Ermənilər tarixin yadda qalan kəsiyindən bu yana xalqımıza qarşı “ermənilik” (insanlığa sığmayan, yalnız onlara məxsus olan iyrənc, vandal addımlar) etmək üçün əlverişli məqam axtarıblar.
Ötən əsrin sonlarında Qarbaçovun yenidənqurma və aşkarlıq siyasəti ermənilərə yenidən belə bir fürsəti verdi. Ermənistandakı və mərkəzdəki ideya ilhamçılarının tövsiyyələri, şovinist “Daşnaksütyun”, “Krunk”, “Qarabağ” təşkilatlarının proqram bəyanatları əsasında hərəkətə gəlmiş erməni terror maşını işğalçılıq siyasətinin əsas hədəfi kimi məhz Dağlıq Qarabağı seçdi. Hələ sovet sistemi tam dağılmamış o zamankı ermənipərəst qüvvələrin səyi nəticəsində Dağlıq Qarabağdakı ermənilər silahlandırılır, bölgənin aborigenləri olan azərbaycanlılara münasibətdə soyqırım və deportasiya siyasətlərini həyata keçirdilər. Birinci mərhələdə Dağlıq Qarabağda erməni əhalisinin sayca çoxluq təşkil etdiyi bölgələrdən azərbaycanlı əhalinin sıxışdırılması, üstünlük təşkil edirdisə, ikinci mərhələdə artıq silahlar işə düşdü.
Modern.az “Erməni vəhşiliyi: cəzasız qalan cinayətlər-faktlar və sənədlər” adlı yeni silsilə yazılara start verir. Bu yazılarda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda ermənilərin yürütdüyü etnik təmizləmə siyasətinin nəticəsində törədilən cinayətlər diqqətə çatdırılacaq. Əsasən faktlar və sənədlər əsasında olacaq yazıda rəsmi qurumların təqdim etdiyi faktlardan istifadə olunub.
Açılmamış cinayətlər...1991-ci il
1991-ci il sentyabrın 8-də saat 15-30 radələrində, Xocavənd rayonu Gişi kənd ferması ərazisində Qaradağlı kənd sakinlərini aparan avtobus erməni quldurları tərəfindən avtomat silahlarla atəşə tutulur. Atəş nəticəsində kənd sakinləri Hüseynova Rəhilə Şahmar qızı, Hüseynova Rəxşəndə Bayram qızı, Quliyev Əlioğlan Əliaslan oğlu, Hüseynova Qənirə Həmid qızı və Quliyeva Nazənin Rəşid qızı qətlə yetirilir 32 nəfər Xocavənd rayonunun Qaradağlı kənd və 2 nəfər Ağdam rayon sakinləri yaralanır.
Cinayət faktı ilə əlaqədar 1991-ci il sentyabrın 10-da Şuşa şəhərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 4-cü və 6-cı bəndləri üzrə 33602 saylı cinayət işi qaldırılır. Araşdırmalara başlayırlar.
1949-cu il təvəllüdlü, həmin dövrdə N.Nərimanov adına kolxozda iqtisadçı işləmiş Bayramov Məhəmməd Rəşid oğlu izahatından:
“1991-ci il sentyabrın 8-də digər kənd sakinləri ilə birlikdə Hüseynov Zülfüqar Həmzə oğlunun idarə etdiyi “UAZ-420217” markalı, 02-51 AQX dövlət nömrə nişanlı avtobusla Ağdam rayonundan Qaradağlı kəndinə gələrkən Gişi kəndi ərazisində müxtəlif istiqamətlərdən avtomat silahları ilə bizi atəşə tutdu. Bir neçə dəqiqə sonra həmin əraziyə “UAZ” markalı, onun arxasınca isə ağ rəngli, “Moskviç-412” markalı nömrəsiz maşınlar gəldi. Maşınlar dayandıqdan sonra, Xocavənddən olan Xaçaturyan Valod, Gişi kəndindən olan Arustamyan Armon, Ağ kənddən olan Mersik adlı oğlanı, Xocavənd Qaz İdarəsində işləyən Yeremyan Saron, eləcə də Dövlət Avtomobil Müfəttişliyində işləyən polis əməkdaşı Çalyan Saşa orda idi. Hamısın əlində avtomat var idi...”.
