2009-cu il ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirmiş və aşağıdakı nəticələr əldə olunub.
Modern.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun məlumatına görə, 2009-cu ildə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə 25 görüş keçirilib, «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirlməsi ilə bağlı məsələlər, itkinlərin siyahıları arasındakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub, görülmüş işlər nəzərdən keçirilib, o cümlədən il ərzində əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılıb.
İl ərzində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış, lakin Beynəlxalq Qızıl Xaç Komitəsində qeydiyyatdan keçməyən 117 Azərbaycan vətəndaşı ilə bağlı materiallar toplanıb və sistemləşdirilərək bu quruma göndərilib.
İtkin düşmüş şəxslərin axtarışı istiqamətində aparılmış araşdırmalar nəticəsində il ərzində Dövlət Komissiyasında itkin kimi qeydiyyatdan keçən 84 nəfərin taleyi müəyyən olunub (2005-ci ildən ötən müddət ərzində 930 nəfər), adları siyahıdan çıxarılıb. Onlardan 29 nəfərin sağ, 35 nəfərin döyüşlərin gedişində həlak olduğu və yaxınları tərəfindən tanınaraq dəfn edildiyi, 13 nəfərin adının siyahıda təkrar keçdiyi, 7 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyənləşdirilib. Həmçinin, araşdırmalar zamanı 7 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib, adları müvafiq siyahıya salınıb.
1 dekabr 2009-cu il tarixə olan məlumata görə, 4133 nəfər itkin düşmüş, 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.
Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 44 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 119 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib.
Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 576 nəfər barədə sorğular göndərilib. Bu kateqoriyadan olan 983 nəfərin «şəxsi iş»i yaradılıb.
Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 322 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar (o cümlədən anket məlumatlar), təhlil edilib və sistemləşdirilərək müvafiq bazalara əlavə edilib, həmçinin onlara aid «şəxsi iş»lərdə toplanıb.
Beynəlxalq təşkilatlardan təqdim olunmuş məlumatlara əsasən itkin düşdüyü bildirilən ermənilərlə də bağlı Dövlət Komissiyasının İşçi qrupunda cari il ərzində araşdırma işi davam etdirilib. Belə ki, 38 nəfər barədə məlumatlar araşdırılıb, arayışlar tərtib olunub.
Modern.az