Modern.az

Həsrət balığı

Həsrət balığı

Ölkə

17 Yanvar 2010, 16:14

Almaz fikrə dalmışdı. Görəsən onların axırı necə olacaq. Axı necə ola bilər ki, insan ömrü boyu öyrəşdiyi, doğulduğu yurd yuvasından didərgin düşsün. Taleyin acı üzü onu və ailəsini doğma ocaqdan kənara atmışdı. Ermənilərin təcavüzü nəticəsində öz doğma yurdundan qaçqın düşən ailəsi indi iki dar otağa sığınmışdı. Hər kəsdən utanırdı Almaz. Axı onun kənddə iki mərtəbəli evi, böyük həyəti, cah-cəlalı vardı. Kənd bağçasının müdiri idi. Həyat yoldaşı da ki, kolxozun baş zootexniki. İndi həyat yoldaşı səhər evdən çıxıb “qul bazarı”na gedir, bir də axşam qayıdır. Qazandığı qəpik-quruşla birtəhər keçinirdilər. Amma kənddə... 
İkimərtəbəli evin ən gözəl otağının birini bəzəyib böyük oğlu üçün bəy otağı da düzəltmişdi. Ora demək olar ki, heç kim girməzdi. Əhd eləmişdi ki, bura gəlin gətirəcək. Hərçənd onda oğlunun cəmi 7 yaşı vardı. Amma haradan biləydi ki, bir gün bütün bu evi, həyəti, doğma ocağı tərk edəcək.... İndi burada hamı ona həqarətlə baxır sanki ayrı millətdən imiş kimi münasibət bəsləyirdi.  Bütün bu fikirlərdə ikən xəyalından bir anlıq kəndini, el-obasını keçirdi. Ona elə gəldi ki, həyətlərindəki iri tut ağacının altında oturub. Ailəsini başına yığıb isti samovar çayı içir. Bax elə indicə həyat yoldaşı işdən gələcək, həyətdəki atlar onu görəcək kişnəyəcəkdi....
-Urra nənəm gəldi!
4 yaşlı Kənanın səsi Almazı xəyallardan ayırdı. Gələn qaynanası idi. Bu qoca qarı bütün ömrü boyu müəllim işləmişdi. İndi təqaüddə idi. Amma bura gəldikləri ilk gündən inanmırdı ki, doğulub boya-başa çatdığı, bütün ömrünü keçirdiyi kənddən uzunmüddətli ayrılıb.  Elə deyəndə ki, “ay arvad özünə gəl kənd-zad yoxdu
”, cavabı qısa olardı: “Mən öz kəndimə gedəcəm eee, bu gün sabah...”.
“Nənə mənə nə gətirmirsən?” - deyə uşaq qarının əlindəki sellofan torbanı dartışdırdı. 
- “Osatrin” balığıdı bala, sağ olsun,  Məsmə xanım verdi.
Məsmə xanım nənənin rəfiqəsi idi. Uzun illər kənddən şəhərə gələn kimi onu ziyərət edərdi nənə. Həmişə də yağından, balından, ətindən, yumurtasından iri bağlama gətirərdi. İndi Məsmə xanım da nənənin düşdüyü bu vəziyyətdə ona kömək eləməyə çalışırdı.
- Urra nənəm bizə “həsrət balığı” gətirib!!!
 4 yaşlı Kənanın səsi bütün həyətə yayıldı. “Osatrin” sözünü tələffüz edə bilməyən balaca Kənan elə “həsrət balığı” deyərək anasının yanına qaçdı. “Ana nənəm “həsrət balığı” gətirib eee... dur bişir yeyək... Ay ana sənnənəm ee....”. Bu sözləri eşidən Almazın başına sanki qaynar su tökdülər. Öz-özünə pıçıldadı. “Həsrət balığı”.... “Həsrət balığı”.... Bir daha öz düşdükləri vəziyyəti xatırladı doğurdan da indi onlar üçün bu elə  “həsrət balığı” idi. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?