Modern.az

Bura zibil tökən...

Bura zibil tökən...

Ölkə

30 May 2012, 10:56

Nuranə Rəhimova

Hərdən ingilislərə paxıllığım tutur. 2 yaşlarından ingiliscə danışırlar. Dilləri də , maşallah, beynəlxalq dildir, kompüter dilidir.  Zəmanə adamı olmaq üçün gərək mən də onların dilini öyrənəm. Kaş  Azərbaycan dili də beynəlxalq dil olaydı. Cəmi ingilisdillilər də mənim dilimi öyrənəydi, zaman şəkilçilərini qatışdırb, şəxs şəkilçilərini səhv deyəydilər...Hardasa V sinifdən Azərbaycan dilini beynəlxalq arenaya çıxarmaq barədə ciddi-ciddi düşünürdüm . Amma bu bir ayda fikrimdən daşındım.

Bu bir ayda məlum səbəbə görə Bakı qaynadı. Hamı ingiliscə 5-10 cümlə öyrəndi. Polislər, həkimlər, satıcılar, muzey işçiləri, taksi, avtobus sürücüləri... Hamı öyrəndi. Mən yenə də köhnə fikrimdə qaldım -  camaat niyə əziyyət çəkməlidir axı, qoy gələn qonaqlar bizim dilimizi öyrənsin. Amma mənim deyinməyimlə deyil ki, Allah böyük Allahdır, bilir kimə neyləyir.  Onsuz da özümüz öz yanımızda yetərincə biabır oluruq, o ki qalmışdı  yadellilərin yanında  biabır olmaq...

Allahın təkliyini qəbul edən şəxsin Allahın təkliyini qəbul edən şəxsə lənət oxuması böyük günahdır. Ölənin ardınca pis danışmazlar - axı o, haqq dərgahındadır. Bunları mən kəşf etməmişəm, bunlar 14 əsirlik dəyərlərimizdir. Doğrusu, cəmiyyətin dəyərlərimiz bu qədər ucuzlaşdırıldığını bilmirdim...

Buzovna qəsəbəsinin Rasim İmanov küçəsinin bir zibilxanası var idi. Təqribən, yarım sot ərazini tuturdu. 2 zibil qutusu və ətrafında metryarım diametrlik zibil qalaqları... Bələdiyyə həftədə bir dəfə bu zibilləri yığışdırırdı. Amma nə fayda - həmin gün hələ qaş qaralmamış zibilxana yenə əvvəlki vəziyyətini alırdı. Bu küçənin sakinləri yeni ili də, Novruzu da belə qarşılardı. Günlərin birində təzə qonşular təklif etdilər ki,  manatdan pul yığılsın və zibilxana hər gün təmizlətdirilsin ki, zibil  ətrafa səpələnməsin. Lakin köhnə kənd təzə adət istəmədi.

Yenə günlərin bir günündə məlum oldu ki, zibilxananın ərazisi satılıb. Yerin sahibləri oranı təmizlətdirdi, ardınca dərhal da tikintiyə başlandı, dörd tərəfdən hasar ucaldıldı. Bələdiyyə də köhnə zibil qutularını təzə sakinlərin istəyilə əvvəlki yerindən  aralıda qoydu.

İndi həmin təzə hasarın dibi əvvəlkindən də betər zibilxanadır. Yer sahibi oranı, demək olsr ki,  hər gün təmizlətdirir, amma, nə fayda. Küçə sakinləri bələdiyyəyə öz etirazlarını səssiz-səmirsiz  zibilləri əvvəlki yerə atmaqla bildirir. Amma sakinlərə də etiraz edən tapılıb. Təmiz ağ daşdan hörülmüş hasarın üstünə , qara boya ilə, iri həriflərlə yazılıb: “Bura zibil tökən! Ölünə lənət!”.

Mən elə bilirdim belə şeylər keçmişdə qalıb, amma... O yazını görəndən sonra Allaha şükür elədim ki, ingilis bizim dili bilmir, yoxsa min billur saray tiksək də, bir zibilxanamız ad-sanımızı yerlə yeksan eləyərdi.

XXI əsr , universitetlərdə beynəlxalq münasibətləri öyrənirik, sovet buxovundan sonra İslam dəyərlərinə söykənirik, Haaqa məhkəməsindən danışırıq, qloballaşmağa çalışırıq. Sən demə, bütün bunlar heç nəyi dəyişmirmiş. Dəyişən yalnız üz qabığımızdır. Daxili aləmimiz isə hələ də Sabir dövrünü yaşayır...

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı