Yanvarın 5-dən ali məktəblərdə qış semestr imtahanları başlayıb. Artıq elə semetrin əvvəlindən tələbələr imtahanlarla bağlı şikayət edirlər. “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin (TBƏİB) tələbələrin müraciətlərinin qəbulu və onlara problemlərin aradan qaldırılmasına kömək məqsədilə yaratdığı “qaynar xətt” xidmətinə xeyli şikayət daxil olub. Bu barədə Modern.az-a İctimai Birliyin sədri Elnur Məmmədov məlumat verib.
E.Məmmədov bildirib ki, bir neçə gün ərzində "qaynar xətt" (tel: 417-23-16: e-mail [email protected]) xidmətinə 5 şikayət daxil olub: “Azərbaycan Beynəlxalq Universiteti, Neft Akademiyası və Xəzər Universitetinin tələbələr müxtəlif problemlərlə bağlı bizə müraciət ediblər”.
E.Məmmədovun sözlərinə görə, şikayət edən tələbələr imtahan nəticələrindən narazı qaldıqlarını bildiriblər.
"Beynəlxalq Universitet və Neft Akademiyasının tələbələri imtahandan kəsildikləri üçün şikayət ediblər. Xəzər Universitetində isə tələbələrdən 50 manat diplom haqqı yığılıb. Əslində diploma görə dövlət rüsumu 2 manat 50 qəpikdir. Biz bununla bağlı Təfəkkür və Avrasiya universitetlərində də araşdırma aparmışıq”.
"Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin sədri Təhsil Nazirıliyinin "qaynar xətti" ilə də əməkdaşlıq etdiklərini vurğulayıb.
Təhsil Nazirliyindən saytımıza bildirilib ki, bu qurumun "qaynar xətt"inə (496-34-82; 496-37-61; faks 496-37-61; e-mail: [email protected]) daxil olan müraciətlər barədə qış imtahan semestri yekunlaşandan sonra açıqlama veriləcək.