Modern.az xəbər verir ki, 2010-cu ilin yanvar ayından etibarən «Xalq Kompüteri» layihəsi çərçivəsində ali məktəb müəllimləri və tələbələrinə də güzəştli şərtlərlə compüter almaq imkanı yaradılacaq. Bu haqda layihənin təşkilatçılarından olan "HP Azərbaycan" şirkətinin biznes inkişafı üzrə meneceri Rasim Bəxşi bildirib. O, deyib ki, ali məktəb müəllimlərinə və tələbələrə veriləcək kompüterlərin qiyməti dəyişməyəcək, konfiqurasiyaları isə gücləndiriləcək. Belə ki, artıq 2 GB əməliyyat yaddaşının əvəzinə 3 GB əməliyyat yaddaşı olan kompüterlər təqdim ediləcək.
Bununla yanaşı, layihədə iştirak etmək üçün iki şirkət - «Symantec» və «KÜR» şirkəti təşəbbüs irəli sürüb. Belə ki, birincisi «Norton Antivirus» proqramlarını layihə çərçivəsində güzəştli şərtlərlə (ayda 35 qəpik), yerli zavod isə 1 və 4 portlu ADSL modemlərini müvafiq olaraq ayda 2,8 manat və 3,5 manat ödəməklə almağı təklif edir.
Bundan başqa, layihə çərçivəsində kompüter alanlara 1 aylıq pulsuz internet xidmətləri təqdim ediləcək. «Bestcomp Group» şirkəti tərəfindən 3, 6 və 9 ay ərzində kompüterin dəyərini ödəyənlərə müvafiq olaraq çox funksiyalı printer, azfunksiyalı printer və flash-kart hədiyyə olunacaq.
Qeyd edək ki, «Xalq Kompüteri» layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkətləri tərəfindən reallaşdırılır. Kompüterlərin tədarükünü isə «Bestcomp Group» şirkəti həyata keçirir.
Layihənin əsas məqsədi əhalinin sosial təbəqələri üçün lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterlərin güzəştli şərtlərlə əldə olunmasında şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli bərabərsizliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. "Xalq kompüteri" layihəsi çərçəvəsində indiyədək 5000-ə yaxın orta məktəb müəllimi compüter və noutbuk alıb, bu proses hazırda da davam edir.