Modern.az

Soyadlara "-bəyli" "-xanlı" sonluğu götürmək olacaqmı?

Soyadlara "-bəyli" "-xanlı" sonluğu götürmək olacaqmı?

Ölkə

12 Yanvar 2010, 15:04

ƏSİL- NƏCABƏTİNDƏ BƏYLİK, XANLIQ OLMAYAN BƏZİ ADAMLAR DOLAYI YOLLARLA SOYADLARINI ARİSTOKRATLAŞDIRIBLAR

Azərbaycanda soyad sonluqlarının dəyişdirilməsi məsələsi yenidən gündəmdədir. Milli Elmlər Akademiyasının nəzdində yaradılan Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın hazırladığı konsepsiyada “-ov”, “-yev”, “-zadə” soyad sonluqlarının tamamilə ləğvi nəzərdə tutulur. Əvəzində “-li”, “-lu”, “-lü”, “-oğlu”, “-qızı”, “-gil” soyad sonluqlarının qəbul edilməsi məqsədəuyğun sayılıb. Soyad sonluğunu dəyişmək istəyən bir çox vətəndaş isə soyadının sonuna “-lı”, “-li”-dən əvvəl “-bəy”, “-xan” sözlərini də əlavə etdirməyi düşünür.  Bəs bu mümkündürmü?

Qeyd edək ki, hazırda Azərbaycan əhalisinin böyük əksəriyyətinin soyadında rus soyad sonluqları olan «ov», «yev» var. İndiyədək könüllü olaraq soyad sonluqlarını milliləşdirmək və «-ov», «-yev»i  “-lı”, “-li”yə dəyişdirmək istəyənlər çox olub. Buna nail olanlar da var, ola bilməyənlər də. Bir sıra ərazi Polis idarələrinin pasport-masa şöbələrindəki süründürməçilik səbəbindən çoxları rus soyad sonluqlarını dəyişdirməyi təxirə salmalı olub. Azərbaycan cəmiyyəti soyadların milliləşdirilməsi ilə bağlı atılan addıma müsbət yanaşır. Düzdür müəyyən məqamlarla razılaşmayanlar da var. Bu da əsasən “-zadə” sonluğu ilə bağlıdır. Soyadı bu sonluqla qurtaran vətəndaşlar “-zadə”nin ləğvini istəmirlər.
Ədliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə “-zadə” sonluğunun ləğvinin və ümumiyyətlə, soyad sonluğunun məcburi dəyişdirilməsinin əleyhinədir: “Bəlkə kimsə soyad sonluğunu dəyişmək istəmir, niyə məcuri olmalıdır ki...?  Komissiya deyir ki, “zadə” sonluğu götürülməlidir. Guya, bu İran mənşəlidir. Bu nəvaxtdan İran mənşəli soyad sonluğu olub axı...?”
AMEA-nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitunun elmi işçisi, fəlsəfə elmləri namizədi Faiq Ələkbərli soyadların milliləşdirilməsi istiqamətindəki addıma müsbət yanaşır, amma onu da istəyir ki, vətəndaşa təkcə sonluğu deyil, bütövlükdə soyadı dəyişdirmək imkanı yaradılsa, yaxşı olar: “Məsələn, kimsə Məmmədov, Əhmədov soyadını Turan, Türkel etmək istəyir. Buna da imkan yaradılmasının tərəfdarıyam”.
Tanınmış sənətçi, xalq artisti Flora Kərimova da soyadlarla bağlı xüsusi konsepsiyanı alqışlayır və tezliklə belə bir qərarın qəbul edilməsini gözləyir. "Mən bu qərarı çoxdan gözləyirdim. "-ov"-lar, "-yev"-lərdən canımız qurtarmalıdır. Mənə elə gəlir ki, bu ruslardan qalığıdır".
Müğənni soyadını dəyişdirərək, "Kərimbəyli" etmək arzusundadır: "Bizə Kərimbəyli deyiblər və mən də bu soyadı götürməyə hazıram".
Modern.az-ın sorğusunda iştirak edən bir çox vətəndaş soyadına «-bəylı», «-xanlı» sonluğunu əlavə etdirmək istəyini bildiriblər. Araşdırmalarımız göstərir ki, indiyədək bir sıra vətəndaşlar soyadlarının sonluğunu dəyişdirərkən “-bəyli”, “-xanlı” yazırmağa nail olublar.
Amma araşdırmalar onu da göstərir ki, soyadlarına «-bəylı», «-xanlı» sonluqlarını əlavə etdirənlərin əksəriyyətinin əsil-nəcabətində, şəcərəsində bəylik, xanlıq olmayıb. Bununla da onlar öz dədə-baba soyadını dolayı yollarla aristokratlaşdırıblar.
Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanov Modern.az-a bildirib ki, əgər kiminsə əsl-nəcabətində bəylik, xanlıq olubsa, o zaman onun soyadına “-bəyli”, “-xanlı” sonluğu yazmaq mümkündür.
Amma həmin şəxslər şəcərəsində bəylik, xanlıq olduğunu qanuni əsaslarla sübut etdirməlidir. Yəni bunun üçün arxivlərə və digər müvafiq qurumlara müraciət edib sənədlər toplamaq lazımdır. Lazımi sənədlər toplanıldıqdan sonra onları təqdim etməklə müvafiq sərəncam əsasında soyad sonluğu kimi “-bəyli” və “-xanlı” götürülə bilər.                                           

Maraqlıdır ki, elə Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən saytımıza bildirilib ki, soyadlara «-bəyli», «-xanlı» sonluqlarının artırılması ilə bağlı rəsmi icazə yoxdur. Buna görə də hansısa qurum kiminsə əsl-nəcabətini araşdıraraq ona bəy, xan nəvəsi və ya nəticəsi olması barədə arayış verə bilməz.
Amma bu qurumdan indiyədək soyadlarını dəyişdirərək məsələn, Kərimovu Kərimbəyli, Əliyevi Əlibəyli kimi yazdıranlar barədə məsələyə aydınlıq gətirilməyib.

Milli Elmlər Akademiyasının nəzdində yaradılan Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın katibi Gülarə Əmirova Modern.az-a açıqlamasında bildirib ki, komissiyanın soyad sonluğu kimi “-bəyli”, “-xanlı” sonluğu ilə bağlı müzakirələr aparıb-aparmayacağı məlum deyil: “Hələlik bu barədə konkret bir söz deyə bilmərm. Müzakirələrə başlanılmayıb. Müzakirələr bir xeyli vaxt aparacaq. Onun nəticəsi olaraq tövsiyyələr hazırlanacaq, daha sonra qərar layihəsi hazırlanacaq”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?