Hazırda Azərbaycan xalqının əksəriyyəti dini inanc cəhətdən müsəlman olsalar da, onlar ulu əcdadlarının islamaqədərki dövrdə hansı qədim dinlərə tapınmalarına da maraq göstərirlər. Bu zaman azərbaycanlıların-türklərin əcdadlarının islamaqədərki dövrdə hansı dinlərə, yaxud da dini-fəlsəfi dünyagörüşünə tapınmaları ilə bağlı bir-birinə zidd mülahizələrə rast gəlirik. Xüsusilə, Azərbaycan xalqına aid olan dini-fəlsəfi təlimlərin yad, yad olanların isə doğma kimi bu millətə aid edilməsi milli şüurun doğru istiqamətdə inkişafına və formalaşmasına mənfi təsir göstərir.
Bu boşluğu doldurmaq baxımdan müstəqillik dövründə «Azərbaycan tarixi», «Fəlsəfə» adını daşıyan əksər kitablarda Azərbaycan xalqının islaməqədərki dini-mifoloji, dini-fəlsəfi dünyagörüşü ilə bağlı şamanizmə və tanrıçılığa, ümumiyyətlə müraciət olunmaması, «Kitabi-Dədə Qorqud»a isə nadir hallarda istinad edilməsi başa düşülən deyil. Əgər biz, dini-fəlsəfi tariximizlə bağlı gənc nəslə doğru bilik vermək istəyiriksə, artıq bir çox məsələlərə, o cümlədən qədim dini-mifoloji, dini-fəlsəfi dünyagörüşümüzə sovet dövrü prizmasından baxmamalıyıq. Bu baxımdan, «Fəlsəfə» adını daşıyan kitablarda, sovet dövründə olduğu kimi, Azərbaycan xalqının şüuruna yalnız atəşpərəstliyin, zərdüştiliyin və s. yeridilməsi doğru deyil. Artıq SSRİ dövrünün ideyalarından imtina etməyin vaxtı nəinki çatmış, hətta keçmişdir. Ən çox təəssüf doğuran haldır ki, SSRİ dövrünün bu cür ənənələrinə daha çox «Azərbaycan tarixi» (xüsusilə də 7 cildlikdə), «Fəlsəfə», «Politologiya», eləcə də müəyyən qədər «Azərbaycan fəlsəfəsi tarixi» və başqa akademik nəşrlərdə, ali məktəb üçün dərsliklərdə rast gəlmək olur.
Hər halda, islamaqədərki dövrdə Azərbaycan xalqının dini-fəlsəfi dünyagörüşündə yer tutmuş mifoloji, dini-fəlsəfi təlimlər arasında daha çox şamanizm, totemizm, tanrıçılıq-göy tanrıçılıq, bütpərəstlik, «maqların təlimi», zərdüştilik və s. adları çəkilir ki, bunların arasında azərbaycanlılara çox doğma olan şamanizm və tanrıçılıq-göy tanrıçılıqdır.
Şübhəsiz, şamanizm dini-mifoloji dünyagörüşü ümumtürk mədəniyyətinin tərkib hissəsi olduğu üçün, onların konkret bir ərazidə formalaşmasını iddia etmək doğru olmazdı. Bu proses ümumtürk coğrafiyasında, o cümlədən də Azərbaycanda baş vermişdir. Bir məqam da istisna deyil ki, zaman-zaman şamanizm dünyagörüşü başqa xalqların, o cümlədən hind-iran, Çin, slavyan-rus, monqol və b. xalqların dini inanc və etiqadları ilə təmasda olmuş və bu da qarşılıqlı mübadiləyə də səbəb olmamış deyildir. Lakin bütün hallarda türklərin, o cümlədən Azərbaycan türklərinin, əsasən daim təktanrıçı və ya monoteist düşüncə sisteminə sadiq qaldığını qeyd-şərtsiz, inamla söyləyə bilərik.
Şamanizmlə bağlı qeyd etmək istərdik ki, hazırda onunla bağlı üç əsas fikir var:
1) şamanizm türklərə məxsusdur;
2) şamanizm monqol inancıdır;
3) şamanizm türk-tatar və çin xalqlarını ortaq inancıdır.
