Modern.az

Pensiyalarını plastik kartlarla alanların sayı artıb

Pensiyalarını plastik kartlarla alanların sayı artıb

Ölkə

10 Fevral 2010, 11:45

Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların mühüm həlqəsi olan əmək pensiyalarının plastik kartlarla ödənilməsi sahəsində işlər davam etdirilməkdədir. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində pensiyaların plastik kartlarla ödənişi sferası daha da genişlənib. Belə ki, 2009-cu il ərzində pensiyasını plastik kartla alanların sayı əlavə olaraq 62 563 nəfər artıb. 01.01.2009-cu il tarixə pensiyasını plastik kartla əldə edənlərin sayı 1 057 571 nəfər olduğu halda, 01.01.2010-cu il tarixə bu göstərici 1 120 134 nəfər təşkil edir. Yəni hazırda pensiyaların 97,4 faizinın ödənişi plastik kartlarla həyata keçirilir.

2009-cu il ərzində kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ötən ilin əvvəli ilə müqayisədə kəndlərdə pensiyaları plastik kartla alanların sayı 6  faiz artıb. Əgər 01.01.2009-cu il tarixə olan statistikaya əsasən, ölkə üzrə kənd əhalisinin 88,9 faizi plastik kartla təmin olunmuşdusa, hazırda bu göstərici 94,9 faiz təşkil edir.  Şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

“Qeyd edək ki, əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi daim diqqət mərkəzindədir. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Proqrama əsasən, pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdiriləcək, bankomat və pos-terminallarla təchizat gücləndiriləcək, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadə təmin olunacaq, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq ediləcək”-deyə Fonddan bildirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?