Modern.az bir müddət öncə Bakı şəhərindəki bəzi ümumtəhsil məktəblərində direktor vəzifəsinin boş olduğunu xəbər vermişdi. Bildirmişdik ki, təhsil müəssisələrinə rəhbərlik edən şəxslər müxtəlif səbəblərdən vəzifələrindən uzaqlaşdırılıblar. Onların yerinə isə bir neçə ay ötməsinə baxmayaraq yeni təyinatlar olmayıb. Araşdırmalarımız nəticəsində paytaxtda direktoru olmayan məktəblərin sayını dəqiqləşdirə bildik.
Təhsil Nazirliyindəki mənbənin saytımıza verdiyi məlumata görə. hazırda Bakıda 17 orta məktəb öz direktorunu gözləyir. Bu vəzifələrin nə vaxt tutulacağı isə məlum deyil. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən saytımıza bildirilmişdi ki, sözügedən məktəblərə direktorlar məsləhət bilinəndə təyin olunacaq. Hazırda orta məktəblərə direktor təyinatı Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin müəyyənləşdirdiyi şərtlərə görə, direktor vəzifəsinə namizədlərin yaşı 50-ni ötməməli, 5 illik pedaqoji təhsilə və kollektivlə işləmək bacarığına malik olmalı, kompüterlə işləməyi bacarmalıdırlar. Nazirlikdən saytımıza bildirilib ki, təyinat zamanı əvvəllər direktor müavini işləmiş namizədlərə üstünlük verilir. Ölkə mətbuatında verilən məlumatlarda isə bildirlir ki, orta məktəblərdə direktor təyinatı namizədlərə elə-belə başa gəlmir. Bunun üçün onların böyük məbləğdə rüşvət ödədiyi qeyd olunur. Bu səbəbdən də direktoru olmayan məktəblərə rəhbər şəxslərin təyinatında gecikmələrin olduğu vurğulanır.
Modern.az