st1:*{behavior:url(#ieooui) }
Stimullaşdırıcı təsirə malik bu içkini dünyanın hər yerində qəbul edirlər
Qəhvə (kofe) dünyada ən geniş yayılmış içkilərdən biridir. «Qəhvə» sözünün mənası ərəbcədə «ehtiraslandıran içki» deməkdir. Bu içki tərkibində olan kofeine gore stimullaşdırıcı təsirə malikdir. Hazırda 50-dən çox ölkədə qəhvə istehsal olunur, dünyanın hər yerində isə içilir.
Qəhvənin vətəni-Həbəşistan
Qəhvənin ana vətəni Afrika qitəsində yerləşən Efiopiya (Həbəşistan) ölkəsidir. Hələ çox-çox keçmişlərdə Efiopiyada yayaşan ərəblər və digər yerli xalqlar yabanı halda yetişən qəhvə bitkisinin meyvə dənəciklərini üyüdərək onun unundan qara çörək bişirər, meyvəsini qaynadaraq suyundan dərman kimi istifadə edərmişlər. O zamanlar qəhvə Efiopiyada yaşayan xalqlar arasında «sehrli bitki» adı ilə tanınırmış. Qəhvədən bu cür istifadə 300 il davam edib.
Sonralar qəhvə Efiopiyadan orta Ərəbistana gətirilib və əvvəlcə onu Yəmənin cənub-qərb hissəsində becərməyə başlayıblar.
Qəhvə ağacının çiəçəkləri ağ və xoş qoxulu, qırmızı meyvəsinin içində isə iki çəyirdək olur. Əkildikdən 3 il sonra ağac 30-40 il boyunca bar verə bilir. Yabanı halda qəhvə ağacının hündürlüyü 10 metrə çatır, amma meyvələrinin asan yığılması üçün onu becərilən yerlərdə tez-tez budayaraq 4-5 metr hündürlükdə saxlamağa çalışırlar. Bu bitki daha çox tropik, rütubətli bölgələrdə yaxşı inkişaf edir. Bu gün dünyada qəhvə ağacının əsas iki növü becərilir. Meyvələr yetişdikdən sonra yığılır, çərdəyi çıxarılır və çərdəkdəki bərk dənəcikləri ayırıb qovuraraq üyüdürlər. Beləcə qovrulub üyüdülmüş dənəciklərindən toz halında olan qəhvə alınır. Üyüdülmüş qəhvə tozu su və ya südlə qaynadıldıqdan sonra ona şəkər əlavə edib kiçik fincanlarda isti halda içirlər.
Bir qəhvə ağacı ildə 5 kq-dək meyvə verə bilir, ondan isə təxminən 1 kq çəyirdək alınır.
«Sehrli içki»nin şöhrəti necə yayılıb?
Qəhvə bu günkü anlamını 14-cü əsrdə qazanmağa başlayıb. İlk dəfə Yəməndə yaşayan və sufi təriqətindən olan insanlar qəhvə meyvələrinin dənəciklərini qovurub üyüdərək ondan içki hazırlamağı kəşf ediblər. Bu, təxminən 1470-ci ildə baş verib. Az sonra «sehrli içki»nin şöhrəti bütün Ərəbistan yarımadasına, Afrikaya yayılıb. Ardınca qəhvə Fars və Osmanlı İmperiyasına da yayılıb. 1517-ci ildə Yəmən valisi Özdəmir paşa sevimli içikisini ilk dəfə İstanbula gətirərək Osmanlı imperatoru Süleyman Qanuniyə təqdim edib.
1544-cü ildə məhz İstanbulda iki suriyalı ərəb tərəfindən dünyada ilk qəhvəxana açılıb.
1532-ci ildə qəhvə Misirin paytaxtı Qahirəyə də gətirilib. Paralel olaraq onu Suriya və Kiçik Asiyaya da yayıblar. Qəhvənin içilməsi 1538-ci ildə Yəmənin işğalından sonra daha geniş miqyas alıb.
Qəhvəni Avropaya İstanbula gələn avropalılar yayıblar. Bu isə təxminən 1570-80-ci illərdə baş verib. Avropa ölkələrində əvvələr küçələrdə satılan qəhvə tezliklə ayrıca qəhvəxanalarda təklif olunmağa başlayıb. Beləliklə 1645-ci ildə İtaliyada da qəhvə evləri fəaliyyətə başlayıb. Daha sonra Almaniya, İngiltərə, Fransada da «ehtiraslandıran içki»nin satışı üçün qəhvəxanalar açılıb. XVII əsrin sonlarında Avropa artıq qəhvənin dadından xəbərdar idi. Həmin vaxtlardan Avropa ölkələrində tacirlər qəhvə ticarətindən yaxşı qazanc əldə etməyə başlayıblar. Bunu görən avropalı müstəmləkəçilər müxtəlif ölkələrdə qəhvə plantasiyaları salırdılar.
Dünya qəhvə bazarına nəzarət
Bu gün dünyada ən çox yetişdirilən qəhvə ərəb qəhvəsinin müxtəlif növləridir. Qəhvə dünya ticarətində neftdən sonra ikinci ən çox alınıb-satılan maldır. Hazırda Braziliya və Kolumbiya dünya qəhvə bazarına nəzarəti öz əlində saxlayan ölkələrdir. Hazırda dünyada hazırlanma texnologiyası, dadı, qoxusu, keyfiyyəti və digər əlamətlərinə görə müxtəlif çeşidli qəhvələr içilir. Onların ən məşhurları bunlardır: türk qəhvəsi, espresso, mirra, cappuccino, americano, safe au lait, ethiopian yirgacheff, latte, macchiato, mocha, santos, sumatran, supremo, viennese.
Qəhvənin həm zərərli, həm də xeyirli cəhətləri var
Tədqiqatlar göstərib ki, qəhvənin həm zərərli, həm də xeyirli cəhətləri var.
Yaşıl və qara çay kimi qəhvə də antioksidləşdiricilərlə zəngindir ki, bu da xərçəng xəstəliyinə yol açan hüceyrələrin çoxalmasının qarşısını alır. Gündə 4 stəkan qəhvə içmək öd kisəsi və qaraciyər üçün faydalıdır. Qəhvə uşaqların zehni inkişafına müsbət təsir edir. Müəyyən olunub ki, gündə üç fincan və daha çox qəhvə içən qadınlar arasında bağırsaq xərçənginə tutulma ehtimalı heç qəhvə içməyənlərə nisbətən 50% azdır. Britaniyanın Qəhvə Assosiasiyasının tədqiqatlarına görə, mütəmadi olaraq qəhvə içənlər səhərlər özlərini daha ayıq hiss edirlər. Qəhvə qocalıqda yaddaşı qoruyub saxlamağa kömək edir. Gündə 4-5 stəkan qəhvə içdikdə təzyiq yüksəlir. Həmçinin həddən artıq qəhvədən istifadə etmək ürək döyüntülərinin artmasına səbəb olur. Qəhvə mədə yarasına təsir edərək, yaranı daha da dərinləşdirir. Buna görə də mədəsi xəstə olanların gündə 2 fincandan çox qəhvə içmələri məsləhət görülmür. Şəkər xəstəliyi olanların da qəhvə içməsi məqsədəuyğun deyil. Qəhvə orqanizmdə su itkisinə səbəb olur. Qəhvənin tərkibindəki kofeinin ana bətnindəki körpəyə zərərli olduğu da məlumdur.
Adəm Qorxmaz