1991-ci il sentyabrın 8-də Xocavənd rayonuna ezam olunmuş polis əməkdaşları, Quliyev Vaqif Nuru oğlu, Şirinov İxtiyar Narkom oğlu və Mehdiyev Murad Mehdi oğlu “UAZ-469” markalı maşınla kənd istiqamətində hərəkət edərkən Xocavənd yaxınlığında atəşə tutulur və yaralanırlar. 1991-ci il sentyabrın 8-də Xocavənd rayon Prokurorluğu tərəfindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15 və 95-ci maddələri ilə 63413 saylı cinayət işi qaldırılır və hadisənin eyni tarixdə və ərazidə baş verməsi ilə əlaqədar materiallar 33062 saylı cinayət işinə əlavə edilir.
İş üzrə aparılmış istintaq tədbirləri zamanı hadisəni törətmiş Xocavənd rayon sakini Xaçaturyan Valodun, Gişi kəndindən olan Arustamyan Armonun, Ağkənddən olan Mersikin Xocavənd Qaz İdarəsində işləyən Yeremyan Saronun, eləcə də Dövlət Avtomobil Müfəttişliyində işləyən polis əməkdaşı Çalyan Saşanın cinayətin törədilməsində əməllərinin tam sübuta yetirilməsi Dağlıq Qarabağ regionundakı dövlət strukturlarının Azərbaycan Respublikasının hakimiyyət orqanlarına tabe olmamaları ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi mümkün olmadığına görə, cinayət işi 1992-ci il yanvarın 9-da dayandırılır.
Əsirlərə qarşı törədilən amansızlıq....
Beyləqan rayonu Örənqala kənd sakini, Şuşa həbsxanasında əsir saxlanılmış Camalov Fədai İsmayil oğlunin dedikləri:
- 1993-cü il sentyabrın 23-dən 1996-cı il oktyabrın 5-dək Xankəndi uşaq xəstəxanasında, sonra isə Şuşa həbsxanasında saxlanılmışam. Şuşa həbsxanasında olanda baş leytenant rütbəsində olan Qor adlı erməni zabiti Ağdam rayon sakini təxminən 50 yaşında olan İldırım adlı şəxsi və Beyləqan rayonu İkinci Aşıqlı kənd sakini Qurbanov İlqarı dəyənək ilə döyərək qətlə yetirdi.
Şuşa həbsxanasında nəzarətçi işləyən Slavik adlı erməni əsir və girovlara, o cümlədən F.Camalova müxtəlif işgəncələr verirdi. Füzuli rayon sakinləri İlham və Mirzəli kişini döyərək öldürdülər.
Beyləqan rayonu Dünyamalılar kənd sakini Sarıyev Əli Zöhrab oğlunun dedikləri:
1993-cü il oktyabrın 31-dən 1995-ci il iyunun 8-dək Xankəndidə və Şuşa həbsxanasında girovluqda qalmışam. Bu müddət ərzində erməni quldurlarının törətdikləri vəhşilikləri və cinayət əməllərinin bir çoxunun şahidi olmuşam. 1994-cü ildə Şuşa həbsxanasında saxlanılarkən, əvvələr yanğından mühafizə xidmətində, həmin dövrdə isə Xankəndi şəhərinin hərbi komendantı vəzifəsində işləyən polkovnik rütbəli, Samvel Babayanın əlaltısı olan Aşot adlı erməninin əmri ilə Bakı şəhərindən olan Rauf adlı şəxsə alçaldıcı işgəncə verildi. Belə ki, Raufun bir gün sonra dəyişdiriləcəyindən xəbər tutan Aşot digər əsir və girovların gözü qarşısında əlindəki dəyənəyi onun arxasına soxmağı əmr etdi. Onun tabeçiliyindəki erməni əsgəri bunu icra etdilər.
