Modern.az “Bu milli qəhrəmanı tanıyırsanmı?” adlı təbliğatı çərçivəsində oxucularımıza Azərbaycanın bütün Milli Qəhrəmanlarının ömür yolunu qısaca da olsa, tanıtmağa çalışır. Xatırladaq ki, Azərbaycanın 210 Milli Qəhrəmanı var, onlardan 19 nəfəri sağdır. Beləliklə, bu Milli Qəhrəmanı tanıyırsanmı?
Maşallah Babakişi oğlu Abdullayev 1950-ci il may ayının 27-də Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olub, səkkizinci sinfədək 1 saylı Goranboy şəhər orta məktəbində təhsil alıb. Sonra təhsilini fəhlə-gənclər məktəbində davam etdirib. 1969-1971-ci illərdə Sovet ordusunda hərbi xidmət keçib. Maşallah Abdullayev 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olub, buranı bitirəndən sonar, 1975-ci ildə təyinatla doğma rayona, vaxtılə təhsil aldığı 1 saylı orta məktəbə müəllim göndərilib.
Goranboy rayonunda erməni quldurlarına qarşı mübarizəyə başlayan ilk könüllü dəstələrin yaradılmasında M.Abdullayevin xidmətləri əvəzsizdir. Bu dəstələrin batalyon şəklində formalaşmasında da onun böyük xidmətləri olub. Keçmiş Şaumyan kəndinin (indiki Ağcakənd) erməni işğalçılarından təmizlənməsində M.Abdullayev də əvəzsiz rol oynayıb. Göstərdiyi cəsarət, qəhrəmanlıq onu həmyerlilərinin gözündə daha da ucaldıb. O, respublikanın keçmiş Ali Sovetinə deputat da seçilib. 1992-ci ildə Maşallah Abdullayevə daha bir çətin və məsuliyyətli vəzifə etibar edilib. O, Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Həmin briqada Tərtər, Goranboy və Yevlax ərazilərinə nəzarət edirdi. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində bu briqadanın əvəzsiz rolu olub.
Mayor rütbəsinəcən yüksələn Maşallah Abdullayev 1992-ci ilin avqustundan 1993-cü ilin iyul ayınadək Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. İgidliyə görə general M.Əsədov adına mükafata layiq görülüb. Ailəlidir. Bir övlad atasıdır.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Abdullayev Maşallah Babakişi oğluna «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib.