Azərbaycanda hər il qadınların iştirakı ilə müxtəlif cinayətlər törədilir. Acınacaqlı hal son illər cinayət törədən qadınların sayının artması ilə bağlıdır. Modern.az-ın Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə istinadən verdiyi məlumata görə, son bir ildə qadınlar tərəfindən 2665 cinayət törədilib, 1987 qadın cinayət məsuliyyətinə cəlb edilib.
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatında bildirilib ki, Azərbaycanda qadın alverilə bağlı məsuliyyətə cəlb edilənlərin də əksəriyyəti elə qadınların özləridir. Ötən il insan alveri ilə bağlı cinayətlərə görə 284 nəfər məsuliyyətə cəlb olunub. Həmin cinayətləri törədənlərin 57,0 %-i (162 nəfər) qadınlar özləri olublar.
Qeyd edək ki, Azərbaycanda məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən qadınlar Bakı şəhəri Xətai rayonunda yerləşən qarışıq rejimli 4 saylı Cəzaçəkmə Müəssisəsində-əhali arasında daha çox «Qadın koloniyası» kimi tanınan həbsxanada cəza çəkirlər.
Ədliyyə Nazirliyi Pentensiar Xidmətin nəzarətində olan müəssisə ona görə qarışıq rejimlidir ki, burada həm ciddi, həm də ümumi rejim altında cəza çəkən məhbus qadınlar saxlanılırlar.
Təqsirləndirilən qadınların törətdiyi cinayətlərin siyahısına qəsdən adamöldürmə, qəsdən sağlamlığa zərərvurma, oğurluq, soyğunçuluq, xuliqanlıq, quldurluq, dələduzluq, rüşvətxorluq, insan alveri, hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, narkotik vasitələrin alqı-satqısı, istifadəsi, daşınması daxildir. «Qadın koloniya»sında körpə uşaqları özündə olan məhbus qadınlar da cəza çəkir. Qanunla qadın məhkumların öz övladlarını 3 yaşına qədər müəssisədə saxlamaq imkanı var. Üç yaşından sonra onları analarından ayıraraq internat məktəblərinə verirlər. Yeri gəlmişkən, 2009-cu ilin martında verilmiş sonuncu amnistiya aktı nəticəsində cəzaçəkmə müəssisəsində saxlanılan 33, dekabrda verilən əfv sərəncamı nəticəsində isə 1 qadın azadlığa çıxıb.
Azərbaycanda qadın məhbuslara ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilmir. Çünki qanun buna imkan vermir. Modern.az