Xeyli vaxtdır Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə bu rayonun deputatı Əhəd Abıyev arasında narazılıq yaranıb. Son vaxtlar mətbuata açıqlamalar verən Əhəd Abiyev icra başçısını rayonda qarışıqlıq yaratmaqda və Masallı bazarının rəhbəri Çingiz Həşimovu tutdurmaqda ittiham edib. Qarşı tərəf isə Ç.Həşimovun cinayət törətdiyinə görə həbs olunduğunu bildirib.
Modern.az-a daxil olan məlumata görə, bir neçə güncə Əhəd Abıyevin qardaşı Nadir Abıyev Masallı rayon Fövqəladə Hallar Komissiyasının sədri vəzifəsindən azad edilib. O, həm də Masallı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavinidir. İndi N.Abıyev yalnız 1-ci müavin kimi fəaliyyətini davam etdirir.
Masallı rayon İcra Hakimiyyəti başçısının köməkçisi Modern.az-a açıqlamasında faktı təsdiqləyib.
O, bildirib ki, Masallı rayon Fövqəladə Hallar Komissiyasının sədri vəzifəsinə icra başçısının aqrar məsələlər üzrə müavini Seymur Nuriyev təyin olunub.
Köməkçi Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin hazırda məzuniyyətdə olduğunu bildirib.