Səhəri gün huşsuz vəziyyətdə olan Rauf dəyişdirilərək Bakı şəhərinə göndərilir. Ermənilərin bu vəhşiliyi Raufun bağırsaqlarından on santimetr kəsilərək götürülməsinə səbəb olur.
Toy məclisinə hücum...
1993-cü ildə ermənilər Füzuli rayonu Gorazilli kənd sakini Nuxiyeva Fəridə Vaqif qızının kənddəki toy məclisinə hücum edərək onu, atası Nuxiyev Vaqif Qutais oğlunu, anası Tamaşa qızı, uşaqları Mətanət, Arzu və 19 nəfər digər
kənd sakinlərini girov götürür. Ermənilər onları Hadrutda, Xankəndində, sonra
isə Şuşa türməsində saxlayaraq müxtəlif işgəncələr verir. Nəticədə işgəncələrə dözməyən Vaqif Nuxiyev vəfat edir.
Bu cinayət fakt ilə bağlı məlumata malik olan Füzuli rayonun Gorazilli kənd icra nümayəndəsi Şirinov Mətləb Nadir oğlundan alınmış izahatda göstərilir ki, 1993-cü ilin iyul ayının 2-də erməni quldurları Gorazilli kəndindən 20 nəfər azərbaycanlı girov götürüblər. Erməni quldurları girov götürdükləri kənd sakinlərinin Hadrut istiqamətinə apararkən onlardan birinə Məmmədov Bəyəndik Qəhrəman oğluna işgəncə verərək öldürüblər. Girovluq dövründə Nuxiyev Vaqif Qutais oğlu ermənilərin əsirlərlə pis rəftar etməsinə, qadınların namusuna toxunmalarına, girovlara işgəncələr vermələrinə, xüsusən cavan-yeniyetmə oğlanların sifətlərinə siqareti yandırıb basmalarına və s. digər əməllərinə dözməyərək özünə bir neçə dəfə qəsd etmək istəyib, lakin ermənilər buna imkan verməyiblər. Nəhayət bir gün əsir və girovların sırasından çıxaraq erməni əsgərlərinin üstünə yeriyərək onlardan birini vurur və bundan sonra erməni faşistləri ona müxtəlif işgəncələr verməyə başlayır. Əllərini, qollarını sındırır və öldürürlər.
Xocalıya gedən yol: Qaradağlı...
1992-ci il fevral ayının 17-də erməni quldurları Xocavənd rayonunun Qaradağlı kəndinə soxularaq, yüz on yeddi nəfər azərbaycanlını girov götürürlər. Həmin tarixdə erməni yaraqlıları kəndin fermasında üç kişini və bir qadını yandırırlar. Ermənilər əlli altı nəfər sakini (onlardan 10-12 nəfəri uşaq) güllələyərək quyuya tökür və üstünü traktorla torpaqlayır. Həmin vaxt ermənilər “KamAZ” maşını ilə kənd sakini Hüseynov Şahmuradın üzərindən keçərək onu öldürürlər. Qaradağlı kənd orta məktəbində çalışan Mobil müəllimin, 22-23 yaşlı Həsənov Altayın və Hüseynov Xanalının üzərinə dizel yanacaqı tökərək diri-diri yandırılır.
Qaradağlı kəndinə basqın zamanı Telman Tağıyev adlı soydaşımız da girov götürülən kənd sakinləri ilə birlikdə Xankəndi türməsinə aparılır.
Xankəndinə aparılarkən T.Tağıyev yolda papağının altına gizlətdiyi əl qumbarasını
çıxardaraq erməni quldurlarının üzərinə atır və nəticədə onlardan bir neçəsi məhv olur. Bundan sonra erməni quldurları T.Tağıyevi və digər kənd sakinlərini
güllələyərək onları yaxınlıqdakı silos quyusuna tökürlər.
Erməni quldurları girov götürdükləri kənd sakinləri olan qadınları və yaşlıları bir maşına, cavanları isə digər maşına mindirirlər. Yolda cavanlar olan maşın erməni vəhşiləri tərəfindən amansızcasına avtomat atəşinə tutulur. Həmin atəş nəticəsində onlarla adam qətlə yetirilir və həmin ərazilərdə meyitlər maşından yerə tökdürülür.
Silos quyularına doldurulan insanlar...
Erməni quldurları qadınlar və yaşlılardan ibarət girovları Xankəndinə apararkən şəhərə beş km qalmış maşını saxlayıb onlara soyunmaq əmrini verir. Alt paltarında olan qadınlar və yaşlılar qışın sərt soyuğunda ayaqyalın 5 km məsafəni Xankəndinə piyada getməyə məcbur edilir. İki aya yaxın davan edən girovluq həyatı dövründə Qaradağlı kənd sakinləri Quliyev Əliaslan Nəriman oğlu, Quliyev Kamal Bəyləroğlu, Şirinov Böyükişi Lələ oğlu, Vəliyev Fazil Cavad oğlu, Hüseynov Şura Hüseynalı oğlu, Nəzərova Şura İbad oğlu, Hüseynov İran Əsəd oğlu, Tağıyev Kamil Sərdar oğlu erməni hərbiçilərinin amasız zümlərinə və işgəncələrinə dözməyərək həbsxanada vəfat edirlər.
Ermənilər həbsxanada Qaradağlı kənd sakinlərindən fiziki cəhətdən sağlam olan gəncləri seçərək, onları naməlum istiqamətdə aparır. Onlar barəsində hazırkı vaxtadək heç bir xəbər yoxdur.
Girov götürülmüş polis leytenantı Abbasov Sərvər, Bayramov Elmar və Zahid adlı şəxslərin başlarını kəsirlər.
Xankəndində 45 günlük əsrlik dövründə ermənilər Qaradağlı kənd sakinləri Quliyev Əliaslan, Quliyev Kamal, Axundov Şura, Tağıyev Böyükkişi, Fazil və Şura adlı şəxslərə işgəncələr verərək qətlə yetirirlər.
Erməni quldurları polis əməkdaşı, kiçik çavuş Kərimov Əliqismətin başını kəsərək, başsız bədəninin erməni ilə dəyişdirmək məqsədilə Ağdama göndərir.
Tevon Tağıyev on altı gün Xankəndi türməsində girov taleyi yaşayıb.
Sonra Ebil Balayanın Xankəndi Pedoqoji İnstitutunda müəllim işləyən 45 yaşlı oğlu Vartanın Quliyev Əmiraslanı, Tağıyev Talıbı və Əliyev Qasımın oğlanlarından birini Tevon Tağıyev ilə birlikdə Xocanəddənki evlərinin maşın qarajında üç gün saxlamaqda məqsədi Bakı şəhərində həbsxanada olan atası ilə dəyişdirilmək olur. Bu müddətdə Vartan Balayan Ağdam rayonunda Azərbaycanın hökumət nümayəndələri ilə atası Ebilin dəyişdirilməsi üçün danışıqlar aparır. Aparılan danışıqlar nəticəsində Ağdamda əldə olunan razılaşmaya əsasən, Bakı şəhərində saxlanılmış 4 nəfər erməni cinayətkarının müqabilində 14 nəfər girovun və 13 nəfərin meyitinin dəyişdirilməsi nəzərdə tutulur. Bundan sonra Vartan Tevon Tağıyevlə birlikdə olan digər azəbaycanlı girovları Heşan kəndinə gətirərək onları kolxoz binasının gözətçi otağında daha 14 -15 gün saxlayır.
