Modern.az

Uşaq ədəbiyyatında obrazlar və dərsliklər - PROBLEM

Uşaq ədəbiyyatında obrazlar və dərsliklər - PROBLEM

Ölkə

2 İyul 2012, 13:00

Yaradıcılıq problemində əsas məsələ müəlliflərin üzərinə düşür. Bu günkü uşaq şeirimizdə göz qamaşdıran bənzətmələr, yalandan uşaq güldürmək, sevindirmək istəyi kimi işıldayan ifadələr, tükrürpədici pafos, uşaqları böyük kimi danışdırmaq və yalançı vətənpərvərlik duyğuları süni şəkildə baş alıb gedir. Uşaqların dünyagörüşünə, duyğu və düşüncələrinə süni maska taxmaq, onları daim odlu-alovlu, qalib göstərmək özündən adam düzəltmək kimi şeylərdir. Uşaq həmişə beş ala bilmir, iki alan bir uşağın kədəri, qorxaq bir uşağın həyəcanı daha təbiidir, daha gur-guruldayan, nər-nərildəyən şeirlərin əzəməti məsum uşaqların üzünə taxılmış maskadır. Əslində bu maska müəllifin özüdür.

Bu gün uşaq şeiri ilə və uşaqlar haqqında şeir təəssüflər olsun ki, dəyişik salınır. Baba şairin öz nəvəsinə yazdığı şeir uşaq şeiri deyil. Çox adamlar elə bilir ki, uşaqlara yazılan şeirlər uşaq şeirləridir. Guya ki, aysellərin, günayların adına şeir yazmaqla uşaq ədəbiyyatı yaranır. Əslində belə deyil. Bunlar uşaqlar haqqında şeirlərdir. Uşaq şeirinin içi olmalıdır. Orada uşağın xarekteri olmalıdır. Çox vaxt biz uşaqları görə bilmirik. Fiziki mənada görürük; 3 yaşı tamam oldu, yaxud 7 yaşı var, məktəbə gedir və s. Bu uşağın fiziki göstəricisidir. Uşağın aləmi tamam başqadır. Və biz nə vaxt uşağı “görə” biliriksə, uşaq ədəbiyyatı o zaman yaranır. Uşağı görmək üçün gərək uşağın özü ola. Yəni əyani material. Amma biz uşağı uşaq olmağa qoymuruq. Vaxtından əvvəl “böyüdürük”. Uşağı böyüklər kimi danışdırmağa çalışırıq. Uşaq çaşmalıdır, ayağı ilişməlidir, “2” almalıdır. Yeməyini dağıtmalıdır. Süd içəndə ağzının böyür-başı bulaşmalıdır. Uşaqdır axı... Beləcə biz uşaq ədəbiyyatı yarada bilərik. Bu gün Azərbaycan uşaq ədəbiyyatında bütün uşaq obrazları hamısı bir-birinə oxşayır. Sanki bu şeirlər şairlərə tapşırıq kimi verilib. Bu, sosialist realizmi metodundan gəlmədir. Bu gün sosializm realizmi ölüb, ancaq qalıqları hələ qalmaqdadır.

Bir neçə kəlmə də dərsliklər haqqında. İbtidai sinif dərsliklərinin bəziləri zamanın tələbləri ilə ayaqlaşmır. Dərsliklərə elə müəlliflərin əsərləri salınıb ki, o müəlliflərin adını mən birinci dəfə eşidirəm. 2009-cu ildə çap olunmuş və hal-hazırda istifadə olunan 1-ci sinif ana dili dərsliyində bəzi mətnlərə nəzər salaq. Uşaqlar hərfləri öyrəndikdən sonra birdən-birə aşağıdakı şeirlə tanış olurlar. "Əlifbam" şerində: (səh. 84) "Məna çiçəklərin baxışımla dərərəm". Məna çiçəkləri nə deməkdir, baxışla o çiçəkləri necə dərmək olar? Hərfləri yeni öyrənən uşaq bu şeiri anlaya bilərmi? Yenə həmin dərslikdə (səh. 105) "Atam evə gələndə, elə bil ki, nur saçır". Nur saçmaq ən çox anaya aiddir. Yenə həmin dərslikdə (səh. 129) "Qurban bayramı" şerinə diqqət yetirək.

Yaradan qəlbimizə
İlahi nur ələsin.
Verdiyimiz qurbanı
Allah qəbul eləsin.

Şerin bədiiliyi o yana dursun, verdiyimiz qurban olmaz, kəsdiyimiz qurban olar. Qurban vermək insana aiddir, kəsilmək qoyuna.

Nurəddin Kazımovun və hal-hazırda istifadə olunan 4-cü sinfin oxu kitabında Nazir Məcnunun "Qadın əlləri" şerinin baxın.

Ay qadın əlləri, parça üstünə
Nə incə naxışlar salırsınız siz.
Şimşək olursunuz uca dağlardan
Nə vaxt ki, daşları endirirsiniz.

Bu şeirdə nə deyilir, necə deyilir hər şey göz önündədir. Sadəcə uşaqlardan üzr istəmək lazımdır. Yenə həmin dərslikdə Eldar İbrahimin "Şəhidlər" şerindəki misralara nəzər salaq.

