Modern.az

Həcc ziyarətinin təşkilindən narazılar indi danışmağa başlayıblar

Həcc ziyarətinin təşkilindən narazılar indi danışmağa başlayıblar

Ölkə

6 Yanvar 2010, 16:41

2009-cu ilin sonlarında Azərbaycandan müqəddəs Həcc ziyarətinə gedən zəvvarlardan bir neçəsi Modern.az-a açıqlama verərək ziyarətin təşkilindən narazılıq ediblər.

İsrarla adlarının çəkilməməsini istəyən keçmiş zəvvarlar-indiki hacılar bildiriblər ki, ziyarət lazımi səviyyədə təşkil olunmayıb, onlar Məkkədə bələdçisiz qalaraq çətinlik çəkiblər. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova səslənən iradı qəbul etməyib: “Biz hansısa bir zəvvarın fikrini ümumi heyətin adına yaza bilmərik. Əksinə, Həcc ziyarəti 2009-cu ildə əvvəlki illərə nisbətən daha mütəşəkkil təşkil olunub. Çünki keçən il Həcc ziyarətini özəl şirkətlər istisna olmaqla yalnız Qafqaz Müsəlmanları İdarəsi təşkil edib. Digər tərəfdən əgər hansısa zəvvar ziyarətin asan olacağını düşünürsə, bu da düzgün deyil. Adicə onu deyək ki, Həcc ziyarəti zamanı elə bir mərhələ və məkan var ki, orada zəvvar gecəni yerdə yataraq gecələməlidir”. İdarənin mətbuat katibi onu bildirib ki, azərbaycanlı zəvvarlar Səudiyyə Ərəbistanında müxtəlif quruplara bölünərək hərəkət ediblər və hər qrupun öz rəhbəri olub. Rəhimə Dadaşova quruplarda kifayət qədər bələdçilərin olduğunu söyləyib: “Hansısa anda bir zəvvara lazımi diqqətin göstərilməməsi bələdçinin olmaması kimi yozulmamalıdır. Hər bir zəvvar Həcc mərasimində iştirak etməzdən əvvəl ziyarətin təbii xüsusiyyətlərindən doğan çətinlikləri göz önünə almalıdır”.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətində 2 min zəvvar iştirak edib. 2009-cu ildə əvvəlki illərdən fərqli olaraq zəvvarlar arasında heç bir ölüm hadisəsi qeydə alınmayıb. Əlvan Rüstəmov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı