Modern.az

AzTV Müəllif Hüquqları Agentliyinə müraciət edib

AzTV Müəllif Hüquqları Agentliyinə müraciət edib

Ölkə

6 Yanvar 2010, 15:58

Modern.az-ın xəbər verdiyi kimi, İctimai Televiziya (İTV) ilə AzTV arasında “Ovqat” bədii-ədəbi verilişi ilə bağlı ciddi narazılıq yaranıb. Narazılığa səbəb həftənin hər bazar günü səhər saat 8.00-dan 10.00-dək İctimai Televiziyada (İTV) yayımlanan “Ovqat”ın yanvarın 3-də elə eyni vaxtda, eyni formatda və eyni adda AzTV-nin efirində göstərilməsidir. AzTV-də yayımlanan “Ovqat”ı həmişə İTV-nin “Ovqatı”nda aparıcılıq edən və bu kanaldan işdən çıxan Səyyarə Səyyaf aparıb. İctimai Televiziya bəyan edib ki, AzTV bu addımı ilə müəllif hüquqlarını pozub. İTV bildirib ki, onun efirində populyarlıq və reytinq qazanan “Ovqat” verilişinin müəlliflik hüququ jurnalist Səyyarə Səyyafa deyil, televiziyaya məxsusdur.

Bu gün AzTV-dən də məsələ ilə bağlı Modern.az-a açıqlama verilib. Saytımıza bildirilib ki, yanvarın 5-də “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Mövlud Balakişiyev (Süleymanlı), Gülsüm Əhmədqızı (Əlövsətzadə), Möhbəddin Səməd və Səyyarə Məmmədova Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanova müraciət edərək, «Ovqat» verilişi ilə bağlı müəllif hüquqlarının qorunmasını xahiş ediblər.

Dövlət Televiziyasından Müəllif Hüquqları Agentliyinin sədri K.İmanova ünvanlanan müraciətdə bildirilib ki,  hələ 1993-cü ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin hüquqi varisi olduğu Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində sədr müavini Mövlud Süleymanlı “Ovqat” adlı radio verilişinin yaradılması barədə təklif irəli sürüb. “1994-cü ilin aprelində “Ovqat” radio verilişi ilk dəfə dinləyicilərə təqdim edildi. Verilişin ilk ssenari müəllifi Gülsüm Əhmədqızı olub. Daha sonradan bir çox şəxslər, o cümlədən Möhbəddin Səməd, Telman Qarayev, İsa İsmayılzadə və digərləri verilişdə ssenari müəllifləri kimi iştirak ediblər. 1994-cü ildə ölkəmizdə müəllif hüquqları ilə bağlı qanun hələ qəbul edilmədiyi üçün biz verilişlə bağlı hüquqlarımızı təsbit edə bilmədik. Sonradan isə  gərgin yaradıcı iş bunu etməyə imkan vermədi. “Ovqat” verilişi indi də hazırlanaraq radio dalğalarında yayımlanır. Verilişin televiziya versiyası da hazırlanmışdı və onun efirə getməsinə çox az qalmışdı. Lakin bunu həyata keçirə bilmədik. Belə ki,  2006-cı ilin yanvarında İctimai Televiziyada eyni adlı “Ovqat” verilişi efirə getməyə başladı. İctimai Televiziyada yayımlanan “Ovqat” verilişinin adı, ideyası, senarisi, forma və məzmunu bütövlükdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində hazırlanan “Ovqat” radio verilişindən götürülüb. Biz hesab edirik ki, uzun illər boyu çalışdığımız “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin, həm də müəllif kimi bizim şəxsi hüquqlarımız pozulmuşdur. 

Qeyd olunanlara əsasən, “Ovqat” verilişi ilə bağlı hüquqlarımızın qorunmasında bizə kömək etməyinizi xahiş edirik”-deyə AzTV-nun əməkdaşları müraciətdə bildiriblər. 

Qeyd edək ki, AzTV-dəki “Ovqat” verilişinin aparıcısı Səyyarə Səyyaf  Müəllif Hüquqları Agentliyinin sədri K.İmanova həm də ayrıca ərizə yazıb. O, bildirib ki, 2006-cı il yanvarın 15-dən İctimai Televiziyada yayımlanan «Ovqat» verilişinin həm ssenari müəllifi, həm də aparıcısı olub. “Bu verilişin forma və məzmunu Azərbaycan Teleradiosunun (AzTV) məhsulu olan «Ovqat» verilişindən götürülüb.

4 il ərzində həmin verilişi mən aparmışam. 2009-cu ilin sentyabr ayının 27-də «Ovqat» verilişini sonuncu dəfə aparmışam. Öz ərizəmlə verilişin  müstəsna istifadə hüquqlarını İctimai Televiziyaya versəm də, müəllif kimi şəxsi hüquqlarım qanunvericiliklə qorunur. Belə ki, məndən sonra hazırlanan «Ovqat» verilişlərində mənim həmin verilişin müəllifi olmağım barədə yazı (titr) getməli olsa da, adım yeni verilişdən çıxarılmışdır. Hesab edirəm ki, bu, mənim şəxsi hüquqlarımın (ad hüququnun) kobud surətdə pozulmasıdır.

Qeyd olunanları nəzərə alaraq, mənim İctimai Televiziyada yayımlanan «Ovqat» verilişi ilə bağlı müəlliflik hüquqlarımın (ad hüququnun)  qorunmasına kömək etməyinizi xahiş edirəm”-deyə S.Səyyaf ərizəsində yazıb.

Günay MUSAYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı