Modern.az

Qarabağ müharibəsinin ilk snayper qadını: “Etibar Məmmədova söz verdim ki...” - SÖHBƏT

Qarabağ müharibəsinin ilk snayper qadını: “Etibar Məmmədova söz verdim ki...” - SÖHBƏT

Ölkə

20 İyul 2012, 10:15

“Döyüş paltarını bir də o vaxt geyəcəm ki...”

Əslən Xızıdan olan Növrəstə xanım balacalıqdan təbiətən çılğın, oğlan uşaqları kimi dəliqanlı olub. Elə onunla görüşəndə də zərif xanımsınız deməyimi də heç yaxşı qarşılamadı. Zərifliyi zəifliklə eyni görən keçmiş snayperçi xanım ailənin 9 uşağından ikincisi olub. Deyir ki, məhəllədə, məktəbdə hamının dad etdiyi bir adam var idisə, o da Növrəstə xanım olub. Necə deyərlər, burada mənəm, Bağdadda kor xəlifə deyənlərdən imiş.

“Uşaqlardan kimin sözü xoşuma gəlmirdisə, çırpırdım”

“Ailəmizdə uşaq çox olduğuna görə 9 uşağı saxlamağa imkan yox idi. Anam da məni Mərdəkanda ki, uşaq evinə qoyub. Hətta məni ailəmiz məktəbə belə getməyə qoymurdu ki, qız nədir, məktəb nədir. Yalnız polisin müdaxiləsindən sonra 9 yaşım olduqda məktəbə gedə bilmişəm. Evdə sakit, quzu balası olurdum, ayağımı çölə qoydum, hamı əlimdən qan ağlayırdı. Evdə həmişə özümə qapanıq olmuşam, həm də əsəbi idim, bəlkə də ona görə 15 yaşımdan saçlarım ağarıb. Oğlan uşaqlarının qolunu burub salırdım yanlarına, bir həftə elə gəzirdilər. Halbuki həmin  uşaqların hərəsi bir idman növündən qalib gəlmişdi. Uşaqlardan kimin sözü xoşuma gəlmirdi tinə çəkirdim, Allah kimə verdi-verdi, çırp ki çırpasan. O qədər direktor çantamı alıb ki əlimdən, “valideynin gəlsin, sonra verərəm”. Deyirdim, nə valideyn? Xəstədirlər, qocadırlar, şikəstdirlər. Müxtəlif bəhanələr uydururdum. Mənim bir üzgüçülükdən dərəcəm olmayıb. İdmanın bütün növləri ilə – karate, cüdo və s. məşğul olmuşam. İdman dərəcələrim çox olub. Sadəcə boyum balaca idi.

Orta məktəbdən sonra Bakı Maliyyə Kredit Texnikumunu bitirdim. Daha sonra “Semaşko”da mühasib kimi 9 il işləmişəm. Oradakı ermənilər o zaman məndən o qədər qorxurdular ki! Bilirdilər ki, nəsə desələr, ya döyəcəm, ya da söyəcəm.

Xəstəxanada işlədiyim zaman, 1974-cü ildə atıcılığa getdim. 1975-ci ildə birincilik mənim  oldu. 1990-cı illərdə bir dəfə belə elan gördüm qəzetdə, “qülləli kran maşinisti tələbə qəbul olunur”. 34 yaşım var idi . O zaman kurs keçdim. Beləcə, bu işə keçdim və çox sevirdim. Həm kişi işi idi, həm maaşı, dərəcəsi çox idi”.

