El adətimiz “statusunu” dəyişir: indi “elçi daşı” şadlıq evlərində “qoyulub”
Son zamanlar ad günləri, sünnət, nişan, xınayaxdı kimi kiçik şadyanalıq mərasimlərinin restoranlarda, şadlıq saraylarında keçirilməsi adət halını alıb. Hətta bəzi ailələr bu mərasimlərin ilk mərhələsi olan elçiliyi belə restoranlarda keçirirlər. Əvvəllər isə adətə görə elçilik üçün ağsaqqallar qız qapısına dəfələrlə gedər, qız evi də "Qız qapısı, şah qapısı" deyimi ilə elçiləri bir müddət get-gələ salardı. Amma indi bəzi ailələr qız qapısına yox elçilik üçün də şadlıq saraylarının qapısını döyməli olurlar.
Elçilik mərasiminin də restoranlarda keçirilməsi tendensiyasının artması bəzi ailələrin əziyyətə qatlaşmaması ilə izah olunursa, əksər hallarda bunu dəbə ayaq uydurmaq istəyi ilə həyata keçirirlər. Maraqlıdır, toy adətimizdən biri olan elçilik mərasiminin şadlıq saraylarında keçirilməsi nəyin təzahürüdür?
Deputat: “Təəssüf ki, bütün bunlar yavaş-yavaş öz adətliliyini itirir”
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli adətlərin unudulmaması üçün onların təntənəli keçirilməsinin tərəfdarıdır: “Elçilik, sağdış, soldış köhnəliyin qalığı olduğu deyilsə də, bu bizim adətlərimizdir. Təəssüf ki, bütün bunlar yavaş-yavaş öz adətliliyini itirir. Ad eləmək, elçilik, nişan kimi mərasimlərin restoranlarda keçirilməsinin tərəfdarıyam. Amma bu kimi el şənliklərinin təntənəli keçirilməsindən istifadə edib ifratçılığa yol verilməməlidir”.
Floklorşünas: “Elçiliyin restoranlarda edilməsi ən azından harınlıqdan irəli gəlir”
Folklorşünas Elxan Məmmədli isə elçilik mərasiminin bu qədər təntənəli keçirilməsinin səbəbini “qonşudan geri qalma” psixologiyası ilə izah edir: “Ailələr təmtəraq arxasınca qaçır. “Qonşu oğlunun elçiliyinin restoranda elədi, qoy mən də belə edim”. Daha buna imkanı var, yox bunu fikirləşmirlər. Mənim fikrimcə, bu milli adət-ənənədən uzaqlaşmaq deməkdir. Elçiliyin restoranlarda edilməsi ən azından harınlıq, lovğalıqdan irəli gəlir. Əvvəllər elçiliyə beş-altı dəfə gedərdilər. Amma indi bunun təmtəraqlı keçirilməsi artıq həmin adətin bayağılaşmasına səbəb olur. Ona görə də boşanma hallarının sayı artır”.
Mədəniyyət Fondunun eksperti: “Şadlıq evləri toy adətlərini biznesə çeviriblər”
Azərbaycan Mədəniyyət Fondunun baş eksperti Zemfira Kadırova son zamanlar belə xırda mərasimlərin də dəbdəbə ilə keçirilməsini şadlıq saraylarının biznesi adlandırır: “Heç bir ölkədə bu qədər dəbdəbəli toy mərasimləri keçirilmir. İnkişaf etmiş ölkələrin heç birində 300-500 nəfərlik toy edilmir. Yalnız bizdə bu sahəni güclü biznesə ceviriblər. Xalq tək şadlıq sarayları, toy eşqi ilə yaşamamalıdır”.
Gültəkin Ələsgər