“İsmayıl Şixlı məni ilk dəfə görəndə bəyənmədi”
Yəqin ki Xalq artisti Ələddin Abbasovu, yəni hər kəsin Gəncədə “Cahandar Ağa” kimi tanıdığı sənət nəhəngini geniş təqdim etməyə ehtiyac yoxdur. Təkcə “Dəli Kür” filmində yaratdığı bu obrazın adını çəkmək kifayətdir onun barəsində. Ələddin Abbasovu Azərbaycan aktyorluq sənətinin sonuncu mogikanı da adlandırmaq olar. Çünki nə qədər fikirləşdimsə, hazırda Azərbaycanda bu yaşda bir aktyorun sağ olduğunu xatırlaya bilmədim. Beləliklə, Modern.az saytı Ələddin Abbasovla müsahibəni təqdim edir.
- Ələddin müəllim, necəsiniz? Özünüzü necə hiss edirsiniz?
- Yaxşıyam şükür Allaha. Sadəcə, bir balaca əsəblərim pozulub. O da yaşımla bağlıdır. Yaş öz sözünü deyir də, ay bala. Mayın 5-də 90 yaşım tamam oldu.
- Nə vaxtdan belədir durumunuz?
- Təxminən bir il olar.
- Bəlkə, hansısa sarsıntı keçirmisiniz?
- Yox, ay bala, hamısı yaşımla əlaqədardir.
- Gəzə bilirsiniz?
- Səhhətim yaxşıdır, amma ayaqlarım sözümə baxmır daha. Uşaqlar qoluma girirlər, çıxıram gəzirəm hərdən bir.
- Sənət adamlarından, zamanında dəstək verdiyiniz insanlardan zəng vurub kef-əhval soruşanlar olurmu?
– Olur. Bu yaxınlarda Gəncə Dövlət Dram teatrının kollektivi, direktor Əli Qasımov yanıma gəlmişdilər, evdə bir məclis oldu.
- Bəs Mədəniyyət və Turizm Nazirliyindən?
– Nazirliyin kino şöbəsindən bir nəfər gəlmişdi.
- Təqaüd alırsınız?
– Bəli, ömürlük prezident təqaüdü alıram. Dövlət tərəfindən yetərincə diqqət göstərirlər, sağ olsunlar.
- Çəkilişlərdə qarşılaşdığınız maraqlı əhvalatları xatırlayırsınız yəqin ki.
– Əlbəttə. "Dəli Kür" filminin çəkilişlərində rejissor Həsən Seyidzadə məni “skaçka”ya çağırmışdı, at çapmaq öyrətmək istəyirdilər, məşqçi gətirmişdilər. Məşqçi gəlməzdən atı mindim, başladım çapmağa, maneələri dəf elədim... Birdən Həsən müəllim dedi ki, nağayrırsan?! Dedim ki, mən uşaqlıqdan at belində böyümüşəm.
– İstər oynadığınız obrazlarda, istərsə də zahirən kifayət qədər ciddi görünürsünüz..
– (Oğlu Oqtay Abbasov cavab verir - Y.Y.) Atam çox zəhmli adamdır. Həyatda ciddi insandır, hər şeyi bəyənən deyil. Amma dostlarla, yaxınlarla yaxşı münasibəti olub və var.
– Ələddin müəllim, pedaqoq kimi fəaliyyətiniz olub?
– Burda neçə-neçə yetirmələrim olub.
– Universitetdə dərs demisiniz?
– Yox, fərdi hazırlaşdırmışam tələbələrimi. Heç yerdə dərs deməmişəm. Yetirmələrimin içərisində xalq artistləri, əməkdar artistlər var. Xalq artisti Alim Məmmədov, rəhmətlik Əli Allahverdiyev, əməkdar artist Faiq Qasımov, xalq artisti Pərvanə Qurbanova...
– Zamanında pərəstişkarlarınızdan, tamaşaçılarınızda çox məktublar almış olarsınız...
– Əvvəllər olurdu, indi elə şey yoxdur. Sizə bir söz deyim. Amma oxucular pis başa düşməsinlər. O vaxtlar tamaşanı oynayıb Sabir küçəsiylə evə gedirdim. Üç-dörd nəfər yanımca gedirdi. Deyirdilər ki, Ələddin müəllmilə 5-6 addım yol getmək bizim üçün fəxrdir. Bir vaxtlar belə tamaşaçılar da olub, məktublar da, telefon zəngləri də. İndi elə istək, elə həvəs yoxdur, cavanlar rep oxuyur.
– Neçə müddətdir səhnədən kənarsınız?
– 4-5 il olar. İndi də rol versələr oynayaram. Amma gərək oturaq rol ola. Elə bir pyes yazılsaydı, böyük həvəslə oynayardım. 85 yaşında “Mahnı dağlarda
qaldı” tamaşasını oynamışam. Mənə pərəstiş edən insanlar indi həyatda yoxdur.
– Bayaqdan fikir verirəm neçənci siqaretdir ki, çəkirsiniz.
- Hə, siqareti çox çəkirəm. Amma zehnim yerindədir. Bu dəqiqə “Aydın”, “Vaqif” kimi əsərləri əzbər bilirəm. Bütün rollar yadımdadır. Bircə ayaqlarım sözümə baxmır.
– Çəkildiyiniz son film hansı olub?
– Hüseyn Mehdiyevin çəkdiyi iki filmə – “Məkanın melodiyası” və “Özgə vaxt”a çəkilmişəm. Səhv etmirəmsə, 2001-2002-ci illər idi.
– Bir zamanlar eviniz qonaqlı qaralı olardı. Sənət adamları...
– Məmmədrza Şeyxzamanovla, Ədil isgəndərovla, Mehdi Məmmədovla yaxın dost olmuşuq. Hamısı bizə gəlib gedib. Elə mənim Cahandar Ağa roluna çəkilməyimin birinci səbəbkarı Ədil İsgəndərov olub. O deyib ki, Gəncədə bir aktyor var, bir onu da yoxlayın. Rəhmətlik özü də Cahandar Ağa roluna sınaqdan keçmişdi.
– Bəs özü niyə çəkilmədi?
– Sənətkarlıq məsələsi deyildi. Sadəcə, ata minə bilmədiyinə görə. Ümumiyyətlə. bu rola məndən savayı 6 nəfər sınanmışdı.
– Kimlər idi onlar?
– Bir nəfər gürcü aktyoru, Ədil isgəndərov, qalanları yadımda deyil. Bir dəfə Ədil İsgəndərovun kabinetində oturmuşuq. İsmayıl Şıxlı girdi içəri ki, nə oldu bu boyda Azərbaycanda bir Cahandar Ağa tapılmadı? Ədil müəllim məni göstərdi ki, bu oğlan çəkiləcək. İsmayıl Şıxlı mənə diqqətlə baxdı, dedi ki, bundan Cahandar Ağa olmaz, a kişi. Amma buna qədər bir neçə kadr sınaq çəkilişi olmuşdu. Getdilər, sınaq çəkilişinə baxdılar. İsmayıl Şxlı baxdı, baxdı qayıtdı ki, ay sənin qadan alım, elə əsl Cahandar Ağa sənsən. Bəlkə də çoxları bilmir. Cahandar Ağa İsmayıl Şıxlının ana babası olub. Yəni belə bir adam həyatda olub. Baxandan sonra dedi ki, elə bil ekranda babamı görürəm.
– Bu filmə çəkiləndə neçə yaşınız var idi?
– 47 yaşım var idi 1969-cu ildə. Amma lap cavanlıqda da filmlərə də çəkilmişəm.
– Fəxri adları neçə yaşınızda almısınız?
– 1958-ci ildə əməkdar artist, 1971-ci ildə xalq artisti fəxri adı almışam. Gəncə teatrı o vaxt Bakıda dekada idi, məni bəyənmişdilər, təqdimat verdilər ilk fəxri adımı aldım. 1971-ci ildə isə tearımızın yubileyi idi.
– Heç teatra gedirsiniz?
– Hərdən gedib 10-15 dəqiqə otururam.
– Neçə övladınız var?
– Üç övladım var: iki oğlan, bir qız.
– Xanımınız da teatr adamı olub?
– Hə, o, Gəncə teatrında uzun müddət baş mühasib işləyib. 1945-ci ilin sonlarında tanış olmuşduq. 1946-cı ildə ailə qurduq.
– Yəqin o vaxtlar Gəncə kimi bir yerdə aktyor olmaq üçün ailənin razılığını almaq asan olmayıb.
– O vaxt bu sənətə çox pis baxırdılar. Atam Aslan bəy da narazı idi. Çox çalışdı, gördü ki, məni yolumdan döndərə bilməyəcək. Günlərin birində yatağa düşdü, böyük oğlunu çağırdı ki, Ələddinə deyin, bu sənəti seçibsə də yaxşısından olsun, nizə tutan olmasın. Mən də atama dedim ki, görəcəksən qardaşlarımdan da məşhur olacağam.
– Eşitdiyimə görə, “Onu bağışlamaq olarmı” filmində də çəkilməli imişsiniz...
– Bir dəfə Tiflisdə qastroldayıq. Teleqram gəldi ki, təcili Bakıya “Onu bağışlamaq olarmı” filmində Tərlan obrazının sınaqlarına gəl. Səhv etmirəmsə, 1957-ci il idi. Teatrın direktoru dedi ki, Tiflisə 8 tamaşa gətirmişik, onun yeddisində Ələddin Abbasov baş roldadır. Onu buraxsaq, qastrol baş tutmayacaq. O filmin ssenarisini Məmmədhüseyn Təhmasib yazib, rejissoru isə qardaşı Rza Təhmasibdir. Rza məni həmin filmin tamaşasını – “Bahar”ı oynayanda görüb bəyənmişdi. Sonra o filmdə mənim yerimə bir erməni aktyor çəkildi.
–Aydın obrazıyla bağlı başınıza maraqlı bir əhvalat gəlib. Oğlunuz bayaq bu haqda mənə danışdı.
– Teatrımızın direktoru var idi – Ələkbər Seyfi. Həm o, həm də rəhmətlik rejissorumuz Nəsir Sadıqzadə (“Bəxt üzüyü” filmindəki Tanrıbəy dayı – Y.Y.) bilirdilər ki, mən Aydın rolunu oynamaq istəyirəm. Nəsir də mənimlə dost idi, “Aydın”ı repertuara saldırıb, rolları da bölüb, Aydın rolunun qarşısından da mənim adımı yazmışdı. Amma mənim bundan xəbərim yox idi. Nəsir Sadıqzadə ilə üz-üzə gəldikdə soruşdum ki, hardan gəlirsən. Cavab verdi ki, rolu böldüm, siyahını da verdim direktora. Soruşdum ki, Aydın rolunu kimə verdin? Dedi ki, hər halda sənlik deyil. Çox pis oldum, qalxdım direktorun yanına. Dedim ki, ay Seyfi dayı, bəs bu nə məsələdir? Direktor dedi ki, Nəsir Sadıqzadə səninlə zarafat edib. O elə bu tamaşanı sənə görə repertuara saldırb. Burda səndən başqa Aydın var?! Kabinetdən çıxıb getdim Nəsirin yanına ki, bəs sən məni dolamısan? O da eyni şeyi dedi: “Yox, sən məni dolamısan, burda səndən başqa Aydın var!?”

Yusuf Yusufbəyli