Modern.az

Pələng ilində Bakı Zooparkındakı dişi pələngi "evləndirəcəklər"

Pələng ilində Bakı Zooparkındakı dişi pələngi "evləndirəcəklər"

Ölkə

2 Yanvar 2010, 13:05

Modern.az-ın əməkdaşı Pələng ilinin astanasında Bakı Zooparkında olub, burada saxlanılan pələngin xüsusiyyətlərini öyrənib

İşgüzarlığına görə ta qədimdən insanların sevimlisinə çevrilən öküzün öz yerini əzəməti və cəldliyi ilə seçilən pələngə verməsinə bircə gün qalıb. 2010-cu il yanvarın 1-dən pələnglərin «hakimiyyət»i başlayır. Görəsən, «hakimiyyət»i öküzdən təhvil alan pələngin yaşayış tərzi, gündəlik qidalanması necədir? Bunu öyrənmək üçün təbiətə üz tuta bilməzdim, birincisi Azərbaycan meşələrində heç pələhg yoxdur, ikincisi ona yaxınlaşa bilmərəm, o üzdən də Bakı Heyvanat Parkına baş çəkməli oldum. Bakı Zooparkının zooloji şöbəsinin müdiri Sima Mamedova pələnglərlə bağlı suallarımı cavablandırdı.

100 kq-lıq pələng

Zooparkın şöbə müdiri ilə söhbətləşməzdən öncə buradakı qəfəslərin birində saxlanılan pələngə baxmağı qərara aldım.
Amma adı «Qırmızı kitab»a düşən Amur pələnginin Zooparkdakı durumu məni heç açmadı. Qıraqdan baxanda pələngdə pələnglik əzəməti hiss olunmurdu. Azərbaycanda olan yeganə pələng o qədər arıq idi ki, mübaliğə ilə desək, pişikdən bir azca böyük olardı. Təbiətdə və xarici ölkələrdəki zooparklarda olan 220-270 kq-lıq pələnglərlə müqayisədə bizin pələng çox cılız görünürdü.  Zooparka gələn tamaşaçıların ən çox marağına səbəb olan bu heyvanın heç 100 kq çəkisi olmazdı. Bircə sərt baxışları və cəldliyi vardı. Şəklini çəkmək üçün əlimi qəfəsdən azca içəri salanda üstümə doğru elə şığıdı ki, cəld geri çəkilməli oldum.

Cesikanın «şəxsiyyət vəsiqəsi» var

Heyvanat Parkında saxlanılan Amur pələngi 6 il bundan əvvəl 1 yaşında Daşkənd Zooparkından alınıb. Amur pələnginin əvəzində isə həmin zooparka şotland atı verilib. 7 yaşlı pələngin adı Cesikadır. Sima Mamedova deyir ki, Cesikanın doğum tarixi və yeri, nə vaxt zooparka gətirilməsi haqqında «şəxsiyyətini təsdiq edən sənədi», üstəlik, xəstəlik “kartoçkası” da var. Xəstəlik “kartoçkası”nda isə nə vaxt, nədən xəstələndiyi və ona hansı müalicənin təyin edildiyi qeyd olunur.

S.Mamedova sonuncu dəfə Cesikanın qaraciyərində problem yarandığını dedi: «Yeməyi yaxşı yemirdi deyə, həkimlərimiz onun səhhətində problem olduğunu müəyyənləşdirdilər. Qanından analiz götürüldü və analizin cavabında Amur pələnginin qaraciyərindən əziyyət çəkdiyi bəlli oldu. Şükürlər olsun ki, cərrahi əməlyiyata ehtiyac olmadı, Zooparkın həkimi müalicə etdi, indi tam sağlamdır».

Pələngin və bu kimi digər heyvanların necə müalicə olunmasına gəlincə, şöbə müdiri dedi ki, bunun üçün uzaq məsafədən şprislə dərman vurulur və heyvan yatandan sonra yanına gedib müayinə və müalicə, eyni zamanda cərrahiyyə əməliyyatı edirlər.

Pələngin arıq olmasının səbəbini öyrənmək üçün isə Bakı Heyvanat Parkının direktoru Azər Hüseynova müraciət etdik.
Müdir dedi ki, onlar pələngi ac saxlamırlar: «Yeməyi, vitaminləri, müalicəsi vaxtlı-vaxtında olur. Sadəcə arıqdı. Bəzi insanlar da nə qədər çox yesələr, kökəlmirlər. Pələngin də insanlar kimi, arıqlığı, köklüyü onun yeməyi ilə bağlı deyil».

Subaylığın daşını atacaq

Cesikanın səhhətində problemi olmasa da, tənhalıqdan əziyyət çəkir. Əslində Zoopark rəhbərliyi Cesikanı uzun müddət heyvanat parkında subay gəzib dolaşan erkək Amur pələnginə «gəlin» gətiribmiş. Amma 2003-cü ildə Cesikanın bir yaşı varmış və onun cinsi yetkinliyə çatması üçün üç il vaxt lazım olur.
“Buna görə də gözlədik. Cesika yetkinlik dövrünə - dörd yaşına çatanda isə erkək Amur pələngi qocaldığından dünyasını dəyişdi”-deyə Azər Hüseynov bildirdi.
Zoopark rəhbərliyi Cesika üçün erkək pələng tapmaqdan ötəri MDB ölkələrinin heyvanat parkları yazışmalarını davam etdirir: «Bizim imkanımız yoxdur ki, pələngi pulla  alaq. Yalnız digər zooparklara başqa heyvan verməklə, yəni barter yolu ilə Cesikanın həsrətinə son qoyula bilər. Güman edirik ki, 2010-cu ildə Cesika subaylığın daşını atacaq”.
Məlum oldu ki, Bakı Zooparkının rəhbəri Daşkənddəki həmkarı ilə razılaşıb. Yenot və canavarın müqabilində Cesikaya «bəy» gətiriləcək.

Cesikanın iştahası kəsiləndə diri dovşan yeyir    

Onu da öyrəndik ki, Bakı Zooparkında pələngin yemlənməsi baha başa gəlir. Belə ki, Cesika gündəlik 8-10 kq ət yeyir. Hansı heyvanın əti ilə yemlənməsinə gəlincə, Amur pələngi əsasən mal və qoyun əti, bəzən balıq, at əti ilə aclığına son qoyur. Amma elə bilməyin ki, Cesikaya təzə mal və qoyun əti verilir. Sadəcə olaraq bazarda müəyyən səbəblərdən satılmayan mal və qoyun ətini qəssablar zooparka gətirib kilosunu 1 manatdan satırlar. At ətinə gəlincə, S.Mamedova dedi ki, onların öz təssərrüfatlarında yem üçün atlar saxlanılır: «Yem olmayanda atlar kəsilərək ət yeyən heyvanlara verilir. Amma Cesika, özünü bir az pis hiss edəndə, iştahası küsəndə onun qəfəsinə zooparkın təsərrüfatında saxlanılan diri dovşanlardan buraxılır. Bu, yırtıcıların sağalması üçün müalicə üsuludur. Cesika yalnız ətlə kifayətlənmir. O, mütəmadi olaraq polivitaminlər də qəbul edir. Vitaminlər ya ətin üzərinə səpilir, ya da uzaqdan iynə ilə vurulur. Həftədə bir gün isə digər ölkələrin zooparklarındakı heyvanlar kimi Cesikaya da yem verilmir».  
2010 Pələng ili olsa da, Cesikaya heç bir «xüsusi imtiyaz» verilməyəcək. Yalnız Yeni il ərəfəsində yem çeşidlərini bol edəcəklər ki, pələng inciməsin və yeni il Zooparka da düşərli olsun.
Onu da öyrəndik ki, təbiət qoynunda 40-50 il yaşayan pələnglər Zooparkda cəmi 15-17 il yaşaya bilirlər.

Ana balasının yanına erkək pələngi buraxmır

Zooparkdakı mütəxəssislər dedilər ki, 1 ana pələng ildə 1-2 bala vermək qabiliyyətinə malikdir. Anadan olan bala pələng 1,3-1,4 kq çəkiyə malik olur. Ana balalarının qayğısına qalır. Hətta erkək pələngi də balanın yaxınlığına buraxmır. Yalnız bir neçə aydan sonra bala pələng digər pələnglərlə birgə yaşayır.
Pələng yırtıcılığına görə digər heyvanlardan fərqlənir. Hətta ovladığı vəhşi heyvanların onurğa sütununu da yeyir. Pusquda duraraq gölə, çaya və digər su hövzələrinə gələn heyvanları ovlayır. Maral, çöl donuzu kimi orta və böyük ölçülü heyvanlarla bəslənir. Amma əlacsız qalanda, arada kiçik ovları da yaxalayır.

Lalə MUSAQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?