st1:*{behavior:url(#ieooui) }
Modern.az “Bu milli qəhrəmanı tanıyırsanmı?” adlı təbliğatı çərçivəsində oxucularımıza Azərbaycanın bütün Milli Qəhrəmanlarının ömür yolunu qısaca da olsa, tanıtmağa çalışır. Xatırladaq ki, Azərbaycanın 210 Milli Qəhrəmanı var, onlardan 19 nəfəri sağdır. Beləliklə, bu Milli Qəhrəmanı tanıyırsanmı?
Aqarunov Albert Aqarunoviç 5 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Sovet Ordusu sıralarında Gürcüstanda yerinə yetirib və tank komandiri olub. Tərxis olunduqdan sonar Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Albert tank komandiri təyin edilib və Şuşa cəbhəsinə göndərilib. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasının məhv edilməsində qəhrəmanlıq göstərib. Bu qəhrəmanlığına görə, ad-san qazanıb. 8 may 1992-ci ildə səhər tezdən erməni quldurlarının tankları Şuşa istiqamətində görünür, Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edir. Daha sonra o, növbəti sərrast atəşlə yenidən düşmən tankını məhv edir sevincindən məhv etdiyi tanklara baxmaq istəyən Albert snayper gülləsinə tuş gəlir, beləcə igid döyüşçü döyüş meydanında qəhrəmancasına həlak olur. Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi, onun şücaətindən danışmayan yox idi, o dövrdə hərkəs tankını Albert adlandırırdı... Ermənilər onun başına pul mükafatı qoymuşdular. Subay idi. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Vaxtilə tahsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.