Ötən il Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət etmiş 178 itkinin yaxın qohumları İşçi qrupunda qəbul olunub, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilib, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib.
Modern.az xəbər verir ki, Dövlət Komissiyasınaın İşçi qrupunun məlumatına görə, 8 oktyabr 2008-ci il və 10 may 2009-cu il tarixlərində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri – Həsənov Rafiq Rəhman oğlu və Hacıyev Anar Xanbaba oğlunun da valideynləri Dövlət Komissiyasının İşçi qrupunda dəfələrlə qəbul olunub və onlara övladlarının azad olunması istiqamətində aparılan tədbirlər barədə onlara ətraflı məlumat verilib.
Eyni zamanda, valideynlərə bu məsələnin çox həssas xarakter daşıdığı, övladları barədə onların razılığı olmadan və yoxlanılmamış, fərziyələrə əsaslanan hər hansı məlumatların yayılmasının onların azad olunması prosesinə mənfi təsir edəcəyi izah olunub, bununla bağlı onlara müvafiq tövsiyyələr verilib. "Lakin valideynlər bu tövsiyyələrə çox zaman əməl etməmiş, övladlarının əsirlikdən yalnız ailələrinə ünvanladıqları məktubları belə, açıqlamışlar ki, bu da beynəlxalq humanitar hüquq normalarına ziddir"-deyə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu bəyan edib.
2009-cu ildə itkin düşmüş 35 vətəndaşın valideynləri tərəfindən Respublika Prezidentinə, Heydər Əliyev Fonduna, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxıldığı, qaldırılmış məsələlərin araşdırıldığı, görülmüş işlərlə əlaqədar Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna, digər aidiyyəti orqanlara və vətəndaşlara məlumatlar verildiyi bildirilib.
İl ərzində itkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 79 sorğu icra olunub.