“Dedilər ki, 7 avtobus adamı aparıb Nargin adasında boğublar”

Snayper xanım artıq 80-ci illərdən başlayaraq meydan hərəkatının iştirakçıları arasında olub. Deyir ki, 5 dekabr 1989-cu il ilk dəfə rusların camaatı qanına qəltan etmələri tarixi olub. “O hadisədən çəkilən lentləri  cəmi iki dəfə bizimkilər göstərdilər. “Abşeron” mehmanxanasından dan çəkirdilər. Bizə o zaman Nemət demişdi ki, oturun, əli yalın olana atmırlar. Bəxtiyar Vahabzadə isə deyirdi ki, ay camaat, evinizə gedin, yazıqsınız. Asfaltın üstündə oturmuşduq. Rus əsgərləri sübh beşə beş dəqiqə işləmiş birdən-birə bizi sıxdılar və hücuma keçdilər. Onlar altdan təpik, üstdən dəyənəklə bizi vururdular. Necə vurmuşdularsa, paltomdan əsər-əlamət qalmamışdı. Elə ürəklə vururdular ki, elə bil ki, ət doğrayırdılar. 4 tələbə yanımdaca öldü. Ayağa dura bilənləri , yaralıları isə təpik ilə qova-qova aparırdılar. Bizi basdılar avtobuslara. Soruşduq ki, hara aparırsınız, yalandan dedilər ki, Bayıla. 8 avtobus var idi. Mən isə 7-ci avtobusda idim. Mənim sağ qalmağım lap möcüzə oldu”.

“Dedim ki, istəyirsiz məni qanunla aparın...”

Bu hadisələrdən sonra 1992-ci ildə Növrəstə xanım qərara alıb ki, döyüşə getmək lazımdır. “Binəqədidəki Mili Müdafiə Şurasının qərargahına dəfələrlə getsəm də, məni içəri buraxmadılar. Deyirdilər olmaz döyüşə qadınlar getmirlər. Beləliklə vaxt o qədər uzandı ki, Xocalı faciəsi artıq oldu. Dedim ki, istəyirsiz məni qanunla aparın, istəmirsiz Ağdama gedən avtobusa minib özüm gedim. Əlacım kəsildi, dedim heç olmasa Xocalıdan yetim qalmış iki uşaq götürüb saxlayım. O zaman “Qayğı” Cəmiyyətinin sədri Bayram Bayramov idi. Bir şey alınmadı. Yenə getdim Şuranın sədri Etibar Məmmədovun qəbuluna. Mənə dedi ki, axı orada qadın-qız yoxdur. Dedim ki, varlığımı orada kimsə hiss etsə, geri qayıdacam,  istəsəniz məni hərbi tribunala verərsiniz. Beləliklə, 1992-ci il martın 21-də könüllü olaraq snayperçı kimi döyüşə getdim. Martın 23-ü Şuşaya çatdıq. Orada bir dənə də olsun qadın yox idi. Hətta aşpaz da kişi idi”.

Komandir ilk dəfə mənə snayperi verdi və dedi ki, at görək nəyə qadirsən. Düz hədəfi vurdum”.  

“İlk uğuruma görə mənə çay qonaqlığı verdilər”



“Artıq bütün postları gəzib tanıyırdım. Eşitmə qabiliyyətim güclü idi, qaranlıqda da yaxşı görürdüm, yarpaq tərpənəndə bilirdim ki, insan tərpədir, yoxsa quşdur. Komandir həmişə mənə gecəqurdu deyirdi. Postda ilk uğurlu hədəfimi erməni çəlləyini partlatmaqla etmişəm. Silahlara nəzarət edən Qorxmaz dayı ilə yüksəklikdə uzanıb baxırdım, gündüz idi. Axşam postdan çıxmışdım. Qorxmaz dayı dedi ki, həftədə bir dəfə bizim uşaqları vururlar. Qayalıqda olsa, qayalıqdan görünməsə də elə sərrast atırlar ki, tapa bilmirik kimdir. Bir bax gör sənin ağlına hara gəlir? Baxıram, ay Allah, qayalığa burdan necə vura bilərlər... Sol tərəfdən Nəbilər çayı var, orada Daşaltı istiqaməti görünür. Sağ tərəf isə Həm Cıdır düzü görünür, həm də qayalığın aşağısı – üzümlük. Elə qəşəng şumlanmışdı ki. Üzümlüklərin arası da təmiz sahədir, paslanmış çəllək tam qumun altında, bir damcı ağzı açıq tərəfi var. Fikirləşdim ki, orada ot yox, şumlanmış sahədir, bu necə oldu belə ərazidə bir dənə paslı çən qalıb? Bu çəni nəsə heç gözüm tutmadı. Qorxmaz dayı dedi ki, vur. Bir dəfə vurdum, ikinci dəfə də vurdum. Bu zaman oradan bir boğuq partıltı çıxdı. Elə tüstü çıxdı ki, boz, ağ tüstü, şar kimi. Sən demə, oradan ermənilər orda gizlənirmiş... Bunu qeyd etmək üçün Qorxmaz day mənə çay qonaqlığı verdi”.  

