Modern.az

Bir həbsin hekayəsi - “Musəviyə dəstək üçün Təbrizə getdim, tutuldum” - MÜSAHİBƏ

Bir həbsin hekayəsi - “Musəviyə dəstək üçün Təbrizə getdim, tutuldum” - MÜSAHİBƏ

Ölkə

30 Aprel 2012, 10:18

Onu xalq hərəkatının iştirakçıları yaxşı xatırlayır -  Qardaşxan Əsədbəyli. Üç il əvvəl bir niyyətlə İrana  keçib və həbs olunub. Nə üçün həbs olunması orada başına gələnlər haqda Qardaşxan Əsədbəyli Modern.az-a danışır. 

- Əvvəlcə, özün haqqında məlumat ver.

- Mən 1958-ci ildə Naxçıvanın Babək rayonunun Cəhri kəndində anadan olmuşam. 1992-ci ildə o vaxtkı Politexnik İnstitutunu bitirmişəm. 1988-ci ildən xalq hərəkatına qoşulmuşam. Və hərəkatda fəal şəkildə iştirak etmişəm.

- İlk dəfə nə zaman həbs olunmusan və səbəb nə idi?

- Bu hadisə 2002-ci ilin fevral ayında olub. Qanunsuz olaraq külli miqdarda silah-sursat saxlama maddəsi ilə tutulmuşam. Üç il həbsdə yatmışam.

- Nə üçün  idi o silahlar?

- Artıq o məsələyə qayıtmaq istəmirəm.

- Bəs 2009-cu ildə İranda həbs olunmağın necə baş verdi?

- Xatırlayırsınızsa, 2009-cu ildə İranda prezident seçkiləri keçirildi. Bu seçkidə ən şanslı namizəd soydaşımız – Azərbaycan türkü Mirhüseyn Musəvi idi. Seçkidə səs çoxluğunu o qazansa da, hakim rejim onun qələbəsini tanımadı. Seçki Mahmud Əhmədnejadın xeyrinə saxtalaşdırıldı. Bu saxtakarlığa qarşı İranda kütləvi xalq etirazları başlamışdı. Mirhüseyn Musəvi “Yaşıl hərəkat”ın lideri idi. Mən də onun hərəkatına dəstək vermək üçün İrana yola düşdüm.

- Nə zaman? Dəqiq tarixi xatırlayırsanmı?

- 2009-cu il iyun ayının 28-də sərhəddən - o müdhiş, xalqımızı iki hissəyə bölmüş çürük məftilləri tapdalayaraq Büləsuvar şəhəri ərazisindən Güney Azərbaycana keçdim.

- Qaçaq yolla keçmisən demək...

- O torpaqlar hamısı öz ərazilərimizdi. Ona görə də mənim üçün ya sərhəd məntəqəsindən, ya da başqa bir nöqtədən keçməyin fərqi yoxdur. Mən də ikincini daha məqsədəuyğun hesab etdim. Sərhədi keçdikdən sonra bir maşınla - o tay Biləsuvar gömrüyünün qarşısından minik maşını ilə Culfaya, oradan da taksi ilə Azərbaycanın əbədi və əzəli paytaxtı olan  Təbrizə gedib çatdım.

- Özünlə nə aparmışdın?

- Cəmi 20-25 manat vardı üstümdə. Sizə deyim ki, bizim manatımız o tayda da işləyir. Bundan başqa özümlə Musəvi haqqında, Güneydəki milli hərəkat haqqında geniş yazılar çıxmış “Azadlıq”, “Bizim Yol”, “Hürriyət,” “Yeni Müsavat”, “Ekspress” “Türküstan”, “Vətəndaş Həmrəyliyi” “525-ci qəzet”,  “Ədalət”, “Xalq Cəbhəsi” qəzetlərindən də xeyli sayda aparmışdım. Həmçinin, özümlə bayraqlar götürmüşdüm. Təbrizdə 17-18 saat qaldım, bir neçə müəllimlə görüşüb söhbətləşdik. Təbrizdə həmin günlər sakitlik idi. Mən də arzuladığım ab-havanı orada görməyəndə 1 gündən sonra geri qayıtmağı qərara aldım. Təbrizin avtovağzalından gecə saat 12.00 radələrində gəlib o tay Büləsuvara çatdım. Gecəni orada qalıb sabahısı, o taya necə keçmişdimsə, eyni qayda ilə bu taya keşmək istəyirdim. Gömrük idarəsinin qarşısında yeməkxanada oturub yeyib-içdikdən sonra oranın sahibi mənim yeməkxanada gecələyimə razılıq verdi. Gecə saat 2.00 radələrində 2 polis gəldi, sənədimi yoxladılar. Pasportumun vaxtı da bitmişdi. “Bizimlə getməlisən” dedilər. Sabahısı istintaq etdilər və məni Biləsuvardan 55 km cənub-şərqdə yerləşən Germi şəhərindəki təcridxanaya apardılar.

- Nə qədər həbsdə qaldın orda? 

- Sonra məni Ərdəbilə ETTALAAT-ın istintaq idarəsinə apardılar. Günlərlə sörğu-sual edirdilər. Bütün bunların da çəkilişi aparılırdı.   

- Nə soruşurdular və hansı dildə?

- Mənimlə doğma dilimizdə - Azərbaycan türkcəsində danışırdılar. Bütün həyatımı soruşdular. Burdakı partiyalara, şəxslərə münasibətimi soruşurdular. İranda kimlərlə görüşmək istədiyimi soruşdular. Mən ilk olaraq Musəvini dedim, hətta Əhmədnejadla da görüşüb söhbət etməyə hazır olduğumu  bildirdim. 4 günlük sorğu-sualdan sonra yenidən məni Germiyə qaytardılar. Ondan 2 ay sonra məhkəmə oldu və 2 il 6 ay həbs kəsdilər. Onun 1 ili siyasi motivə, 1 ili sərhəd pozuculuğuna görə, 6 ayı da bu qərara etiraz etdiyimə görə verdilər. Məhkumluğumun 20 ayını Germidə keçirdim. Qalan 10 ayını isə Ərdəbil zindanında.

- Burada yaxınların, dostların xəbər tutmuşdularmı başına gələnlərdən?

- Qohumların xəbəri vardı. 2011-ci il dekabrın 21-də artıq gəlib Bakıya çıxdım.

- Burada səni sorğu-sual etdilərmi bu hadisə ilə bağlı?

- Əlbəttə, müvafiq orqanlar məsələ haqqında məlumatlı idilər və lazım olan məqamları soruşdular.

- Doğulduğun kənddən hazırda Azərbaycan siyasətində kimlər var və onlarla münasibətlərin necdir?

- ADP sədri Sərdar Cəlaloğlu, tanınmış hüquqşünas Qurban Məmmədov, YAP-çı deputatlar Siyavuş Novruzov, Eldar İbrahimov, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bizim Cəhri kəndindəndilər. Daha çox Sərdar bəylə təmasım olur. Müxtəlif tədbirlərdə görüşürük. Siyavuş Novruzovla da bir neçə dəfə ötəri görüşmüşük şəhərdə.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı