Təbii qaz istehlakçıları üzrə sayğacların quraşdırılmasınadək olan dövrdə istehlakçılar və xüsusilə əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olub. Təbii qazın istifadəsinə görə iri miqdarda borclar əhalinin təbii qazla müntəzəm təmin edilməsinə, qazpaylayıcı şəbəkələrin zəruri təhlükəsizlik və texnoloji normalara uyğun istismar edilməsinə imkan vermir və təbii qaz təchizatı sisteminin inkişaf imkanlarını məhdudlaşdırırdı. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə Prezident İlham Əliyev əhalinin təbii qazdan istifadəsi üzrə yaranmiş borclarının silinməsi tədbirləri barədə fərman imzalayıb. Modern.az xəbər verir ki, fərmana əsasən, istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borcları silinəcək. Əhalinin borclarının silinməsi ilə əlaqədar ARDNŞ-ə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat veriləcək. ARDNŞ təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Nazirlər Kabineti fərmanın 2-ci bəndində nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin etmək tapşırılıb.
Hökumət bir ay müddətində təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verməlidir.