Rəsmi kommunist ehkamının bəyan etdiyi “bütün insanlar qardaşdırlar” tezisi sinifi mübarizədə də yeganə vasitə kimi istifadə edilirdi. Təxminən 186 xalqı özündə birləşdirən Sovet imperiyası bu halqanın dağılmaması üçün “Bütün ölkənin proletariatını birləşdirmək” şüarından da istifadə edirdi. Sovet dövrü etnomühitinin bu günə nisbətən daha sabit olması heç kimə sirr deyil. Bütün xalqlara eyni - "Sovet vətəndaşı" prizmasından baxan kommunist ideologiyası etnomühitin sabit durumuna mənfi təsir göstərən amillərdən həmişə yan keçib. Baxmayaraq ki, hər bir etnik azlıq ayrı-ayrılıqda təhlil olunub, onların inkişaf dinamikası nəzərdən qaçırılmayıb. Amma bütün bunlar barədə cəmiyyət heç vaxt məlumatlandırılmayıb. Elə bir şərait yaradılıb ki, milli azlıqları əhatə edən sosial təbəqə də öz növbəsində bu kimi məlumatları mənimsəməyə belə maraq göstərməsin.
Bir az sonra – yəni 90-cı illərdə isə bütün keçmiş ittifaq respublikalarında vəziyyət tamamən fərqli idi. Azərbaycanda da həmçinin… Yəni topluma daxil olan həm türkə, həm də qeyri-türkə ictimai mühitdə yanaşma eyni olub, etniklə, qeyri-etnik arasında fərq qoyulmayıb. Bu nüans istər ölkə qanunvericiliyində, istərsə də sonralar Azərbaycanın qoşulduğu beynəlxalq Konvensiyalarda əsas prinsip kimi götürülüb.
Heydər Əliyev və milli siyasət...
1993-cü ildən sonra milli azlıqların spesifik məsələlərinə ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrildi. Etnik tərkibi müxtəlif Azərbaycanda milli münasibətlər faktorunun vacibliyi daimi nəzərə alındı. Tarazlı milli siyasət kursu, milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərinin həlli Kremlin barmaq silkələməsinə görə deyil, 1994-cü ildən sonra Prezident Heydər Əliyevin iradəsi ilə həyata keçirilirdi. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Bu məqsədlə onlara müntəzəm şəkildə maliyyə yardımları göstərildi. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlə təmin olundular. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitablarının, qəzetlərinin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda və qəzetlərdə doğma dillərində veriliş və materiallar hazırlanmasına şərait yaradıldı, müxtəlif konfessiyaların hamısının sərbəst və azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi.
Hidayət Orucov özünün “Heydər Əliyev və Azərbaycanda milli siyasət” (Bakı, 2001, səh 42) məqaləsində yazır: “Altmış-səksəninci illərdə icazə verilməyən milli siyasət kursu iki aspekti əhatə edirdi: mövcud normalar, münasibətlər daxilində Kreml rəhbərlərinin direktivləri əsasında həyata keçirilən assimilyasiyanın (həm azərbaycanlıların, həm də milli azlıqların) qarşısını almaq, etnik münaqişə üçün hazırlanan zəminə qarşı mübarizə aparmaq. Hər iki aspekti əlaqəli, paralel şəkildə aparılırdı, sonuncu aspektə isə xüsusi diqqət yetirilirdi. Mahiyyətini, məramını elan etməklə müstəqil siyasi kursu həyata keçirmək qeyri-mümkün olduğundan xalqı görülən işlərə inandırmağa istinad edilirdi. Qayğı əyani şəkildə həyatın bütün sahələrində qabarıq nəzərə çarpırdı. Məsələn, Dağıstanla müqayisədə Azərbaycanda yetişmiş, yaşayıb-yaradan ləzgi ziyalılarının sayı dəfələrlə çoxdur. Milli azlıqların nümayəndələri, o cümlədən ləzgilər ictimai-siyasi, milli-mədəni, sosial-iqtisadi həyatın bütün sahələrində təmsil olunublar”.
Qeyd etmək lazımdır ki, Azərbaycandakı azsaylı xalqların tərkibində son illər bir dəyişiklik də müşahidə olunmuşdur: bu da milli etnosların (ləzgi, talış, kürd, tat, və s.) yenidənqurma dövründə milli şüurun və özünüdərk hissinin oyanması ilə bağlıdır. Bu, 1979 və 1989-cu illər siyahıyaalınmasında özünü göstərmişdir. Azərbaycan həmin xalqlar üçün tarixi vətən olmuşdur. Bu etnoslar arasında elələri (buduq, xanalıq, udin) var ki, min illər ərzində Azərbaycanda yaşayaraq, adət və ənənələrini qoruyub saxlamış, dillərini və mədəniyyətlərini inkişaf etdirmişlər.
2001-ci il noyabrın 1-də Prezident Heydər Əliyev Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ilkin hesabatın hazırlanması və təqdim edilməsi barədə Sərəncam imzaladı. Sərəncam bütövlükdə Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına Azərbaycan Respublikasının qoşulmasını nəzərə alaraq və həmin Konvensiyanın müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının öz öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ilkin hesabatın hazırlanması və Azərbaycan Respublikası Hökuməti adından Avropa Şurasının baş katibinə təqdim olunmasını təmin etmək məqsədi daşıyırdı.
Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının öz öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ilkin hesabatının hazırlanması üçün İşçi qrupu da yaradıldı. Qeyd edək ki, İşçi Qrupunun rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfov idi. İşçi Qrupun ölkənin bütün rəsmi strukturlarını təmsil edən 10 üzvü var idi. İşçi qrupuna tapşırılırdı ki, üç ay müddətində bu Sərəncamın 1-ci bəndində göstərilən ilkin hesabatın layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən ilkin hesabatın hazırlanıb baxıldıqdan sonra həmin Çərçivə Konvensiyasında nəzərdə tutulmuş qaydada Avropa Şurasının baş katibinə göndərilməsini təmin etsin.
Moskva dövründə olduğu kimi, ondan sonra müstəqil Azərbaycanda da Heydər Əliyev azərbaycançılıqla yanaşı, beynəlmiləlçilik ruhunu və milli azlıqlara diqqəti müdafiə edirdi. Azərbaycan əhalisinin tərkibində 20-dən artıq xalq, milli azlıq, etnik qruplar yaşayır ki, onlar da müxtəlif dil qruplarına aiddirlər.
Millət vəkili, həm də milli azlığın nümayəndəsi olan Mixail Zabelin “Heydər Əliyev – Ümummilli lider” kitabına (Bakı 2004. Səh-149) təqdim etdiyi məqaləsində yazır: “Bu ölkədə elə milli azlıqlar var ki, onlar sayca cəmi bir neçə nəfəri özündə birləşdirir və kompakt olaraq yalnız bu ölkədə yaşayırlar. Bu etnik qruplardan hər hansı birinin itirilməsi əslində bütün bəşəriyyət üçün əvəzsiz itki olardı”.
Şübhəsiz ki, belə bir təhlükə onlar üçün Azərbaycanda yox idi. Bir sıra beynəlxalq təşkilatlar öz sənədlərində qeyd edirlər ki, azərbaycanlıların onlarla bərabər bir torpaqda yaşayan xalqlara qarşı tolerantlığı etalon hesab edilə bilər. Həqiqətən də bu xalqa məxsus olan mehriban qonşuluq, dini və etnik dözümlülüyü davam etdirməklə mövcud hakimiyyət dillərin, dinlərin, etnik psixologiyaları, ənənələrin inkişafına həmişə böyük önəm vermişdir. Bu gün Azərbaycan radio verilişlərinin ləzgi, talış, kürd, gürcü və digər dillərdə səslənməsi, tat, ləzgi, udin, xınalıq və digər dillərdə dərsliklərin çap edilməsi dövlətin Azərbaycanda yaşayan milli azlıqların hüquqlarının qorunması sahəsində ardıcıl və məqsədyönlü siyasətin davam etdiyini təsdiq edir.
Ölkənin ictimai-siyasi həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara olan marağın artmasına şərait yaradır. İnsan hüquqlarının müdafiəsi, müxtəlif etnos və etnik qrupların saxlanılması yalnız sosial - mədəni deyil, həmçinin siyasi əhəmiyyət daşıyır. Dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir.
Bu gün Quba rayonu ərazisində yerləşən xınalıq, buduq, qrız, kimi, Qəbələ rayonu ərazisində yerləşən Niç kimi, İsmayıllı rayonu ərazisində yerləşən Lahıc və İvanovka kimi, Zaqatala rayonu ərazisində yerləşən Katex və Əliabad kimi, Lerik rayonu ərazisində yerləşən Qosmolyan kimi azsaylı xalqların yaşayış məskənləri açıq səma altında etnoqrafik muzeylərə və turist marşrutlarına çevrilə bilər.
Azərbaycanda ən azsaylı millətlərin nümayəndələri belə icmalarda birləşə, öz mədəniyyət, dil və adət-ənənələrini inkişaf etdirə bilərlər. Onlar heç bir dini və milli ayrı - seçkiliyə məruz qalmırlar. Azərbaycanda üç əsas dini cərəyan – islam, xristianlıq və iudaizm qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərir.
Qəbələ rayonunda azsaylı udin xalqı yaşayır. Onların öz həyat tərzi və tarixləri vardır. Bu millətin nümayəndələri deyirlər: “Tanrı özü dualarımızı eşidərək Heydər Əliyevi bizə göndərmişdir. İndi biz özümüzü azad və sərbəst hesab edirik.”
Millət vəkili Mixail Zabelin “Heydər Əliyev – Ümummilli lider” kitabına (Bakı 2004. Səh-153) təqdim etdiyi məqaləsində davam edərək yazır: “Heydər Əliyev Azərbaycanda normal həyatı bərqərar etmək, millətlərarası sülhə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etmək, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Başqaları buna nail ola bilmədi. Heydər Əliyev isə bacardı. Buna görə də xalq ona Dahi Beynəlmiləlçi, müsəlman dünyasının lideri, “Qafqazın Atası” adını verdi.”
Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində demişdir: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar…”
Və yaxud da Heydər Əliyev deyirdi: “…Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşüdür…” .