Sabah Bakıdakı Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 20-ci ildönümü anılacaq. Ümumxalq hüzn günü ilə əlaqədar bir neçə gündür Şəhidlər xiyabanında hazırlıq işləri görülür. Paytaxt əhalisi də Ümumxalq hüzn günündə şəhidlərin məzarını ziyarətə hazırlaşır. Əhalinin bir qismi yanvarın 20-də Şəhidlər xiyabanında və ora gedən yollarda basabasın olacağını nəzərə alıb, artıq üç gün öncədən şəhidlərin məzarını ziyarətə başlayıb. Şəhidlər Xiyabanına axınla əlaqədar qərənfilə təlabat artıb. Bundan istifadə edən gülsatanlar isə qərəhfilin qiymətini qaldırıblar.
Modern.az-ın əməkdaşı bu gün həm Şəhidlər xiyabanının qarşısındakı, həm də bu əraziyə yaxın digər yerlərdəki gül köşklərində qərənfilin qiymətilə maraqlanıb. Məlum olub ki, bir neçə gün öncəyədək həmin köşklərdə qərənfilin ədədi 20-30 qəpiyə satılırdısa, yanvarın 18-dən sonra qiyməti 50 qəpiyə qaldırıblar. Satıcılardan bunun səbəbini soruşduqda, onlar cavab verməkdən yayınıblar.
Bu gün Şəhidlər xiyabanını ziyarət edən paytaxt sakinləri də qərənfilin bahalaşdırılmasından narazılıq edərək, gülsatanları belə bir qınayıblar.
Bu il Şəhidlər xiyabanında məzarlara gedən yolda güllərin düzülməsi forması dəyişdirilib. Xiyabanının girişindəki abidənin önündə qırmızı qərənfillərlə beş ədəd yanan və əriyən şam düzəldilib. Eyni zamanda, ilk dəfə olaraq Qanlı Yanvarda həlak olan insanların qəbirlərinin yanında qərənfillərlə qan ağlayan göz yaradılıb.
Bu il Şəhidlər xiyabanında 60 min qərənfildən istifadə olunub.