“Əsir qızın qışqırtıları hələ də qulağımdadır”  

Növrəstə xanım bizimlə bu atışdan söhbət edərkən birdən-birə ürək ağrıdan ah çəkdi. Səbəbini soruşduqda dedi ki, təəssüf ki, mən snayperlə mövqe tutub, izləyərkən heç də həmişə bu cür ürəkaçan hadisələrlə qarşılaşmamışam. Ermənilərin bizim əsirlərin başlarına gətirdiklərini özüm gözlərimlə görürdüm. Təsəvvür edin əlində snayper ola, amma heç nə edə bilməyəsən. “Üçmıxda olarkən haradan atdıqlarını tapmaq üçün gecə-gündüz eyni yerdə tərpənmədən keşiş çəkirdim. Yeməyimi, içməyimi də gətirib ora verirdilər. Bir gün sübh tezdən gördüklərim məni dəhşətə gətirdi. Bir erməni qadını alnında qara lent, əlində avtomat bizim əsir qızlarımıza əmr verir. 15-16 yaşlarında olan bu qızlar əyilib yerdən qorxa-qorxa göyərti yığıb bir yerə toplayırdılar. Snayperlə atdım, güllə onları tutmadı. Çünki məsafə uzaq idi, həmdə səhər-səhər hava küləkli oldu. Onları elə görəndə o qədər boğula-boğula ağladım ki, gözlərim pərdə gördü.

Ermənilər başqa millətlərdən muzdlu əsgərlər tuturdular. Bunun şahidi olmuşam. Düşmən tərəfdən bir fransız, bir livanlı vurmuşdular. Onların meyitləri qarşılığında Kosalarda 122 əsrimizi geri aldıq”.

Kəşfiyyatdakı uğurlarımız mənim hərbi də son işlərim oldu

Əsgərlər arasında “Xalaqızı” kimi tanınan snayper xanımın növbəti döyüş yeri Ağdam olur. ““Daha sonralar məni kəşfiyyat sahəsində ixtisaslaşdırdılar. Erməni dilini öyrətdilər, yeni çıxan hərbi sursatlar, minanın basdırılması, çıxarılması, zərərsizləşdirilməsini və s. öyrəndik. Kəşfiyyata gedəndə bıçaq və maksimum tapança götürə bilərdik. Bizdən sonra batalyonun hücumu başlayırdı. Qubadlıda, Cəbrayılda, Ağdamda, Zəngilanda olmuşam . 1993-ün dekabrında qardaşımın başına gələn faciədən sonra onun uşaqlarını saxlamaq üçün hərbidən ayrıldım”.

Hazırda “Qarabağ əlilləri və veteranları Cəmiyyəti” nin  sədri olan Növrəstə Yusifova əsgər, döyüşçü formasını o illərdən bəri bir dəfə də olsa geyinməyib. “Niyyət etmişəm, bir də onu döyüşə gedəndə geyinəcəm”.  



Şahanə Rəhimli
Foto: Elçin Ağayev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı