Modern.az

Motosiklet fanatları -"Cəhənnəm mələkləri"...

Motosiklet fanatları -"Cəhənnəm mələkləri"...

Ölkə

28 Yanvar 2010, 10:14

Motosiklet mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsi bir və ya ikinəfərlik, qoşqulu vəziyyətdə isə üçnəfərlik olur.

Dünyada ilk motosiklet 1869-cu ildə ABŞ-ın Massaçusets ştatında Silvester Roper tərəfindən icad olunub. Velosipedə bənzər həmin motosikletin mühərriki buxarla işləyib. 1893-cü ildə isə Feliks Millet adlı amerikan bu günkü motosikletlərə daha çox bənzəyən beşsilindirli ikitəkərli nəqliyyat vasitəsi düzəldib. Amma ən mükəmməl mühərrikli motosikletlərin düzəldilməsi fransız ixtiraçılar Mişel və Eugen Verner qardaşlarının adı ilə bağlıdır. Əvvəlki nəqliyyat vasitələrindən fərqli olaraq Verner qardaşlarının ixtira etdiyi motosikletin mühərriki iki təkərin arasında, sürücünün oturacağının altında yerləşdirdilər. Elə o zamandan indiyədək motosiklet istehsalında mühərrik həmişə eyni yerdə yerləşdirilir.

Sonralar motosiklet istehsalında zaman-zaman təkmilləşdirmələr həyata keçirilib. Texnologiyanın inkişafı ilə əlaqədar tədricən müxtəlif markalı yük, gəzinti və idman motosikletləri istehsal edilib. Bu gün dünyada onlarla markada və formada motosiklet buraxılır. Onların arasında bir çoxları daha məşhurdur. Məsələn, «Honda», «Yamaha», «Suzuki», «Kawasaki”, «Harley-Davidson», BMW, «Vespa”, «Piaggio», «Peugeot», «Gilera», «Ducati», «Aprilia», «Hyosung», «Kymco”, «Regal Raptor», «Keeway», «Kanuni» və s. buna misal ola bilər.

Keçmiş SSRİ-də o dövrün məşhur sovet motosiklet  markaları olub-«İJ», «Yupiter», «M-76», «MT». Yeri gəlmişkən, sovet motosikletləri Azərbaycanda da geniş istifadə olunub.

Ümumiyyətlə motosikletlərdən müxtəlif məqsədlər üçün istifadə olunur. Bəziləri onu idarə etməyi özü üçün əyləncə vasitəsi-hobbi sayır. Digərləri ondan yük daşımada, başqa bir qrup isə bir yerdən-başqa yerə getmək üçün nəqliyyat vasitəsi kimi istifadə edir. İkitəkərli nəqliyyat vasitəsi idman sahəsində də geniş tətbiq olunur. Bu gün motosikletlərdən istifadə etməklə müxtəlif idman yarışları keçirilir. Motosikletlə hətta top oynaryırlar ki, futbola bənzər bu idman oyunu motobol adlanır.

Motosikletə hədsiz pərəstiş edən həvəskarlar dünyada baykerlər adlandırılırlar. Adi motosikletçilərdən fərqli olaraq baykerlər motosikletləri öz həyatlarının ayrılmaz hissəsi hesab edir, necə deyərlər onunla nəfəs alırlar. Baykerlər xaraktercə də adi insanlardan fərqlənirlər.

Baykerlər hərəkatı ilk dəfə Amerikada yaranıb və tədricən Avropaya da yayılmağa başlayıb. Bəzi vaxtlarda onlara hətta qeyri-ənənəvi mədəniyyət dəyərlərini özündə əks-etdirən zümrə kimi də yanaşıblar. Onların özlərinə məxsus qayda-qanunları var.

Müxtəlif xarakterə malik baykerləiin özləri də bir neçə qrupa bölünürlər: aqressivlər, kinlilər və s. Dünyada ən tanınmış bayker qrupu «Hells Angels» («Cəhənnəm mələkləri») adlanır. Baykerlər xarici görünüşü də adi insanlardan tamamilə fərqlənir, bu səbəbdən də bəzən baykerlər piratlara bənzədirlər.

Qeyd etdiymiz kimi, onların geyim forması fərqlidir. Baykerlər adətən başlarına bandana (qara və tünd rəngli yaylıq), toxunma kepka qoyur, əyinlərinə üstündə çoxlu metal aksesuarları olan dəri və ya cins gödəkcələr, qolsuz jiletlər, dəri və ya cins şalvarlar geyinirlər. Əksər hallarda onlar uzun saç, bığ, saqqal buraxır, rəngli eynəklər taxırlar. Bəzən motosikletləri idarə edərkən başlarına şlem (xüsusi papaq-baş qoruyucusu) qoyurlar. Hər bir bir bayker klubunun özünəməxsus simvolu olur. Dəri geyimlər adətən soyuq regionlarda daha çox istifadə edilir, isti bölgələrdə isə baykerlər daha çox cins pal-paltar geyməyi xoşlayırlar. İstisna hallarda baykerlər idman paltarında da gəzirlər. Baykerlər arasında ən sayılıb-seçilənlər idarə etdikləri motosikletləri öz əllərilə fantaziyalrına uyğun düzənlənlr hesab edilirlər. Baykerlərin özlərinin düzəltdikləri bu cür motosikletləri onlar «çopper» və «kastom» adlandırırlar. Baykerlərin öz mövsümü var və onlar müxtəlif vaxtlarda kütləvi motoyürüşə çıxmağı xoşlayırlar. Bundan başqa, bayker klubları arasında tez-tez yarışlar, motoşoular keçirilir. «Baykşoular» adlanın bu tədbirlər bayker mədəniyyəti, adət-ənənələri, dəyərlərni təcəssüm etdirir. Əksər hallarda belə şoualar musiqiçilər, striptiz göstərənlər, kaskadyorlarsız keçmir. Həmin mərasimlərdə bolucca spirtli içkilər, xüsusilə də pivə içirlər.

Ümumiyyətlə, baykerlər azad, güclü, amma həm də qanunlara və ictimaiyyətə bir qədər sayğısız yanaşan insanlar kimi ənənəvi kütləvi mədəniyyətə təsir göstərirlər. Baykerlər barədə çoxlu filmlər çəkilib. Onların bir çoxu dünyaca məşhurdur. Məsələn, «Vəhşi», «Vəhşi mələklər», «Təkərlər üzərindəki cəhənnəm mələkləri», «Ağılsız Maks», «Ən cəld indian» filmləri buna misal ola bilər. Baykerlər arasında ağır müsiqi janrlarını (rok, hard-rok, metal) dinləmək dəbdədir. Dünyada baykerlərlə bağlı bir sıra tanınmış musiqi qrupları yaranıb-«E.S.T.», «Ariya» və s. Müasir baykerlər arasında təkcə motosiklet sürmək deyil, həm də kompüter oyunları oynamaq da geniş yayılıb. Onu da qeyd edək ki, bir o qədər də tanınmamalarına baxmayaraq Azərbaycan da baykerlər hərəkatı mövcuddur. Bu motosiklet həvəskarları əsasən Bakı şəhərində yaşayırlar və bəzi vaxtlarda şəhərətrafı ərazilərdə motoyürüşlərə çıxırlar. Azərbaycanlı baykerlər hər aprelin 7-də motoyürüş təşkil etməklə mövsümə start verirlər.

 

  

Adəm Qorxmaz

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?