər. Bu işdə əsas məsuliyyət isə valideyn və internet klubların sahibləri üzərinə düşür”.

Günay MUSAYEVA

 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?