Adətən Bakı şəhərinə güclü qar hər 6-7 ildən bir yağır. Ona görə də həmişə paytaxta qar yağanda yaşlılar onu təmizlik, sağlamlıq, bolluq-bərəkətliliyin nişanəsi kimi dəyərləndirirlər. Doğrudan da hər tərəfin təmiz və ağappaq qarla örtüldüyünü görəndə, bir anlığa bütün eyiblərin yox olduğunu düşünürsən. Amma elə ki, qarın özü ilə hansı problemlər gətirdiyi ağlımızdan keçir, dərhal sevinc hisslərimiz qəm-qüssə ilə əvəzlənir. Axı paytaxtımızın qarlı qış günlərində ortaya çıxan problemləri saymaqla qurtarmır.
Qarın yağması ilə paytaxtda həyat iflic vəziyyətinə düşdü. Qar Bakı şəhərinin problemlərinin üstünü örtmədi, onları üzə çıxartdı. Yolların buz bağlaması, küçələrin, səkilərin, pilləkənlərin vaxtında qardan təmizlənməməsi, qar suyunun axması üçün kanalizasiya xətlərinin yaxşı işləməməsi şəhər sakinlərini əlavə əziyyətə saldı.
Hamını narahat edən əsas problemlərdən biri həm piyada, həm də nəqliyyatın hərəkət etdiyi yolların vəziyyəti ilə bağlıdır. Qar dayansa da, küçələrin və səkilərin buzu təmizlənməyib. Doğrudur, bu istiqamətdə müəyyən işlər görüldü, amma həmin tədbirləri qənaətbəxş saymaq olmaz. Yaşlı insanlar yaxşı xatırlayırlar, 30-40 il öncə, yolların və səkilərin qar və buzdan təmizlənməsi az qala iməciliyiə çevirilrdi. Bütün idarə və təşkilatların işçiləri, tələbələr, hətta vəzifəli şəxslər belə məcburən təmizlik işlərinə cəlb edilirdi. Amma indi bu müşahidə olunmur.
Bakının buz bağlamış küçələrində 250-dən çox adamın müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanalara müraciət edib. Avtomobil qəzalarının sayı artıb, bu hadisələr nəticəsində ölən və yaralananlar oldu. Yollarda hərəkət çətinləşdiyindən sərnişin nəqliyyatnın işi pozuldu, bundan istifadə edən bəzi sürücülər axşam saatlarında marşrutlarda gedişhaqlarını qanunsuz olaraq artırdılar.
Qarlı günlərdə Bakı məktəblərində istilik sisteminin normal işləməməsi üzündən tədris pozuldu, şagirdlərin davamiyyəti aşağı düşdü.
Mənzillərdə qaz, işıq, su problenmi yarandı, kanalizasiya xətləri dondu. Şəhərin bəzi rayonlarında sakinlər bir neçə gündür içməli su qıtlığından, işığın verilməməsindən hələ də əziyyət çəkirlər. Şaxtaların düşməsi yerin üzündə olan su borularının donmasına səbəb olsa da, «Azərsu» SC problemi vaxtında aradan qaldıra bilmədi. Bu müddətdə isə suyu ya uzaq məsafədən gətirməkdən, ya da pulla almaqdan başqa çıxış yolu qalmadı.
Paytaxt bazarlara çıxarılan bəzi ərzaq məhsullarının qiymətləri bahalaşdı.
Qarın yağmasına sevinən az adam oldu. Onlar da ənənəvi qış qayğılarından azad olanlar, bir də problemlərin nə demək olduğunu hələ anlamayan azyaşlı uşaqlardır. Qış hələ qabaqdadır. Sinoptiklər yenə qar yağacağını proqnozlaşdırırılar. Bu o deməkdir ki, problemlər də davam edəcək. Ümid edək ki, heç olmasa, növbəti qışda ənənəvi problemlər azalacaq, qarın yağmasına sevinənlər daha çox olacaq.
Adəm Qorxmaz