Modern.az

İctimai Televiziya ilə AzTV-nin davasına son qoyuldu

İctimai Televiziya ilə AzTV-nin davasına son qoyuldu

Ölkə

9 Yanvar 2010, 21:35

Yanvarın 3-də həm İcimai Televiziyanın (İTV) həm də AzTV-nin efirində eyni saatda, eyni ad və eyni formatda “Ovqat” bədii-ədəbi verilişinin yayımlanması bu iki telekanal arasında ciddi narazılığa səbəb olmuş, tərəflər bir-birini müəllif hüquqlarını pozmaqda ittiham etmişdi. Ardınca həm İTV, həm də AzTV “Ovqat”a olan müəlliflik hüququnun bərpası üçün Müəllif Hüquqları Agentliyinə müraciət etmişdi. Lakin İTV Müəllif Hüquqları Agentliyinin cavabını gözləmədən “Ovqat” adından imtina edib. Bu barədə Modern.az-a İTV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov məlumat verib.

T.Məmmədov saytımıza bildirib ki, “Ovqat” proqramı ilə bağlı yaranmış vəziyyətə dair yekun qərarın şirkətin baş direktoru İsmayıl Ömərovun Bakıya qayıtmasindan sonra veriləcəyi gözlənilirdi. O, İsmayıl Ömərovun artıq işə çıxdıgını və onun rəhbərliyi ilə Direktorlar Şurasının iclasının keçirildiyini bildirib. İclasda İctimai Teleradionun bayram həftəsini necə yola salması və qarşıdan gələn 20 Yanvarla bağlı proqramlar müzakirə olunub. T.Məmmədov deyib ki, toplantıda “Ovqat”la bağlı məsələyə çox qısa toxunulub və konkret qərar qəbul edilib. İclasda İsmayıl Ömərov deyib: “Bu cür çox bəsit məsələlərə belə emosional münasibət doğru deyil. “Ovqat” proqramının İctimai televiziyaya məxsus olduğunu tamaşaçılar gündüzün gecəni əvəz etdiyi reallıq qədər aydın bilirlər. 4 ildir proqram efirimizdə, şəhadətnamə də əlimizdə. Biz nəyi sübut etməliyik ki? Bəzi başqa kanalların götürmək istədiyi, maraq göstərdiyi təkcə “Ovqat” proqramı deyil ki. Bizim çoxsaylı layihələrimizə bu cür maraq göstərirlərsə, buna qəzəblənmək, qısqanmaq yox, sevinmək lazımdır. Son dövrlərin ən aktual mövzularından olan teleməkanın acınacaqlı vəziyyətini telekanallar bir-birinə baxıb düzəldirlərsə, bu özü çox yaxşı haldır. Bu ümumi işimizin bir tərkib hissəsidir və heç kəsə sirr deyil ki, bu gün İctimai televiziyanın kollektivi öz peşəkarlığı və hazırlığı ilə fərqlənir. Bu gün teleməktəb missiyası onun üzərinə düşür və bu peşəkar kadrların və layihələrin başqa kanallara getməyi təbiidir. Konkret halda son bir ildə AzTV-yə 10 nəfərə yaxın əməkdaşımızın getməyi onlar üçün qazancdırsa, bizim üçün itki deyil. O cümlədən də “Ovqat” verilişinin həm aparıcısının, həm də rejissorunun getməyi. Bizim hələ efirə çıxası ehtiyatda neçə-neçə layihələrimiz var. Bu qədər yerli və beynəlxalq layihələrin, canlı telekörpülərin olduğu halda niyə artıq öz-özünü təkrarlayan, 4 ildir yayımladığımız bir layihənin adının davasını çəkirsiniz. Biz yanvarın 10-dan etibarən hər bazar günü səhər tezdən “Səhər Sovqatı” adlı yeni proqram yayımlayacağıq. Bütün dünyaya səpələnmiş azərbaycanlılar, türk dünyası bu sovqatda mənəvi bir rahatlıq, saflıq tapacaq”. Tahir Məmmədov qeyd etdi ki, İsmayıl Ömərovun təkidlə etdiyi bu təklifi Direktorlar Şurası qəbul etdi.

Beləliklə, İTV “Ovqat” adından imtina edib. Yanvarın 10-da İTV-nin efirində “Ovqat” deyil, “Səhər Sovqatı” adlı yeni proqram yayımlanacaq. Adəm Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?