Yanvarın 9-da Azərbaycan Kinematoqrafçılar İttifaqında millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifov barəsində çəkilən filmin təqdimat mərasimi keçirilib. Filmin ssenari müəllifi Etibar Məmmədovdur. Modern.az xəbər verir ki, tədbirin aparıcısı, tanınmış jurnalist İlhamiyyə Rzayeva Milli qəhrəmanlar mövzusunun cəmiyyət üçün aktuallığından danışıb.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlar göstərən oğul və qızlarımızın təbliği Azərbaycan cəmiyyəti üçün çox vacibdir. : “Naiq Yusifov və onun kimiləri Azərbaycan gəncləri üçün örnəkdirlər. Bu qəhrəmanlarla yanaşı, onların ailə üzvlərini də təbliğ etməliyik. Çünki valideynləri də onlar kimi qəhrəmandırlar"-deyə deputat bildirib.
Q.Paşayeva Azərbaycan telekanallarının davamlı olaraq belə filmləri nümayiş etdirməsini arzulayıb.
Onun sözlərinə görə, tezliklə Azərbaycanın Milli qəhrəmanları haqqında internet saytı fəaliyyətə başlayacaq: “Gələn ay bu saytın təqdimatı olacaq". Deputat deyib ki, hər şeyi dövlətdən gözləmək lazım deyil, imkanlı şəxslər belə məsələlərə dəstək verməlidirlər.
Mərasimin sonunda Naiq Yusifov haqqında çəkilən film nümayiş etdirilib.
Qeyd edək ki, Naiq Yusifov 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub. Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstələrdən birinə yazılıb. 24 mart 1992-ci il tarixdə Tovuzun Koxa-Nəbi kəndinə hücum edən ermənilərlə döyüşdə Naiq Yusifov qumbaranı sinəsinə sıxaraq partladıb, bir neçə düşməni məhv edib, özü isə şəhid olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Yusifov Naiq Nəsir oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.