Modern.az “Bu milli qəhrəmanı tanıyırsanmı?” adlı təbliğatı çərçivəsində oxucularımıza Azərbaycanın bütün Milli Qəhrəmanlarının ömür yolunu qısaca da olsa, tanıtmağa çalışır. Xatırladaq ki, Azərbaycanın 210 Milli Qəhrəmanı var, onlardan 19 nəfəri sağdır.
Beləliklə, bu Milli Qəhrəmanı tanıyırsanmı?
Fərhad İslam oğlu Ağayev l4 avqust 1975-ci ildə Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olub. O, 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən 6 ay sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılıb.
Fərhad Prezident Qvardiyasında xidmətə başlayıb. O, 24 yanvar 1994-cü ildə cəbhəyə göndərilib. Fərhadın cəbhə həyatı Füzuli rayonunun Seyidəhmədli kəndində gedən döyüşlərdən başlayıb. Sonra cəbhə istiqamətindəki Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində iştirak edərək şücaət göstərib. Həmin döyüşlərdə düşmənin canlı qüvvə və texnikasının məhv edilməsində onun da rolu böyük olub.
Lakin Fərhad Ağayev düşmən gülləsindən həlak olmayıb. Belə ki, 1995-ci ilin mart hadisələri zamanı qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edən Fərhad Ağstafa rayonuna göndərilib. 1995-ci il martın 13-də o, qardaş gülləsindən ağır yaralanıb, mart ayının 15-də həmin yaradan həlak olub. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Ağayev Fərhad İslam oğluna olümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı ” adı verilib.
Sabirabad rayonundakı Şəhidlər xiyabanında dəfn edilib. Bitirdiyi orta məktəb onun adını daşıyır.