Azərbaycan İpoteka Fondunun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 1 iyun 2009-cu il tarixindən ölkədə ipoteka kreditləşməsinin bərpa olunmasından 31 dekabr 2009-cu il tarixinədək 1800 nəfərə yaxın vətəndaşa ümumi həcmi 76 mln. manatdan artıq təşkil edən ipoteka krediti verilib. Qeyd etmək lazımdır ki, 2009-cu ilin ikinci yarısında verilmiş ipoteka kreditlərinin həcmi 2006-2007-ci illərdə verilmiş ipoteka kreditlərinin həcmindən (75,8 mln.manat) artıq olub. Yalnız 2009-cu ilin dekabr ayı ərzində verilmiş ipoteka kreditlərinin həcmi 9 mln.manat təşkil edib. Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 152 mln.manata çatıb. “Nəticədə 3800-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub. Cari ildə də əhalinin ipoteka kreditlərinə olan tələbatının ödənilməsi istiqamətində mövcud dinamikanın qorunması planlaşdırılır”-deyə Fondun məlumatında bildirilib.