Modern.az

Bakıya güclü qar yağıb, məktəblərin tədris prosesi pozulub (fotosessiya)

Bakıya güclü qar yağıb, məktəblərin tədris prosesi pozulub (fotosessiya)

Ölkə

5 Fevral 2010, 10:57

Fevralın 5-nə keçən gecədən başlayaraq Bakıya güclü qar yağır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu cür hava şəraitinin  fevralın 8-dək davam edəcəyini proqnozlaşdırıb. Bu gün səhər saatlarından Bakı küçələrində nəqliyyatın hərəkəti yenidən çətinləşib, yolların təmizlənməməsi səbəbindən əksər marşrutlarda avtobuslar işə çıxarılmayıb. Güclü qar orta məktəblərdə də dərslərin pozulmasına səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün hava şərait kəskinləşəcək, qar yağmaqda davam edəcək. Şimal küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək güclənəcək, gündüz yarımadanın bəzi yerlərində 28-33 m/s-dək şiddətlənəcək, çovğun olacaq. Havanın temperaturu gündüz 2 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq. Fevralın 6-7-də də qar yağacağı gözlənilir. Modern.az xəbər verir ki, bu gün Bakıdakı əksər orta məktəblərdə tədris prosesi pozulub, şagirdlər dərsə gəlkməyiblər. Paytaxtdakı bir sıra orta məktəblərdə istilik qızdırıcılarının olmaması və ya işləməməsi, elektrik enerjisinin kəsilməsi səbəbindən valideynlər uşaqlarını məktəbə buraxmayıblar. 200, 41, 43, 34, 73, 36 saylı və digər orta məktəblərdə dərs keçilməyib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, fevralın 5-də Bakı məktəblərində dərs olmayacaq: “Mən bu gün Bakının bir neçə orta məktəbi ilə əlavə saxladım. Müəllimlər işə gəlsələr də, şagirdlərdən gələn olmayıb. Ona görə də bu gün dərs olmayacaq”.

Lakin nazir hesab edir ki, orta məktəblərdə dərsləri rəsmi dayandırmağa ehtiyac qalmır: “Sabah şənbə günüdür və dərs yoxdur. Güman edirəm ki, birinci günə kimi havalar yaxşılaşacaq və dərslər davam edəcək”.

 

 

 

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?