ARDNŞ-də həyata keçirilən Təqaüd Proqramı davam edir. Şirkət bu proqram çərçivəsində ölkəmizin ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edib. Modern.az-ın məlumatına görə, bu barədə ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.
Təqaüd 2010-cu ilin fevral – iyun ayları dövrünü əhatə edir. Müsabiqədə müəyyən edilmiş ixtisaslar üzrə bütün təhsil dövründə yalnız “yaxşı” və “əla” qiymətlərlə oxuyan tələbələr iştirak edə bilərlər. Qeyd edək ki, təqaüdün aylıq məbləği 70 manatdır. Müsabiqənin şərtlərilə www.socar.az/tehsil.html internet səhifəsində tanış olmaq mümkündür. Müsabiqəyə müraciət 1-21 fevral 2010-cu il tarixləri arasında həmin internet saytı vasitəsi ilə online rejimdə həyata keçirilir. Xatırladaq ki, bir müddət əvvəl 2008-2009-cu tədris ilinin II semestrinin nəticələrinə görə 100 tələbə ARDNŞ təqaüdünə layiq görülmüşdü. Ekspertlərin rəylərinə əsasən, Proqramın həyata keçirilməsi neft-qaz sənayesinə aid ixtisaslara qəbul üçün sənəd verənlər arasında yüksək hazırlıqlı abituriyentlərin xüsusi çəkisini yüksətlməklə yanaşı, tələbələrin elmi-praktiki biliklərə marağını daha da artırır.