Modern.az

Soyad paltardımı köhnəlsin və ya nimdaşlaşsın?

Soyad paltardımı köhnəlsin və ya nimdaşlaşsın?

Ölkə

13 Yanvar 2010, 21:31

Soyadlar milliləşdirilərkən tarixi ədalətsizliklər aradan qaldırılmalıdır

Soyadların milliləşdirilməsinə çox müsbət yanaşıram. “–lı”, “-li”, “-soylu”, “-zadə”, “-ov, “-yev”, “-gil” və s. hamısının eyni məna bildirmələrinə baxmayaraq, onların hər birinin ayrı-ayrı xalqların milli etiketi, tanınma atributlarından biri olduğu heç kəsin dana bilməyəcəyi konkret faktdır. Ancaq soyadların milliləşdirilməsi ilə bağlı problemlər təkcə kütləvi informasiya vasitələrində ictimailəşdirilən yazılardakı qədər deyil. Mən özüm övladlarıma doğum haqqında şəhadətnamə alarkən bu problemlərin ən fundamentalı ilə rastlaşmışam.
Bu məsələni diqqətinizə çatdırmaq üçün çox da uzaq olmayan tarixə yüngülvari bir ekskurs etmək məcburiyyətindəyəm. Bilirik ki, ötən əsrin 30-cu illərində Azərbaycan SSR-də əhalinin sənədlərlə tam təminatı prosesi aparılarkən məqsədli şəkildə əksər insanlara onların savadsızlığından sui-istifadə etməklə atalarının və ya babalarının adlarını pasportlarına familiya, soyad kimi qeyd edirdilər. Bu, əslində azərbaycanlıları öz soy-köklərindən uzaqlaşdırmaq, onları sovet xalqının tərkib hissəsinə adaptasiya etmək məqsədilə ortaya atılmış və əksərən baş tutmuş bir hiylə idi. Yəni burada strateji baxımdan məqsəd  “–ov”, “-yev”in qəbul etdirilməsindən daha çox, insanları öz tarixlərindən ayrı salmaq, nəsillər arasındakı əlaqəni kəsməyə hesablanmışdı. Sonradan isə soyad, familiya dəyişdirməyi hətta bir ənənəyə, dəbə çevirməyə nail olmuşdular. Yəqin hamının xatirindədir ki, sonrakı – 60-70-80-ci illərdə soyaddəyişmə vərdişinə aludə olmuş bəzi şəxslər hətta o dövrün yanaşması ilə “familiyalarımız köhnəlib (?!), gərək nəvələrə “metirka” alanda familiyaları dəyişdirib atamın adını familiya kimi yazdıram” kimi məntiqsiz ifadələr işlədir və bir şox məqamlarda bu fikirlərini reallaşdırırdılar. Fikir verirsinizmi, “dəb salma”nın acı nəticəsinə. Familiya, soyad da köhnələrmi? Soyad paltardımı o köhnəlsin və ya nimdaşlaşsin? Yaxud atanın və ya babanın nə dərəcədə haqqı var ki, bir nəslin onillərlə, əsrlərlə yaşatdığı, ulu babaların adi ilə daşlaşmış nəsil, şəcərə adlarını öz adı ilə əvəz etsin!
Bu fikirlərin alternativini də ortaya qoyanlar ola bilər. Mən isə yuxarıda qeyd etdiyim kimi, övladlarıma şəhadətnamə alarkən rastlaşdığım və bu səbəbdən də soyadlarımızı hələlik “–yev” sonluğu ilə saxlamaq məcburiyyətində qaldığım məqamı ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. VVADQ-a doğum haqqında şəhadətnamə üçün müraciət edərkən soyadların milliləşdirilərək ulu babam Zöhrabın adına uyğun (Doğulduğum Masallı rayonunda və ətraf rayonlardakı bütün tanıyanlar bizi Zöhrablılar kimi tanıyırlar- N.Q) “Zöhrablı” soyadı kimi rəsmiləşdirmələrinə kömək istədim. VVADQ müdiri qəti şəkildə bundan imtina etdi. Mənim israrlarıma cavab olaraq mümkün köməkliyin yalnız “–yev”-in “–lı”, “-li” sonluğu ilə əvəzləmək ola biləcəyinə işarə etdi. Mübahisələrimizə “qanun yol vermir” deməklə son qoydu. Dəyərli hesab etdiyim bu müzakirələr zamanı hüquqşunasların həmin problemə də aydınlıq gətirmələri və qanuna dəyişiklik kimi təklif irəli sürmələri yaxşı olardı. Təbii ki, qanunda belə bir hal nəzərdə tutularsa, o məcburiyyət yox, könüllülük prinsipi əsasında tətbiq edilə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?