Qeyd olan müddətdə girovlar gündə 3 dəfə gecə və gündüz Qaradağlı kəndinə aparılaraq 13 nəfər meyidin yığışdırılması ilə məşğul olurlar. Tevon Tağıyev onların arasında silos quyusunda basdırılmış oğlu Telmanın da meydini çıxarmağa səy göstərsə də, bu mümkün olmur.
Beləliklə, 1992-ci il martın 30-da mülki geyimdə olan Vartan Ağdamın Mərzili postunda Xankəndi türməsində 50 gün saxlanılmış 14 nəfər Qaradağlı kənd sakinini və qətlə yetirilmiş 13 nəfərin meyitini maşınla Ağdamın Mərzili postuna gətirərək atası Ebil və 3 nəfər erməni qulduruna dəyişdirir.
14 nəfər bunlardır:
Tağıyev Tevon Habil oğlu, 1925-ci il təvəllüdlü;
Hüseynov Məhəmməd Hüseyn oğlu, 1934-cü il təvəllüdlü;
Abbasov Aydın Mehdi oğlu, 50-60 yaşında;
Hüseynov Atıxan Fərman oğlu, 1936-cı il təvəllüdlü;
Şirinov Şamxal Familət oğlu, 1968-ci il təvəllüdlü;
Şirinov Elman, 1968-ci il təvəllüdlü;
Əmirxanov Güloğlan Əkbər oğlu, 1953-cü il təvəllüdlü;
Tağıyev Talib İnqilab oğlu, 1964-cü il təvəllüdlü;
Kərimov Qara Hüseyn oğlu, 60 yaşında;
Əliyev Qasımın oğlanları -23 və 25 yaşlarında, hər ikisi evlidir,
Beyləqan rayonunda məskunlaşmışdır:
Quliyev Əmiraslan İmkan oğlu, 1966-cı il təvəllüdlü;
Tağıyev Sərdar Qaçay oğlu, 1940-cı il təvəllüdlü;
Tağıyev əvəz Qaçay oğlu, 1945-cı il təvəllüdlü; E.Balayana dəyişdirilmiş
13 nəfərin meyiti isə Qaradağlı kəndinin müxtəlif yerlərindən yığışdırılıb, 9
nəfərin meyiti isə kəndin yaxınlığında yerləşən silos quyularından çıxarılıb.
Həmin 13 nəfərin şəxsiyyəti müəyyənbləşdirlib:
- Hüseynov Şamurad Hüseynalı oğlu, 60 yaşında;
- Dadaşov Eldar İsa oğlu, 55 yaşında;
- Kərimov Qaran adlı kənd sakinin oğlu 20 yaşında, polis əməkdaşı,
başı kəsik vəziyyətdə;
- Bayramov Rəşid Həşim oğlu 60 yaşında;
Silos quyusundan çıxarılanlar:
- Hüseynov Dəmir , 70 yaşında;
- Mobil Mürsəl oğlu, 40 yaşında;
- Əzizov Atəş Əfqan oğlu, 16 yaşında;
- Xəlilov Zahid Əyyub oğlu, 40 yaşında;21
- Yaqub, 19 yaşında;
- 2 nəfər XTPD-nın işçiləri, Ağdam rayonu sakinləri.
İcraatda olan təhqiqat işi çərçivəsində keçirilən tədbirlər zamanı şahid bazası ətrafında yoxlanmış materialların təhlili göstərir ki, Xocalı soyqırımından 10 gün əvvəl başlamış Qaradağlı faciəsi Azərbaycan və dünya ictimaiyyətinin nəzərindən kənarda qalıb. Erməni quldurları 1992-ci il fevralın 17-də Qaradağlı kəndinə hücum edərkən Xocalıdan fərqli olaraq müxtəlif işgəncələrlə 77 nəfərdən çox azərbaycanlının vəhşicəsinə qətlə yetirib.
Orxan Əli
Ardı var...