Tarixən hər bir xalqın öz geyim forması olub. İndi dünyada qəbul edilmiş geyim forması isə Avropada yaranıb. Geyimdən söz düşəndə, modadan (və ya dəbdən) danışmamaq olmur. İndi moda xüsusi əhəmiyyətə malikdir. Azərbaycanlılar da modadan geri qalmaq istəmirlər. Müşahidələr göstərir ki, indi əksəriyyət Avropa modasından istifadə etməyi üstün tutur.
Yeni bir moda icad edilən kimi, “dəbdir” deyib ona uyğun geyinənlər çoxdur. Azərbaycanlı kişilərlə müqayisədə qadınlar sürətlə dəyişən moda ilə ayaqlaşmağa daha çox çalışırlar.
Maraqlıdır, yeni qədəm qoyduğumuz 2010-cu ildə hansı modalar üstünlük təşkil edəcək?
Azərbaycan Modalar Assosiasiyasının prezidenti Zamir Hüseynov 2010-cu ilin “Ekomoda ili” olduğunu deyir: “İndi jurnalların əksəriyyəti hansısa moda korparasiyasından reklam alıb həmin moda evinin geyimlərini verirlər. Ancaq Dünya Trend İnstitutu bütün kolleksiyaları təhlil edib, modanı müəyyənləşdirir. Buna görə də diqqətli olmaq lazımdır. Çünki xanımlarımız çox zaman bir jurnal oxuyurlar. Hansı modanın olduğunu bilmirlər. Ümumi analizlə götürdükdə, mən hesab edirəm ki, bu il yaşıl, metal səhra, eko rəngləri dəbdə olacaq. Bir sözlə, təbii rənglərə üstünlük veriləcək. Platformalı və metaldan istifadə edilmiş ayaqqabılar dəbdə olacaq”.
Z.Hüseynov xanımlara yaraşanı geyinməyi məsləhət görür: “Firmalar artıq üç il əvvəldən dəbi müəyyən ediblər. İndi isə onu reklam edirlər. O demək deyil ki, xanımlar elə hər nə reklam olundu, gedib həmin paltardan almalıdırlar. Xanımlar dəbdə olanı deyil, yaraşanı geyməlidirlər”.
Müsahibimiz bu il kişilər üçün 3 düyməli pencəklərin yenidən dəbə minəcəyini deyir: “ Moda kolleksiyalarının 70 faizində bundan istifadə olunub. Cins şalvarların da kəsik-kəsik forması olacaq. İşlənmiş formaya oxşar cinslər, yəni çox kobud formalar, uzun ərəb köynəklərin cürbəcür rəngləri dəbdə olacaq. Kişilər üçün ağ rəng dəbdə olacaq”.
Tanınmış modelyer-dizayner Gülnarə Xəlilova da 2010-cu ildə təbiət rənglərinin dəbdə olacağını deyir: “Əsasən boz, qəhvəyi, əlvan, bənövşəyi, “bordovı”, qırmızı, qızılı-sarı, metal, göy rəngin bir çox çalarları və bitki rəngləri dəbdə olacaq. Xanımlara qırmızı rənglərin çalarlarından istifadə etməyi məsləhət görürəm. Çünki çox uğurlu rəngdir. Geyim formalarından qolu qısa kostyumlar, yubkanın həcmli və dar formaları, jilet, jaketlər, palto, plaş, dəri və xəzdən hazırlanan üst geyimləri, yun və iri toxunuşlu hörgülər, papaq, şərflər, tunika formalı geyimlər dəbdə olacaq. Bu çox rahat geyim formasıdır. Həmçinin bədənin sellülitini itirən geyimlərdən istifadə olunacaq. Bu geyimlər həm arıq, həm də kök insanların xoşlamadığı qüsurları örtür. Hər bir xanım bu formalardan öz qarderobunda istifadə edə bilər”.
G.Xəlilova xanımlara aksessuarlardan çox istifadə etməməyi tövsiyyə edir: “Aksesuarlar yenə də dəbdə olacaq. Bunlar geyimə görə irili-xırdalı olacaq. Sadəcə, bundan aşırı dərəcədə istifadə etmək olmaz. Əlbəttə, onları geyindiyin paltara uyğun seçməlisən. Hər geyimin öz aksesuarı var. İdman, klassik və ziyafət geyimlərinə uyğun zinət əşyaları taxmaq lazımdır”.
G.Xəlilova bu il hündürdaban ayaqqabıların da dəbdə olacağını deyir: “Yumruvari, dik hündürdaban ayaqqabılar dəbdədir. Geyimə uyğun kiçik və iri çantaların da müxtəlif formaları var”.
Müsahibimiz modelyerlərə öz fikirlərinə diktə etməyi məsləhət görür: “Biz çalışmalıyıq ki, öz verdiyimiz fason və formalara istinad edək. Çünki hər bir modelyer yaşadığı mühitə, insanların temperamentinə, xasiyyətinə uyğun dəbi təqdim etməlidir”.
“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva çox zövqlü olduğunu düşünür: “Məncə hər bir qadın istər dəbdə olsun, istər olmasın, zövqü sayəsində gözəl görünür. Qadın aksesuar və rəngləri düzgün seçməklə dəbə gətirə bilər. Başqaları kimi 2-3 min manatımı hansısa brendə verməyə nə imkanım, nə də həvəsim var. Bizim bəzi modelyerlərin kopyaladığı nəyisə geyinməkdənsə, dünya modelyerlərinin hazırladığı yeni kolleksiyalardan özümçün seçərəm.Amma buna da ehtiyacım olmur. Məncə özümün çox gözəl zövqüm var. Bəzən yaxınlarım geyim seçəndə mənə müraciət edir. Bu il isə ağ, qara rənglərə üstünlük verəcəm. Çünki bu rənglər bütün vaxtlarda dəbdə olur”.
“Şərq” qəzetinin əməkdaşı Tahirə Məmmədova dəblə ayaqlaşmağa çalışdığını deyir: “Ancaq özümə yaraşanı geyinirəm. Bu il sadə, klassik, idman üslubunda olan geyimlərə üstünlük verəcəm. Əslində mən bütün rəng çalarlarını sevirəm. Xüsudən də ağ, qara və qırmızı rənglərə üstünlük verirəm”.
“APA”-nın müxbiri Ülkər Qasımova nə yaraşırsa, onu da geyindiyini deyir: “Əvvəllər daha çox idman stilinə üstünlük verirdim. Ancaq son dövrlər klassik üsluba keçmişəm. Rənglər baxımından dəblə ayaqlaşanam. Belə ki, ən çox yaşıl, qırmızı rənglərə üstünlük verirəm. Ancaq qara rəngdən qaçmağa çalışıram”.

“Bizim yol” qəzetinin müxbiri Vüsalə Abbasova da dəblə geyindiyini deyir: “Ancaq əsas odur ki, insana yaraşsın. Dəblə geyinmək üçün də ən azından maddi imkan lazımdır. Mən hesab edirəm ki, çox zövqlüyəm. Bu il pələng ili olduğu üçün o demək deyil ki, həmin rəngin çalarlarına üstünlük verəcəm. Ən sevdiyim rənglər ağ, qaradır. Bu rənglərdə də geyinəcəm”.
Günay MUSAYEVA