Cənazələr yol gedir
Bir-birindən qüdrətli
Güclü çiyinlər üstə.

Qüdrət çiyinə aid ola bilməz. Qüdrət mənəvi varlığa aiddir.

3-cü sinfin Azərbaycan dili iş təftərində verilən aşağıdakı şeirdə heç nə anlamadım.

Zahiddən soruşdular
Ev niyə bu gündədi?
Qapı çıxıb yerindən
Pərdə kündə-kündədir.

Burada uşaqlara hansı duyğuların aşılanması bir yana, pərdənin kündə-kündə olmasını anlaya bilmədim.

Mən dəfələrlə aidiyyatı orqanlara təklif etmişəm ki, 2-3 məktəbin yerləşdiyi ərazidə uşaqlar üçün kitab köşkü qoyulsun. Uşaqlar öz kitablarını alsınlar. Hamı üstünlüyü kompyuterə verir. Demirəm, pisdir, əksinə, çox yaxşıdır. Amma fikir verin. Çox qəribədir ki, bütün kompyuter mağazalarında kompyuterin üstünlüyü nə qədər çox oyun götürməyi ilə ölçülür. Uşaqlar kompyuterlə ancaq oyun oynayır. Oyunlar da hamısı silahlıdır. Adamları necə oğurlayırlar, necə qaçırırlar. Basqınlar necə olur və s. Axı bunlar uşaqların gələcək həyatına mənfi təsir göstərəcək. Fəsadlar törədəcək. Təklif etmişəm ki, elə kompyuter proqramları olsun ki, ora müəyyən cizgi filimləri, uşaq ədəbiyyatının nümunələri yüklənsin. Müəyyən quruluş verilsin, yaxud oyun formasında olsun. Uşaqlar özündən aslı olmayaraq onu öyrənsin. Biz bunu uşaqlara hansısa formada təqdim etməliyik. Bu forma isə yoxdur. Telekanallarda uşaq verilişləri çox azdı, yetərincə deyil. Uşaq ədəbiyyatının internet saytı olmalıdır. Uşaq yazıçısına xüsusi qayğı olmalıdır.

Azərbaycanda uşaq ədəbiyyatına görə ilk dəfə Dövlət mükafatı alan Məstan Günərdir. Uşaqlardan Məstan Günəri soruşsaq, tanıyacaqlarmı? Məncə, yox. Problem bundadır ki, böyüklər üçün yazanda gedib onunla ünsiyyət qura bilir. Uşaq şairi isə oxucusuna qovuşa bilmir. Çünki uşaqlar ata-analarının “ciddi” qayğısı altındadır.

Bizim bu günkü uşaq şeirimiz əsasən dovşandan, tülküdən, çaqqaldan o tərəfə getməyib. Yüz ildir ki, uşaq şerimzdəki obrazlar eynidir. Uşaq həmin uşaq, ayı həmin ayı, tülkü həmin tülküdür. Bioloji mənada ayı həmin ayı, tülkü həmin tülkü ola bilər, bu düz, amma bunların filologiyasının dəyişməsi təbiidir. Uşaq şeirinə ictimai-sosial məzmun verilməlidir. Şeirlər uşaqları güldürməyə yox, düşündürməyə xidmət etməlidir. Uşaq şeirinin təfəkkürü formalaşmalıdır. Türk uşaq şeirinə fikir verdikdə, orada ictimai-sosial məzmun görünür. Türk şairi İsmayıl Uyaroğlu yazır ki:

“Ey qar, bir az isti-isi yağ mənim üçün.
Atamın pulu yoxdur, palto almağa...

Uşaq şeirlərinə belə məzmun verilməlidir. Bu şerin gözəlliyi həm uşaq üçün, həm də böyük üçün olmasındadır. Fikir verin, uşaq atasının kasıb olduğunu bilir. Hansı uşaq atasının kasıb olduğunu deyər?! Adətən uşaqlar atasının pulsuz olduğunu gizlədir

Mən müasir uşaq şeirimizdə bu cür detallari hələlik görmürəm. Uşaq ədəbiyyatımızda ictimai və sosial məzmun öz ərazisini genişləndirməlidir. Uşaq ədəbiyyatımızın fəlsəfəsi, dili inkişaf etməli, uşaq şeri uşaq folkloruna söykənməlidir. Qədim yurd yerlərimizin, şəhidlərimizin, milli qəhrəmanlarımızın obrazlarını uşaq ədəbiyyatında daha da canlandırmalıyıq.

Uşaq şerimizdə bir şeyi aydın etmək çox çətindir. Şerin ab-havasından bilmək olmur ki, bu şeir 80-ci ilindir, yoxsa 2011-ci ilin. Yəni 2011-ci ildə uşaq ədəbiyyatının dayandığı yeri, səciyyəni təyin etmək mənə çətin gəldi. Yaşlı nəsil ədəbiyyatında bu fərqi görmək mümkündür. Şeir öz zamanına oxşamalı və bütün dövrlərdə öz bədiiliyini qoruyub saxlamalıdır. Bəlkə sərbəst uşaq şerinə geniş yer verməliyik. Bəlkə modern uşaq şeri yaranmalıdır. Bu barədə düşünməyə dəyər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı