Modern.az

FHN-nin Akademiyasında qiyabi təhsil şöbəsi açılacaq

FHN-nin Akademiyasında qiyabi təhsil şöbəsi açılacaq

Ölkə

9 Yanvar 2010, 15:39

2009-cu ilin sentyabrından fəaliyyətə başlayan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında da qış imtahan sessiyası başlanıb. Təhsilin kredit sisteminə uyğun olaraq imtahanlar test üsulu ilə aparılır.
Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda Akademiyada 2 ixtisas üzrə 100 nəfər kursant təhsil alır. Onlar hərbi forma, gündəlik yemək və yüksək səviyyədə məişət şəraitinin yaradıldığı yataqxanalarla təmin ediliblər. Akademiyanın rəhbərliyi mütəmadi olaraq hər həftənin şənbə-bazar günləri valideynlərlə görüşlər keçirir, həmin görüşlərdə təkliflər dinlənilir, kursantların sosial - məişət məsələlərinin həlli diqqət mərkəzində saxlanılır.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına ilk dəfə 2009-cu ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən imtahan keçirilib və təhsil ocağına 100 müdavim daxil olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yeni yaradılmış Akademiyada  dərsləri  təcrübəli müəllim - professor heyəti həyata keçirir. Onların arasında 4 elmlər doktoru, 10 elmlər namizədi var. Akademiyada  ilk tədris günündən başlayaraq ali təhsilin mövcud hüquqi-normativ sənədlərə, Bolonya bəyannaməsinin müddəalarına uyğun qurulduğu, tədris olunan fənnlərin kredit sistemi ilə aparıldıçı bildirilir.
Tədris müəssisəsində  yeni kitabxananın yaradılması, kitab fondunun zənginləşdirilməsi, yaxın gələcəkdə isə elektron kitabxananın işlək mexanizmə çevrilməsi  də əsas diqqət yetirilən məsələlərdəndir.
Nizamnaməyə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi sistemində çalışan  əməkdaşların  ixtisaslarının artırılmasını  və yenidən hazırlanmasını həyata keçirmək məqsədilə "Kadrların yenidən hazırlığı və ixtisasartırma" fakültəsinin, 2010-2011-ci tədris ili üçün həmçinin qiyabi təhsilin təmin edilməsi,  Akademiyaya qəbul qaydalarının müəyyənləşdirilməsi üçün İşçi qrup tərəfindən hazırlıq işləri aparılır.
Akademiya Rusiyanın, Belarusun və Ukraynanın müvafiq tədris müəssisələri ilə əlaqə yaradıb, onların  mövcud təcrübəsi öyrənir.
Hazırda Akademiya üçün müasir tipli tədris bazasının yaradılması üçün müəyyən edilmiş ərazidə yeni müasir tələblərə cavab verən binanın, yeməkxananın, idman kompleksinin, təlim -  tədris məşğələləri üçün poliqonun tikintisi sürətlə aparılır.

Adəm Qorxmaz 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?