Bu gün də Sibirdə yaşayan bir çox yerli türk tayfalarının (tuvalılar, buryatlar, yakutlar, xakaslar, şorlar, nenlər və b.) etiqad olan şamanizm qədim dövrlərdə-başlanğıcda əsasən təbiətə, təbiət sirlərinə pərəstişdən ibarət olmuşdur. Təbiətdən aslılığa qarşı mübarizə aparan qam-şamanlar soyun-qəbiləbirləşməsinin fikir aləminin başçısı, ictimaiyyətin fikri və düşüncə dünyası idi. Bu dinin xadimi əvvəllər qam, yaxud da qamğan-qamxan, sonralar isə bunlarla yanaşı, şaman adlanmışdır. Hər bir soyda qama həm ata, həm də xan kimi baxırlarmış. Deməli, ilk dövrlərdə qam-şamanlar həm müdrik, həm də dövlət rəhbəridir. Ancaq sonralar, zaman-zaman qam-şamanlar daha çox xaqanın, o cümlədən dövlətin yolgöstərəni funksiyasını yerinə yetiriblər. Qam-şamana bu cür keyfiyyətlər isə göydən gəlir, göyqurşağı kimi bədənlərinə daxil olurmuş. Bu məsələdə Ülgen (Göy Tanrı) və Erlik (Yer Tanrı) adlı tanrılar da mühüm rol oynayırmış.
Deməli, qam-şamanlar arasında suya, yerə (torpağa), oda, daşa, ağaca və s. ünsürlərə xüsusi inanclar olmuşdur ki, bu cür hallara türk, o cümlədən Azərbaycan nağıl və dastanlarında da rast gəlmək olur. Bütün türksoylu xalqların (türkmən, uyğur, oğuz, qazax, tuvin, xaqas, buryat, kalmık və b.) mifologiyasına görə, Ülgen yerüstü işıqlı dünyanı, Erlik isə yeraltı qaranlıq dünyanın idarə edir. Adətən, Yer qadın Göy isə kişi başlanğıcdır:
Göy yağış yağdırmaqla Yeri mayalandırır və ondan müxtəlif varlıqlar, o cümlədn insan törəyir. Ancaq sonralar Erlik yamanlığın, Ülgen isə yaxşılığın simvolu olur, hətta qara şaman Erlik, ağ şaman isə Ülgenlə bağlıdır. Deməli, başlanğıcda xeyir və şər olmamış, bu ziddiyyət, əkslik sonralar meydana çıxmışdır. Azərbaycan türklərinin ən qədim miflərindən də görürük ki, başlanğıcda, əzəldə heç nə yox imiş. Tanrı əvvəlcə bitkiləri, heyvanları və s., ən sonda isə insanları yaratmışdır. İnsanlar yarandıqdan sonra aralarında paxıllıq, pislik və s. əmələ gəlmiş, bununla da Göy (Tanrı) yerdən aralanmışdır.
Deməli, Azərbaycan türkləri Göylə Yerin əvvəlcə bir yerdə olmasına, çox sonralar - pisliyin, yamanlığın, paxıllığın və s. yaranması nəticəsində Göyün Yerdən aralanmasına qənaətinə gəlmişlər.
Qədim türkcədəki «Tenqri» kəlməsi əvvəlcə göyü, sonra isə bəzi fonetik dəyişikliklər nəticəsində Tanrını ifadə etmişdir. Türklərdə, bir çox hallarda göyün Tanrı, yaxud səma, mavinin isə Yer mənasında işlədilməsinə rast gəlinir. Ümumiyyətlə, qədim türklərdə üç cür inanc sistemi olmuşdur:
1. Təbiət qüvvələrinə (dağ, qaya, su, dəniz, orman və s.) inam;
2. Atalar (ataya, böyüyə olan hörmət) kultu;
3. Göy-Tanrıya inam-Tanrıçılıq.
Sonuncu, yəni Tanrıçılıq inancı dünyəvidir; şəfəqi söndürən, bitkiyə həyat verən, insanlara can bəxş edən, istədiyi zaman da geri alan, cəzalandıran, bağışlayan odur. Tanrı hər şeyi görür, bilir, onun iradəsinə qarşı çıxmaq olmaz. Bugünkü Orta Asiya türk şivələrinin əksəriyyətində də tenqri «Tanrı» və «göy» mənalarını ifadə edir. Türkiyə türkcəsində isə, bu söz yalnız «Allah» mənasında işlənmişdir. Qeyd edək ki, Türkiyə və Azərbaycan türkləri ilahi qüvvəyə-Yaradana Tanrı, altaylar və şorlar Tenqri, xaqaslar Tiqir, şumerlər Dinqir, yakutlar Tanqara və s. adlandırmışlar.
Azərbaycanlıların ulu babalarında belə bir inam varmış ki, Göy Günəşin vasitəsilə Yeri qızdırır, yağış vasitəsilə onu mayalayır. Günəş şüası və yağış vasitəsilə Yerlə əlaqə saxlayan Göy həyat nemətlərinin yaradıcısıdır. Göy, torpağı nemət verməyə, məhsul verməyə hazır vəziyyətə gətirir. Belə bir inama, etiqada görədir ki, bu və başqa təbiət hadisəsini, şeyi, heyvanı, kosmik cismi müqəddəsləşdirmək üçün onu Göylə və onun rəngi ilə bağlayırlar.
Qədim türklərdə «Göy-Tanrı» ideyası o qədər güclü olmuşdur ki, onlar xaqanı göy kimi göydə doğulmuş təsəvvür etmişlər. Hətta hunlar öz ulu, əcdad babaları Metenin oğlunu «tanrının oğlu», onu «Yer və Göy»dən doğulmuş, Günəşlə, Ay tərəfindən məmur edilmiş saymışlar. Deməli, əski türklərə görə xaqanı Göy Tanrı təyin edirdi, yaxud da xaqan Göy Tanrının yer üzərində elçisi idi. Əski türklərin inamında «Göy» həm də yüksəklik, genişlik, ucalıq mənasını daşımış, öz əksini ailə və dövlət qurluşunda da tapmışdır. Qədim türklərin, o cümlədən Azərbaycan türklərinin mifoloji dünyagörüşündə Yer və Göyün ayrılması Tanrıyla bağlıdır. Hazırda da bu cür mifik inanclara inananlar tapılır. Şübhəsiz bütün bunlar qədim türklərin Yaz bayramında öz əksini tapmışdır.
Beləliklə, qədim türklərin dini etiqadları arasında üstünlük tanrıçılıq-Göy Tanrı dünyagörüşü ilə bağlı olmuş, islamaqədərki dövrdə türklərdən az sayda tayfalar başqa doğma və yad dinlərə (şamanizm, totemizm, atəşpərəstlik, zərdüştilik, xristianlıq, bütpərəstlik, manilik və b.) tapınmışdı. Xüsusilə Oğuz türklərinin böyük əksəriyyəti islama qədər tanrıçılıqda qalmış və sonralar islamı qəbul etmişlər. Buna ən bariz nümunə isə «Kitabi-Dədə Qorqud» boylarıdır. Bu baxımdan tanrıçılıq dünyagörüşünü əks etdirən abidələr arasında türk mifləri, o cümlədən «Kitabi-Dədə Qorqud» boyları önəmli yer tutur.
Fikrimizcə, türkçülüyün simvolu olan göy (mavi) boya, eyni zamanda tanrıçılığın rəmzidir. Göy boya türkçülüyü əks etdirdiyi qədər də, tanrıçılığı - təkallahlılığı da ifadə edir. Bu anlamda türkçülük tanrıçılıq, yəni tək olan Allaha inam deməkdir. Deməli, islamda yaşıl boya, tanrıçılıqda isə göy boya tək olan Allahı əks etdirir və hər ikisində dini-fəlsəfi məna vardır. Bu baxımdan türklərin tanrıçılıqdan sonra islama tapınmalarını başa düşmək çətin deyildir.
Şamanizm və tanrıçılıq öz izlərini «Kitabi-Dədə Qorqud» boylarında, təsəvvüf, sufilik, bektaşilik və s. timsalında öz izlərini erkən orta əsrlərdə və sonralar davam etdirmişdir. Fikrimizcə, müdrik-filosof Dədə Qorqud şamançı-tanrıçı kimi islama keçid arasında bir körpü rolunu oynayır. Əgər Dədə Qorqud da müəyyən qədər şamanizmin, əsasən tanrıçılığın (Göy Tanrı) etiqadları öz əksini tapmışdırsa, o islamı qəbul etməklə onların sintezindən, yəni keçmişlə gələcəyin bütövlüyündən çıxış etmişdir. Bir sözlə, Dədə Qorqud islama tapınmaqla türkün ata-baba dinlərindən imtina etmir, tək tanrıçılıq dini sisteminin yeni bir mərhələsinə qədəm qoyulmasına təkan verir. Bununla da, türklərin islamda özlərini tapacaqlarına müdrikcəsinə qərar vermiş olur.
Qədim türklərin şamanizm və tanrıçılıq təlimlərində təbiət ünsürlərinə, xüsusilə də oda olan münasibət bizə deməyə əsas verir ki, onlar bu məsələlərə hind-fars mənşəli etnoslardan tamamilə fərqli yöndən yanaşıblar. Əli bəy Hüseynzadənin də qeyd etdiyi kimi, bu gün türklərin, o cümlədən Azərbaycan türklərinin Yaz bayramında təbiət ünsürləri (od, su, torpaq və hava) ilə bağlı keçirdiyi mərasimlərin kökü, mənşəyi zərdüştiliyə deyil, şamanizmə, tanrıçılığa gedib çıxır. Məsələn, qədim türklərin dünyagörüşündə, o cümlədən şamanizmdə oda, ocağa tapınma ayrıca yer tutsa da, bu ilahi xarakter daşımamışdır. Sadəcə olaraq, ocaq ruhu (evin, otağın ortasında yanan otağın-ocağın ruhu) od anası və od atası kimi ifadə olunmuşdur. Şamanizmə görə, od tanrısı ocaq ruhunun sahibidir. Tanınmış türk tarixçiçsi, mifoloq Bahəddin Ögəl doğru qeyd edir ki, şamanizmdəki və tanrıçılıqdakı «od tanrısı» ilə zərdüştilərin «od tanrısı» eyni mənanı ifadə etmir. Belə ki, türklərə görə, hər bir ocağın ayrıca sahibi və qoruyucusu var, bütün ocaqları tək ruh və tək od tanrısı təmsil etmir. Dədə Qorquda görə də, ocağın ruhu sitayiş edilən bir Tanrı deyildir.
Ocaq sözündən yaranan otaq anlayışı həm evin, həm də ocağun ruhudur. Bu mənada türklər, o cümlədən Azərbaycan türkləri indinin özündə də ocaq ruhuna - ocağa suyun tökülməsini günah sayırlar. Çünki ocaq ruhunu söndürmək, eyni zamanda evin, otağın ruhunun söndürülməsi, yəni ailənin dağıla biləcəyi deməkdir. Deməli, bu zaman ocağa su tökməyin günah olması anlayışı odun müqəddəsliyi ilə bağlı deyildir. Burada vacib olan evini, ailəsini ocaq kimi başa düşən türklərin onun dağılmasını əngəlləməkdir. Bir sözlə, türklər odu deyil, ocaq-ailə ruhunu, ailə bütövlüyünü müqəddəs saymışlar və indi də belədir. Bu baxımdan, bu günün özündə də Azərbaycan türklərinin Novruz (Yeni gün) adı altında qeyd olunan Yaz bayramında (Novruz) fiziki və mənəvi mənada bədən və ruhlarını pisliklərdən, çirkablardan, xəstəliklərdən və s. təmizləmək üçün tonqal qalayıb onun üstündən tullanmaları da, onların oda nə cür münasibət bəsləmələrini bir daha ortaya qoyur. Deməli, qədim türklərin də odpərəstliyi insan ruhunun təmizlənməsindən, odun isə çirkabı təmizləməsindən və sairədən qaynaqlanmışdır. Halbuki zərdüştilikdə və atəşpərəstlikdə nəinki belə adətlər olmuş, hətta onların kahinləri atəşgah məbədinə yaxınlaşarkən nəfəsləri ilə, müqəddəs sandıqları odu murdarlamamaq üçün ağızlarını xüsusi örtüklərlə bağlarmışlar. Tanınmış alim Lev Qumilyov da qeyd edir ki, od kultunun yalnız zərdüştiliklə əlaqəsi, haqqındakı ehtimallar həqiqətdən uzaqdır. O yazır: «İranda möbüdan-möbüd müqəddəs oda yaxınlaşarkən sifətinə örtük taxırdı ki, nəfəsi ilə odu murdarlamasın, türklərdə isə od vasitəsi ilə bəd ruhları, yəni dünyadakı ən şər qüvvələri qorxudurdular. Məsələ burasındadır ki, İranda od dini sitayiş obyekti, türk tayfalarında isə magiya vasitəsi idi, yəni əslində onların arasında heç bir oxşarlıq müşahidə olunmurdu». Deməli, qədim türklər «od haqqı» dedikdə, heç də farsdilli etnosların başa düşdüyü ilahi odu nəzərdə tutmayıblar. Ancaq zaman keçdikcə farsdilli tayfaların türksoylu etnoslarla qaynayıb-qarışması, dini-mədəni mübadilələr Yaz bayramının Novruz kimi qələmə verilməsinə, müəyyən qədər odun ilahiləşdirilməsinə və s. səbəb olmuşdur.