Modern.az

Bu Milli Qəhrəmanı tanıyırsanmı?

Bu Milli Qəhrəmanı tanıyırsanmı?

Ölkə

5 Yanvar 2010, 11:46

Modern.az “Bu milli qəhrəmanı tanıyırsanmı?” adlı təbliğatı çərçivəsində oxucularımıza Azərbaycanın bütün Milli Qəhrəmanlarını tanıtmağa çalışır. Düşünürük ki, buna böyük ehtiyac var, həm də çox... Xatırladaq ki, Azərbaycanın 210 Milli Qəhrəmanı var, onlardan 19 nəfəri sağdır. Beləliklə, bu Milli Qəhrəmanı tanıyırsanmı? Şövqiyar Cəmil oğlu Abdullayev 5 aprel 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Politexnik İnstituna (indiki Texniki Universitet) daxil olub. Birinci kursu bitirdikdən sonra isə Sovet Ordusu sıralarına çağrılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdıb.

1992-ci il martın 3-də könüllü surətdə Milli Ordu sıralarına yazılıb. Ağdamda təşkil edilmiş Tank briqadasına komandir təyin edilib. Şövqiyarın ilk döyüşü 1992-ci il aprelin 26-da Şelli istiqamətində oldu. Onun Tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçib, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda şiddətli döyüşlərdə iştirak edib.

Onun tank briqadası

1992-ci ilin avqustun 23-də Gülablıdakı çox böyük strateji əhəmiyyətli yüksəklikdən müəmmalı şəkildə çıxarılaraq Ağdərənin Drambon kəndinin müdafiəsinə göndərilib. Briqada az vaxt içərisində Drambon kəndində erməni-rus birləşmələrinin müqavimətini qırıraq bu yaşayış məntəqəsinin azad edilməsində iştirak edib, ən böyük müvəffəqiyyət isə o olub ki, mühasirə halqasına düşmüş çox böyük sayda piyada döyüşçülərimizi mühasirədən çıxara bilib.

Həmin döyüşdə Ş.Abdullayevin tankı vurulub və igid döyüşçü hər iki qılçasından qəlpə yaraları alıb. Onu Ağdamdakı hərbi hospitala çatdırıblar. Həkimlər ona qılçalarına dolmuş qəlpələri təmizləmək üçün Bakıya getməyi məsləhət görüb, müvəqqəti sarıq qoyublar. Şövqiyar isə sarıqları açıb ataraq «mən yoldaşlarımı odun-alovun içərisində qoyub heç yerə gedə bilmərəm, elə adamlar tanıyıram ki, bədənlərində Böyük Vətən müharibəsindən indiyə kimi qəlpə gəzdirir» - deyərək Bakıya getməkdən imtina edib.  Azacıq özünə gələn kimi o, yenidən cəbhəyə qayıdıb.  

1992-ci il avqustun 27-də Ağdərənin Drambon kəndi uğrunda çox ağır bir döyüşdə Ş.Abdullayev öz yoldaşlarını əsir düşməkdən xilas edib, özü isə vətən torpağı uğrunda qəhrəmanlıq göstərərək əbədiyyətə qovuşub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Qəhrəman Bakının Şəhidlər xiyabanında dəfn edilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?