Modern.az-ın sürücülər arasında apardığı sorğu nəticəsində məlum olub ki, avtomobil sahiblərinin böyük əksəriyyəti evakuatorla maşını cərimə dayanacağına aparılan şəxsin neçə manat cərimə ödəməli olduğunu bilmir. Avtomobilləri evakuatorla cərimə meydançasına aparılan sürücülər onlardan minimum 50 manatdan başlayaraq cərimə tələb olunduğunu deyiblər.
Bakıda evakuatorların tətbiqi şəxsi avtomobil sahiblərinin yaralı yeridir. Saxladığı maşını bir neçə dəqiqədən sonra yerində tapa bilməyən sürücülər onu evakuatorların apardığı cərimə dayanacağından geri almalı olurlar. Maşın sahibləri deyirlər ki, cərimə dayanacağında onların hərəsindən fərqli cəriməhaqqı tələb olunur. Bəs əslində qanunla evakuatorların cərimə meydançasına apardığı avtomobilin sürücüsü neçə manat cərimə ödəməlidir? Modern.az bunu aydınlaşdırmağa çalışıb.
Qeyd edək ki, bu günlərdə bəzi mətbuat orqanlarının Bakıda evakuatorların ləğvi ilə bağlı yaydığı və nəqliyyat vasitəsi sahiblərinin sevinclə qarşıladığı xəbər çox keçməmiş, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Ərəstun Orucov tərəfindən təkzib edildi. “Bu xidməti heç kim ləğv etməyib və bağlamayıb. Əksinə, onun təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirilib. Bu zaman, nöqsanlar da qeydə alınıb, işində pozuntulara yol vermiş əməkdaşlar cəzalandırılıb. Lakin bu, xidmətin işinə heç bir təsir göstərməyib”-deyə o, bildirib.
Baş Dövlət Yol Polisi İdarəsindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, Tarif Şurasının qərarına əsasən şəhər daxilində təxliyyə avtomobili ilə nəqliyyət vasitəsinin duracağa aparılması üçün 20 manat məbləğində rüsum ödənilməlidir. Əlavə olaraq, «Yol hərəkəti haqqında» Qanunun 52-ci maddəsinin IV-cü hissəsinə və İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsinə müvafiq olaraq 15-20 manat miqdarında cərimə nəzərdə tutulub. Bu cəriməni Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq qrumu müəyyənləşdiriri. “Bu da ondan irəli gəlir ki, burada sürücünün sənədləri yoxlarılmalıdır. Digər qayda pozuntuları aşkar edilmədiyi halda İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsinə müvafiq olaraq cərimə olunduqdan sonra avtomobil sürücüyə qaytarılmalıdır”-deyə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Beləliklə, bu o deməkdir ki, avtomoboli evakuatorla cərimə meydançasına aparılan maşın sahibi minimum 35 manat, maksimum 40 manat cərimə ödəməlidirlər.