Modern.az

"Hippokrat andı"ndan imtina...

"Hippokrat andı"ndan imtina...

Ölkə

29 Yanvar 2010, 12:13

İndi çox nadir hallarda həkim xəstəni təmannasız müalicə və yə müayinə edə bilər. Bunu həkimə müraciət edən hər bir kəs yaxşı bilir. Bəzən həkimdən narazı olanlar onları "Hippokrat andı"nı pozmaqda günahlandırırlar. Amma onu da bilmirlər ki, həkimlərin özləri sovet dövründən qalan və əksər müddəalarına əməl edilməyən bu andı gərəksiz anlayış sayırlar. Qədim yunan eskulapı Hippokratın qadağalarına daha dünyanın heç bir yerində əməl olunmur.. Tibb Universitetinin müəllimi Mübariz Allahverdiyev sovet dövründə olduğu kimi, indi də bu ali təhsil ocağını bitirən məzunların “Hippokrat andı” içdiyini deyir: “Buraxıılış gecəsində məzunlar həmin andı insanlıq və vətəndaşlıq andı kimi qəbul edirlər”. Tələbələr deyirlər ki, buraxılış mərasimində məzunlardan biri andı oxuyur, digərləri də onu təkrarlayır.

Professor Adil Qeybulla “Hippokrat andı”nı əhəmiyyətsiz sayır: “Bu, sovet dövründən qalma bir anddır. Təəsüf ki, hazırda Azərbaycanda həmin proses davam edir. Halbuki, “Hippokrat andı”nın müddəaları çoxdan köhnəlib. Elə bu səbəbdən də əksər ölkələrdə onu “Həkimlərin Etikası Kodeksi” əvəz edir.

Biz də vaxtilə Milli Məclisə “Həkim Etikası Kodeksi” adlı layihə təqdim etmişdik”. A.Qeybulla deyir ki, “Hippokrat and”ı mücərrəd bir anddır. Onun hüquqi tərəfi yoxdur. “Bu, kommunizm prinsiplərinə uyğunlaşdırılan abstrakt bir anddır. Nəzərə almaq lazımdır ki, bu and heç vaxt insanı nəyəsə məsul etmir. Xarci ölkələrdə  “Həkimlərin Etikası Kodeksi” həkimlərlə xəstə arasında bütün münasibətləri tənzimləyir. Məsələn, Böyük Britaniyada belə bir qərar qəbul olunub ki, həkim öz xəstəsi ilə 5 il müddətinə ailə qura bilməz. Yəni onlar arsında hansısa şəxsi münasibətlər, hisslər yaransa belə, bu, mümkün deyil. Onlar hansısa təcrübəyə əsalanıb bu qərara gəliblər”.

A.Qeybulla Azərbaycanda “Həkim Etikası Kodeksi”nin qəbuluna ehtiyac olduğunu deyir: “Bu həm də həkim və xəstələrin məsuliyyətini müəyyən edən bir kodeks olar. Kodeksin müəyyən müddəaları pozulduqda, hansısa hüquqi, mənəvi və digər məsuliyyətlər yaratmış olar. Bazar münasibətlərinin yaratdığı yeni bir iqtisadi formata daxil olmuşuq. İndi dəyərlər demək olar ki, dəyişilib. Sovet dövründə əsas götürülən “Hippokrat and”ı indi həkimlərin fəaliyyətinə əsas istiqamətverici və tənzimedici bir mexanizm ola bilməz. O baxımdan, hələlik bu simvolik and davam edir. Ancaq mən bu sahədə çox ciddi bir boşluq görürəm”.

Doğrudan da, "Hippokrat andı"na görə, həkim müalicə və diaqnozla bağlı bütün sirləri qoruyub saxlamalı, abort etməməli, xəstənin öləcəyni ona deməməlidir. Diqqət yetirək, andda deyilir: "Məndən zəhər istəyənə onu verməyəcəyəm... Bir hamilə qadına uşaq salması üçün dərman verməyəcəyəm... Sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm... ”. Amma indi bu müddüalara əməl olunmur.

Hamı bilir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da həkim xəstənin xəstəliyini ağır olsa belə, onun özünə də deyir, müalicə müqabilində pul da alır, arzuolunmaz hamiləlikdən xilas olmaq istəyən qadınları abort da edir. Bir sözlə, qədim yunan həkimi Hippokratın andı müasir dövrlə ayaqlaşmır. Ona görə əksər ölkələrdə həmin andı Həkimlərin Etikası Kodeksi əvəz edir.

Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə əsas ixtisaslar üzrə dpvlət və özlə tibb müəssisələrində 32 mindən çox həkim işləyir. Onlardan 8500-ü terapevt, 4500-ü  pediatr, 3800-ü cərrah, 2500-ü diş həkimi, 2 mini ginekoloq, 1500-ü sanitar-epidemioloqdur. Yerdə qalan həkimlər digər ixtisaslar üzrə fəaliyyət göstərirlər. Ölkə üzrə əhalinin hər 10 min nəfərinə 37 həkim düşür. Rəsmi məlumatlara görə, Azərbaycan Tibb Universitetini hər il 1200-ə yaxın məzun bitirir.

Məntiqlə insan anadangəlmə sağlam doğulmalıdır. Elə buna görə də vaxtilə belə bir atalar məsəli yaranıb: hər kəs 100 il yaşamasa, günah onun özündədir. Amma müdriklərin bu kəlamını müasir dövrə aid etmək çox çətindir. Çünki insan üçün ən vacib olan havanın, suyun, torpağın həddindən artıq çirkləndiyi müasir zəmanədə  sağlamlığımızı qorumaq özümüzdən asılı deyil. Bu səbəbdən də gözləmədiymiz halda xəstələnir və həkimə müraciət etməli oluruq. İndiki dövrdə elə bir insan tapmaq olmaz ki, onun yolu xəstəxanadan düşməsin.

İndi çox nadir hallarda həkim xəstəni təmannasız müalicə və yə müayinə edə bilər.

Rüşvət bir yana qalsın, vay o günə ki, xəstə savadsız həkim əlinə düşə və müalicə səhv istiqamətdə aparıla. Etiraf olunmalıdır ki, Azərbaycanda belə «həkimlər» az deyil...

Günay Musayeva 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?