Modern.az

Qəbirlərin dağıdılması ilə qeyrətə toxunulsa da...

 Qəbirlərin dağıdılması ilə qeyrətə toxunulsa da...

Ölkə

13 Yanvar 2010, 11:20

Ermənilər Azərbaycanın Qazax və Ağdam rayonlarında işğal altında olmayan ərazilərimizdəki qəbiristanlığı dağıdıblar. Bununla da ərazilərimizdəki qəbirləri dağıtmaqla sözün əsil mənasında millətimizi təhqir ediblər. Ermənilər insanlığa sığmayan hərəkətləri ilə millətin heysiyyatına toxunaraq azəri türklərinə qarşı qisasçılıq hisslərini ortaya qoyublar. Bəli, məhz qisasçılıq hisslərini. Çünki ermənilər heç vaxt millət qarşısında qəhrəmanlıq göstərmək səviyyəsində olmayıblar, heç bu barədə düşünmək əzmində belə bulunmayıblar. Müxtəsər, ermənilər bizim gücümüzü bizdən yaxşı bildiklərindən erməni xislətini ortaya qoyublar. Əslində ermənilər hələ də millət kimi formalaşmadıqlarından belə hərəkətlərə yol vermələri təbii qəbul edilməlidir. Ancaq bu o demək deyil ki, ermənilər xəbis hərəkətlərini illərlə davam etdirsinlər, biz isə səbrli xalq olduğumuzu nümayiş etdirək. Axı millətin yeddi arxa dönəninin uyduğu qəbiristanlığı, ata-babaların gorunu  dağıtmaqdan artıq millət üçün təhqirli nə ola bilər? 
Dəhşətlisi isə odur ki, təhqir olunmuş millətin nümayəndələri olmaqla baş verənləri olduqca soyuqqanlıqla qarşılayırıq. Sanki belə bir hadisənin baş verməsi atəşkəs rejiminin qanunauyğunluğudur. Yaxud erməninin atdığı daş millətin dırnağına toxunub. Əslində olduqca təhqiramiz hadisədir ki, özümüzü bu qədər öydüyümüz, regionda ən güclü orduya malik olduğumuzu, iqtisadi və hərbi potensialımızın əlçatmazlığını aləmə car çəkdiyimiz məqamda bir neçə erməni dığası çox rahatca nəzarətimiz altında olan əraziyə gəlir, qəbirlərimizi dağıdır və hətta qəbir üzərinə xaç şəkilli taxta qoyur. Şübhə ediirəm ki, hadisə baş verəndən dərhal sonra ictimaiyyətin diqqətinə çatdırılıb. Çox güman ki, baş verən olay xeyli əvvəlin hadisəsidir, sadəcə indi kimsə bundan xəbər tutaraq ictimailəşdirib. Əgər buna ictimailəşdirmək demək olarsa. Baxmayaraq ki, telekanallar bu olayı cəmiyyətə təqdim etməkdən ötrü obrazlı ifadə axtarışına çıxıblar, ancaq reallıq odur ki, cəmiyyət bunu olduqca sakitcə qarşılayır. Elə həmin telekanallarda bu barədə sadəcə informasiya verilməsindən başqa heç bir ictimai müzakirələrin şahidi olmadıq.

Hadisəyə Azərbaycanın rəsmi səviyyədə münasibəti bəlli oldu. Ölkənin xarici siyasət idarəsindən bəyan etdilər ki, əgər sübut olunsa ki, qəbiristanlığı doğrudan da ermənilər dağıdıb, onda beynəlxalq təşkilatlara müraciət ediləcək. Belə çıxır ki, ola bilsin qəbirləri ermənilər deyil, elə özümüzünkülər dağıdar, sonra biz beynəlxalq təşkilatlara yalan məlumat verməklə ermənilər qarşısında üzüqara qalarıq?...
Ona görə, qəbirlərin ermənilər tərəfindən dağıdılmasını sübut edən ekspert rəyləri və maddi sübutlar əldə edilməli, şahid ifadələri alınmalıdır. Bu isə olduqca çətin və ağır bir prosesdir, çünki ermənilər qəbiləri gecə dağıtdıqlarından hadisəni şəxsən görən olmayıb, taxtadan xaçı da təxribat məqsədilə gürcülər də qəbir üzərinə qoya bilərlər. Deməli, olaya rəsmi səviyyədə bundan artıq münasibət gözləməyə dəyməz, bu halda əsas ağırlıq vətəndaşların üzərinə düşür ki, onlar da heç nə baş verməmiş kimi eyş-işrətlə məşğuldurlar. Başa düşmək olmur ki, millətə qarşı  bundan artıq hansı təhqirli hadisələr törədilməlidir onu qeyrətə gətirmək mümkün olsun. Nə qədər acınacaqlı olsa da ermənilər sərhəd rayonlarında yaşayanların həyatını əsil cəhənnəmə döndərib. Düzdür, həmin ərazilərdə yaşayan soydaşlarımız buna qəhrəmanlıqla sinə gərərək öz doğma dədə-baba yuvalarını qorumaqda davam edirlər. Ancaq nə vaxta qədər insanlar ölülərini gecə ilə güllə altında basdıracaqlar, əzizlərinin qəbirlərini illərlə ziyarət edə bilməyəcəklər, toylarını qaranlıq toyxanalarda gizlincə edəcəklər. Əkin vaxtı əkinlərini, biçin vaxtı biçinlərini apara bilməyəcək, mal-qaralarını örüşə çıxara bilməyəcəklər.
Bəlkə vaxt tamam olub  millət qeyrətini ortaya qoyub nəyə qadir olduğunu ermənilərə nümayiş etdirsin?  Heç inanmağım gəlmir ki, Topxanada bir ağacın kəsilməsinə görə həyatını qurban verməyə hazır olan millət belə dəhşətli vandalizm qarşısında sussun… Ancaq hər iki rayonun yerli icra hakimiyyəti sakinləri əmin etdi ki, dağıdılmış qəbirlər əvvəlki görkəmindən də daha yaxşı şəkildə bərpa ediləcək. Bizim xalq isə daha tez unutqanlığı və bağışlamağı bacarmağı ilə fərqlənən xalqdır.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?